Ərdoğandan Qərbə sərt mesaj – “Putinlə də görüşəcəm, Si ilə də, Modi ilə də...”

Ərdoğandan Qərbə sərt mesaj – “Putinlə də görüşəcəm, Si ilə də, Modi ilə də...”

20 Sentyabr 2022 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına mümkün üzvlüyü barədə açıqlama verib.

Oxuməni.az xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-ın PBS telekanalına müsahibəsində danışıb.

“Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətiniz var. Bu təşkilatda Rusiya, Çin, İran yer alır. Bu, NATO-dan çox fərqli dəyərlərə və məqsədlərə malik bir təşkilatdır. Ölkənizin Şərqin bir hissəsi olmasını istəyirsiniz, yoxsa Qərbin?” sualına Ərdoğan belə cavab verib:

“Bunu çox açıq deməliyəm, biz Şərq və Qərbin yox, dünyanın bir parçasıyıq. Coğrafi baxımdan ölkəmizin böyük bir hissəsi Şərqə aiddir. Qərb hissəsi ayrıdır. Amma Avropa Birliyi 52 ildir bizi boş yerə məşğul edir. Təəssüf ki, 52 ildir Avropa Birliyi bizi üzv qəbul etmir. Avropa Birliyində bizim durumumuzda olan ikinci ölkə yoxdur. Hələ də başımızı qatmağa davam edirlər. Halbuki biz NATO ölkəsiyik. NATO ölkəsi olsaq da, hətta NATO ölkələri də bizi Avropa Birliyi prosesində bizi boş yerə məşğul edirlər. NATO-da verdiyimiz dəstəklə ilk beşliyə daxil olan ölkəyik. Bizim NATO-da belə bir yerimiz var.

Bu qədər güclü mövqeyə malik olan Türkiyənin belə baş qatma taktikası ilə kənarda saxlanması, şübhəsiz ki, bizim üçün çox qəribədir. Belə olan halda istər-istəməz fərqli axtarışlar edə bilərik. Avropa Birliyi bizi 52 il kənarda saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra “Niyə burada görüşdü, niyə orada görüşdü?” deyəcək. Görüşəcəm.

Danışıqlar apararkən, Avropa Birliyi qarşısında hesabat verməyəcəyik. Biz dünyanın bütün ölkələri ilə görüşürük. Mən cənab Si ilə də görüşəcəyəm, cənab Putinlə görüşəcəyəm, cənab Modi ilə də görüşəcəyəm. Mən bütün ölkələrlə danışıqlar aparıram. Çünki hamımız bu dünyanın bir parçasıyıq. Avropa Birliyinə üzv dövlətlərlə görüşlərimiz olanda onlar bizdən “Niyə onlarla görüşmüsünüz?” sualını vermirlər. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrlə necə davranırıqsa, onlarla da eyni davranacağıq”.