“Azərbaycan səfirliyinə hücumun arxasında Fransa dayanır”  - Türkiyəli diplomat

“Azərbaycan səfirliyinə hücumun arxasında Fransa dayanır” - Türkiyəli diplomat

20 Sentyabr 10:37
99
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftənin bazar günü Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Rəsmi Bakı Parisdəki səfirliyimizin təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq, Fransaya etiraz notası verib. Hadisə ilə əlaqədar Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb.

Bundan əlavə, Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev isə səfirliyə hücuma görə Prezident Emmanuel Makrona müraciət ünvanlayıb.

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - səfir sosial şəbəkə hesabında yazıb.

Fransa hüquq-mühafizə orqanlarının Azərbaycan səfirliyinə hücuma müdaxilə etməməsi, ermənilərə öz terror əməlllərini törətmək üçün münbit şəraitin yaradılması ortaya ciddi suallar çıxarır.

Paris erməni vandallığına niyə göz yumur?

Oxuməni.az xəbər verir ki,Türkiyənin təqaüddə olan diplomatı, Ankaranın Fransadakı keçmiş səfiri Uluç Özülker Modern.az-a açıqlamasında səfirliyə hücumun Fransada türklərə qarşı ilk hadisə olmadığını deyib:

“Fransada bizlərə qarşı təxribatlar yeni deyil. Mən Fransada səfir olanda da belə hadisələrlə qarşılaşmışıq. Ermənilərin türklərə qarşı irəli sürdüyü qondarma “soyqırımı” vaxtı oxşar hadisələr daha çox yaşanardı. Aprelin 24-də ermənilər səfirliyimizin qarşısına gəlir, pəncərələri qırır, səfirliyə ziyan vururdular. Daha sonra Fransada ermənilərin şəhid etdikləri türk səfirin öldürüldüyü yerə gedib orada təxribat niyyətilə tədbir keçirirdilər. Fransanın iç üzü budur. Orada böyük erməni lobbisi var. Onların sayı həddindən artıq çoxdur, bu şəxslər dövlət orqanlarında hakim vəzifələrə sahibdirlər. Bu da ermənilərin Fransada söz sahibi olmalarına şərait yaradır.

Amma digər diqqət olunası məsələlər də var. Hazırda Fransa və Amerikanın türklərə qarşı təcavüzkar siyasəti davam edir. Bu iki ölkə bütün dünyanı Türkiyəyə qarşı birləşdirməyə çalışır. İndi də bu siyasət Ermənistan üzərindən aparılır".

Sabiq səfirin fikrincə, Azərbaycan və Türkiyənin erməni təxribatlarına qarşı birgə mübarizə aparması vacibdir:

"Bu mövzuda təbii ki, Azərbaycan və Türkiyənin birlikdə iş görməsi önəmlidir. Fransa və Amerika hazırda Azərbaycanın haqlı mübarizəsinə qarşı birləşib. Bunun adına dostluq yox, düşmənlik deyilir. Amma qarşılarına aldıqları dövlətlər də onlar üçün asan rəqiblər deyil. Diqqət etmək lazımdır ki, Azərbaycanın haqlı mübarizəsində İsrail də onun yanında yer aldı. Əgər Ermənistan ağlını başına yığmazsa, Qərblə bu qüvvələr arasında əzilmə siyasətinin qurbanı olacaq. Bu arada Rusiyanın da son vaxtlar Ermənistanın hərəkətlərindən heç xoşlanmadığını demək lazımdır. Rusiyanın yanında Ermənistanın edə biləcəyi bir şey yoxdur. Ona görə də hər kəs ağlını başına toplasın, Cənubi Qafqazda Amerika və Fransanın yeri yoxdur. Hazırda dünyanı qarışdırırlar, amma Cənubi Qafqaza girə bilməyəcəklər”.

Türkiyəli diplomat səfirliyimizə qarşı edilən təxribatı Fransanın oyunu adlandırıb:

“Azərbaycan və Türkiyə xaricdə Ermənistanın mümkün təxribatlarına qarşılıq olaraq birlikdə hərəkət etməlidir. Fransa kimi ölkədə səfirliyə hücum həmin ölkənin böyük uğursuzluğudur. Hər bir səfirliyin təhlükəsizliyi ölkələrin tabeliyi altındadır. Görünən odur ki, Fransa hadisələrə göz yumur, polis ora gələnlərdən əvvəlcədən xəbərdar olur. Bu da o deməkdir ki, Fransa oyunun iştirakçısıdır. Qardaş ölkə səfirliyinə hücumun arxasında məhz Fransa var”.