Medvedev yenidən prezident olmaq üçün canfəşanlıq edir və Putinin qarşısında quyruq bulayır

Medvedev yenidən prezident olmaq üçün canfəşanlıq edir və Putinin qarşısında quyruq bulayır

12 Avqust 10:02
144
Bəyəndim (0) Bəyənmədim (0)

"Medvedev prezident postunda özünü Kremlin əlaltısı kimi deyil, düşmənin tərəfinə keçən partizan kimi aparıb"

"İndi durğunluq dövrü bitib, aqressiv olmaq, qılınc oynatmaq, qələbəyə iddia etmək və önə çıxmaq zamanıdır..."

Jurnalist və yazıçı Mixail Zıqar Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin nədən öz imicini kəskin surətdə dəyişib, "qəflətən, qulyabanı kimi" "liberal"dan "ən qaniçən zülmət daşıyıcısı"na çevriməsi barədə danışıb.

Oxuməni.az xəbər verir ki, bu barədə o, "Şpigel" nəşrinə verdiyi müsahibəsində bəyan edib.

"Medvedevə nə olub?"- jurnalist "Şpiqel" jurnalında dərc etdiyi məqalədə yazıb. Və özü də bu suala cavab verib: "Böyük ehtimalla o, soyuq siyasi mülahizələrlə hərəkət edir".

Məqalədə Zıqar xatırladır ki, Putini prezident postunda dörd il ərzində əvəzləyən Medvedev bəzən özünü Kremlin əlaltısı kimi deyil, "düşmənin tərəfinə keçən partizan kimi" aparıb.

"O, Dumaya onlarla liberal qanunlar təqdim edib. O, həbsxana sistemini humanistləşdirməyə cəhd edib. O, polisdə islahatlara başlayıb. Sistem bu qanunların əksəriyyətini sabotaj edib və ya onun istefasından sonra onları ləğv edib. Medvedev Barak Obama ilə dostluq etməyə cəhd edib. O, Rusiyanın İrana qarşı sanksiyalara qoşulmağa təkid edib və ya Liviyada əməliyyata dəstək verib. Onun üçün Rusiyanın "sivil dünya"nın bir hissəsi olması vacib olub", - jurnalist yazıb.

Zıqar həmçinin hesab edir ki, Medvedev öz siyasi ambisiyalarında ikinci prezidentlik müddətinə getməyə bel bağlayıb.

"2011-ci ilin avqustunda Həstərxanda balıq ovu zamanı "ərəb baharı"ndan, Qəzzafinin qətlindən və Mübarəkin məhkəməsindən sarsılan Putin Medvedevə deyib: "Dima, vəziyyət mürəkkəbdir, sən ölkəni batıra bilərsən". Dima razılaşıb. Mübahisə etməyib, axı, təkcə Putin "batıra bilməz". Mənim mənbələrimə görə, Putin elə həmin söhbətdə Medvedevə vəd edib ki, bu keçid müvəqqəti olacaq və Medvedev öz prezident postuna qayıdacaq", - Zıqar məlumat verib.

Üstəlik, bu ilin əvvəlində Putin yenidən Medvedevə eyham vurub ki, "plan əvvəlkitək qüvvədədir, təkcə güclü siyasətçi olmaq və tarixi məqama uyğun gəlmək lazımdır".

Bax, məhz o zaman yenidən tam hakimiyyətə yiyələnmək üçün "zavallı" birdən "dəhşətə" çevrilib, mədəni Medvedevin "Telegram-kanal"ı fitnəkar kobudluq nümunəsinə çevrilib.

Müharibə başlanandan sonra Medvedev özünün "Telegram-kanal"ında Ukraynanı kəskin tənqid edib, məsələn, Vladimir Zelenskini "təlxək" adlandırıb, həmçinin deyib ki, "bizə, Rusiyaya ölüm arzulayan" "yaramaz və rəzillərə" nifrət edir.

Zıqarın məlumatına görə, Medvedevin ətrafında bu mətnləri özünü müharibə tərəfdarı kimi təqdim etməyə cəhd edən və çoxsaylı əməkdaşları olan heyət hazırlayır. Elə bu komanda da "V kontakte" şəbəkəsində Gürcüstanın Rusiyanın bir hissəsi olması, Qazaxıstanda isə ruslara qarşı soyqırım törədilməsi barəsində post hazırlayıb.

Məqalənin sonunda Zıqar qeyd edib: "Son illər Medvedevin etdikləri onun yenidən prezident postuna dönməsini təmin edəcəyi düşüncəsindən irəli gəlib. Baş nazir kimi o, özünə düşmən qazanmamaq və Putini əsəbiləşdirməmək üçün sakit dayanıb. İndi durğunluq dövrü bitib, aqressiv olmaq, qılınc oynatmaq, qələbəyə iddia etmək və önə çıxmaq lazımdır. Bu, müharibədən sonrakı dövrün soyuq mülahizələridir.

Medvedev bu yarışda tək deyil, lakin hamıdan çox canfəşanlıq edir".