“ABŞ Ermənistanı İrana qarşı yönəltməyə çalışır” - Əfşar Süleymani

“ABŞ Ermənistanı İrana qarşı yönəltməyə çalışır” - Əfşar Süleymani

20 Sentyabr 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

“Nensi Pelosinin Ermənistana səfəri elə bir zamanda baş verib ki, bu da ABŞ-dakı Konqres seçkilərindən öncədir. Bu səfərin bir məqsədi ola bilər ki, o seçkilərdə erməni lobbisinin səsini qazansın. Çünki demokrat partiyasının mövqeləri sorğular əsasında hazırda zəifdir. Ola bilsin ki, bu seçkini uduzsunlar və respublikaçılar qazansın. Onun üçün belə bir səfərə əl atıblar. Bu baxımdan, mən səfərin mahiyyətini belə görürəm”.

Oxuməni.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani “Yeni Sabah”a açıqlamasında deyib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri zamanı verdiyi bəyanatları şərh edən Süleymani hesab edir ki, ikinci səbəb Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış durumla bağlı ola bilər:

“Görürlər ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyib. O cümlədən bunu özlərinə fürsət biliblər ki, gəlib öz yerlərini burada bərkitsinlər.

Üçüncüsü isə İran məsələsini ilə bağlı ola bilər. Çünki İranla nüvə sazişi məsələsi (JCPOA) nəticəyə çatmadı və güman olunmur ki, bu, seçkiqabağı öz həllini tapsın.

“İranda hazırda aksiyalar var...”

Məncə, bu səfərin bir səbəbi də var ki, oradan İrana da mesaj göndərir. Çünki onun şəklin qarşısında durub Sasani dövründə ermənilərin müharibəsindən bəhs etməsi də siyasi bir mesajdır. Guya ki, zərdüştlüyü hamıya tətbiq ediblər, amma onlar qəbul etməyiblər və s.

Pelosi də ona işarə edib ki, keçmişdə belə bir hadisə baş verib və buradan İrana bir mesaj var ki, Ermənistandan İrana nəsə ola bilər.

Son hadisələrlə bağlı İranda hazırda aksiyalar var. Ermənistan-Azərbaycan, o cümlədən Zəngəzur məsələləri ilə bağlı fikirlər səslənib. O, Azərbaycan üçün də yaxşı mesaj verməyib və birtərəfli olaraq, Ermənistanın tərəfini tutub. Hətta elan edib ki, hərbi yardım ABŞ-ın nəzərindədir və Ermənistan istəsə, biz hazırıq. Pelosi təqsirkar bilib ki, guya atəşkəsi pozan Azərcabaycandır.

“ABŞ-ın bu məsələdə mövqeyi İranla üst-üstə düşür”

Bu sözlər onu göstərir ki, Pelosi Azərbaycanın xeyrinə nə isə danışmayıb. Heç İranın da xeyrinə heç nə deməyib. O, İranla Azərbaycanı bir yerdə görərək ikisinə də mənfi mesajlar göndərib.

Baxmayaraq ki, Ermənistan sərhədlərinin pozulmasına etiraz bildirib, ad çəkməyib, amma deyib ki, gərək regionda sərhədlər pozulmasın. ABŞ-ın bu məsələdə mövqeyi İranla üst-üstə düşür, çünki İran da bu məsələdə təkid edir.

O ki ABŞ-a, ABŞ-ın özündə seçkiqabağı atmosfer gərgindir. Belə bir vəziyyətdə güman etmirəm ki, ABŞ burada ciddi bir məsələyə əl atsın. Sözünü söyləyir, düzdür, amma əmələ gələndə praktiki olaraq ciddi hesab etmirəm.

Eyni zamanda Konqresin sədrində mən fərqli mövqe görürəm. Yəni Ağ Evin mövqeyindən fərqlidir. Doğrudur, bir partiyadandırlar, düşüncələr müxtəlifdir. Hətta Entoni Blinkenin İlham Əliyev və Ceyhun Bayramovla telefon danışıqları ki, olub, bu baxımdan, hesab edirəm ki, Pelosinin söylədiklərini o qədər ciddiyə alınmasın”.

Ə. Süleymaninin fikrincə regiondakı məsələlər çox mürəkkəb vəziyyətdədir. Çünki Rusiya Cənubi Qafqazdakı mövqeyinin durumu, Ukrayna məsələsi hara çatacaq, ABŞ-İran məsələsi nə olacaq və s.

“ABŞ, eləcə də İsrail İranı qıcıqlandırır”

“Bunların hamısının bir-birilə bağlılığı var. Bu bağlılığın necə olub-olmamasını araşdırmaq lazımdır. Çünki ola bilsin ki, ABŞ-ın planlarından biri də bu ola bilər ki, İranla razılığa gəlməsə, oradan nəsə etsin. Çünki ABŞ, eləcə də İsrail İranı qıcıqlandırır. Onların İranı böyük bir böhranın içinə salmaq üçün planları ola bilər. Necə ki, Rusiyanı Ukraynada bu bəlaya düçar etdilər.

Bir də ki, Pelosi İranla bağlı məsələyə də toxunub və ola bilər ki, Ermənistanı İrana qarşı yönəltsinlər. Əlbəttə, Ermənistan o qədər güclü dövlət deyil, lakin geopolitik baxımdan onlar Ermənistanı öz tərəflərinə çəkib İrana qarşı yönəldə bilərlər. Onu da düşünmək lazımdır. İndi burada əsas Rusiyanın mövqeyi sual altındadır, çünki ruslar o qədər də şəffaf mövqe sərgiləmir. Necə edəcəklər, nə olacaq, bilinmir”.

Politoloq hesab edir ki, burada Türkiyə və NATO məsələsi də var və ABŞ istəyir NATO-nu Qafqaza gətirsin, Azərbaycanı NATO-ya cəlb etsin: “Çünki Türkiyə də NATO üzvüdür. Nə qədər bu gerçək olar, nə qədər olmaz, deyə bilmərəm. Burada türklərin birləşməsi məsələsi də var ki, İranda bəzi şərhçilər bu məsələyə də toxunurlar. Çünki Türkiyə və Azərbaycan Naxçıvan vasitəsilə birləşəndən sonra ehtimal olunur ki, enerji xətti də olsun. Amma buna güman azdır, çünki indi TANAP var, Bakı-Tbilisi-Ceyhan xətləri mövcuddur. Amma belə düşünənlər var ki, oradan da xətt keçsin.

“Bu məsələni Turançılıq adı ilə də qoyurlar ki...”

Bu məsələni Turançılıq adı ilə də qoyurlar ki, türk dünyası Naxçıvan vasitəsilə birləşsin və NATO oraya çəkilsin. Çünki Rusiya zəifləyib və məqsəd Rusiyanın orada yerini tutub daraltmaqdır. Sonra da NATO-Turanizm adıyla İran və Rusiyaya qarşı bir sıra fəaliyyətlər həyata keçirilsin.

Bunlar ehtimallardır və proseslərə baxmaq lazımdır. Çünki Paşinyan Qərb yönümlüdür və Pelosinin səfərində bir sıra hadisələr baş verdi. Ermənistanın KTMT-yə müraciəti yenə də nəticə vermədi. Hətta Putinin İrəvanın küçələrindəki bilbordlarının götürülməsi və əvəzinə ABŞ bayraqlarının sancılması və s. nələrin baş verdiyini göstərir.

Burada ruslardan uzaqlaşmaq məsələsi də var. Çünki Paşinyan KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxmaq istəyir. Çünki o, əvvəl də hakimiyyətdə gələndə bu fikirləri var idi, amma gördü ki, olmur, çünki ruslar orada əsas qüvvədir. Məncə, ruslar hələ də orada qalibdirlər. Çünki Gümrüdə Rusiyanın 102-ci alayı oradadır, eləcə də rus əsgəri Ermənistan sərhədlərini qoruyur. Hətta Rusiyadan qaz da alırlar. Yəni Rusiya hələ də orada qalib və istəyirlər ki, Paşinyana öz diktələrini yeritsinlər.

“Bu mafiyalar Paşinyan üçün böyük təhlükədir”

Həm də orada son mitinqlər də oldu. Koçaryan-Sarkisyan cütlüyü, daşnaklar, siyasi maliyyə mafiyaları var ki, onlar da Paşinyan üçün böyük təhlükədir. Ola bilər ki, ruslar bu işlərdən bəhrələnsin və Paşinyan o qədər də tez öz istəklərinə çata bilməsin. Amma düşünürəm ki, Rusiyanın regionda zəifləməsi Ukrayna məsələsinin uzanmasından asılıdır.

Ümumiyyətlə, ABŞ da o fikirdədir ki, Rusiya hələ də Ukrayanda savaşmalıdır. Onlar həmçinin, Ukraynanı da dəstəkləyir, maliyyə və silah da verirlər. Hətta ukraynanlılar Krımda, Xarkovda, Xersonda bir sıra nailiyyətlər əldə ediblər. Onun üçün mən hesab edirəm ki, Rusiyanı bu durumda görmələri onları cəsarətləndirir ki, Rusiya getdikcə daha da zəifləsin. Rusiya məsələsi bunlar üçün problem olmasın.

Digər məsələlər də var: Qısacası, ABŞ bunları görür və onların planları var ki, nəsə etsin. Amma enerji baxımından Azərbaycan az da olsa, istəyir ki, ixracatını Avropada çoxaltsın. Çünki Avropanın bu enerjinin özünə ehtiyacı var. Yəni bir çox hadisələr qabaqdadır və bunların nə zaman reallaşacığını demək çətindir”.