"Ölən hər üç-dörd rusa bir ukraynalı hərbçi düşür " – “Biz uzun və darıxdırıcı müharibəyə hazırlaşırıq”

"Ölən hər üç-dörd rusa bir ukraynalı hərbçi düşür " – “Biz uzun və darıxdırıcı müharibəyə hazırlaşırıq”

1 İyul 09:56
112
Bəyəndim (0) Bəyənmədim (0)

Aqil Rüstəmzadə: "Belarus Ukraynaya qarşı ikinci cəbhə aça bilər..."

“Rusiya sürünmə müharibəsi formasını seçib...”

Tanınmış azərbaycanlı hərbi ekspert, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan pilotu Aqil Rüstəmzadə Ukraynanın Novini.live portalına müsahibəsində cəbhədə hazırki vəziyyəti dəyərləndirib, tərəflərin imkanları, qarşıdakı aylarda situasiyanın necə dəyişəcəyi barədə fikirlərini bölüşüb.

Oxuməni.az müsahibəni oxuculara təqdim edir:

- Cəbhədə hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

- Yaxın bir-iki ay ərzində Ukrayna Qərbdən kifayət qədər silah və sursat aldıqdan sonra silahlı qüvvələr cəbhədə vəziyyəti sabitləşdirməyə çalışacaq. Bu, Şərqdə, qismən Xarkov vilayətində və digər əməliyyat bölgələrində baş verəcək. Ukrayna ordusunun mövqeləri qalaya çevriləcək və rus ordusunun bütün cəbhəboyu irəliləməsi qeyri-mümkün olacaq. O cümlədən Donbassda.

- Qərb silahları hələ yetişmir?

- Hələ yox. Ukrayna ordusu böyük itki verib. Məsələn, 700-ə yaxın artilleriya sistemini itirdi. Bütün bunlar sıfırdan,yenidən qurulmalıdır. Ukrayna Silahlı Qüvvələri atəş gücünü indi mövcud olandan 30-40% artırmalıdır. Hələlik minimum imkanlar var.

- Ukrayna kəşfiyyatına görə ordu avqustda əks-hücuma keçə bilər. Bu tarix nə dərəcədə həqiqəti əks etdirir?

- Silah və sursatların tədarükü dinamikasını nəzərə alsaq, əks-hücumların dəqiq tarixlərini proqnozlaşdırmaq çətindir. Ancaq yerli hərbi sənayeninin istehsalı olanlar daim yenilənir. Genişmiqyaslı fəaliyyət üçün əvvəlcə düşməni hücum imkanlarından məhrum etməlisiniz. Bundan sonra rusların texnika və sursat itkilərinin artması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun avqustun ortalarında və ya sentyabrda başlaması mümkündür. Hər şey silah təchizatının sürətindən asılı olacaq.

- Ukrayna ordusu rus qoşunlarını məğlub etmək üçün nə qədər imkanlara sahibdir?

- Ukrayna dünyanın ikinci ordusu ilə müharibə aparır, döyüşlər Kiyevin kənarından başlayıb və müharibənin dördüncü ayında cəbhənin yerli sektoruna - Severodonetsk və Lisiçanska keçib. Kifayət qədər silah olmadığı üçün Ukrayna ordusu öz əsgərlərinin həyatını qurban verməli olur. Amma indi vəziyyət iki-üç həftə əvvəlkindən qat-qat yaxşıdır. Əvvəl daha çox problemlər yaranırdı.

- Bir çox hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu hələ Ukraynada heç bir məqsədinə çatmayıb. Siz bu fikirləri necə qiymətləndirirsiniz?

- Rusiya ordusunun dünyada ikinci ordu olduğunu bəyan edən beynəlxalq təşkilatlar onun potensialını təyyarələrin, tankların, hərbi personalın sayına görə qiymətləndiriblər. Bu meyarlara görə Rusiya ordusu dünyada ikincidir. Lakin o, döyüş meydanında döyüş qabiliyyətinə və potensialı baxımından çox aşağı nəticə göstərdi. Onun əməliyyatlarda strateji uğur qazanmasına mane olan əsas səbəb isə qoşunların əlaqəsində və koordinasiyalı fəaliyyətində ciddi problemləri ilə bağlıdır.

- Ukrayna ordusu necə döyüşür?

- İki mərhələni biri-birindən ayırmalıyıq. Birincisi, Ukrayna ordusunun cənubda müdafiəsi uğursuz olsa da, düzgün yol seçdi. Bu, simmetrik döyüş üsuludur, yəni şəhərlərdə müdafiə mərkəzlərinin təşkili və rabitədə asimmetrik döyüş növüdür. Nəticədə düşmənin qarşıya qoyduğu bütün strateji məqsədləri yerinə yetirməsinə mane oldu.

İkincisi, Rusiya ordusu birinci mərhələdəki səhvləri nəzərə alaraq, Ukrayna ordusu ilə qarşı-qarşıya toqquşmağa çalışıb. Amma olmadı. İki ay ərzində ruslar cəmi 20-30 km irəlilədilər.

Bu, heç-heçə vəziyyətidir. İndi heç bir tərəf digərini həlledici məğlubiyyətə uğratmağa qadir deyil. Bu, qarşı tərəfin hücum və ya müdafiə qabiliyyətini itirdiyindən xəbər verir.

- Ukrayna ordusu düşməni məğlub etmək üçün nə etməlidir?

- Düşmənin hərbi potensialının ən azı 30-40%-ni məhv etmək lazımdır. Çünki bundan sonra o, müdafiə olunmaq, yaxud hücum etmək qabiliyyətini itirir. Hələlik heç bir tərəf buna nail ola bilməyib.

- Hər iki tərəfin itkiləri nə qədərdir?

- Ölən hər üç-dörd rus hərbçsinə Ukrayna hərbçisi düşür. Rusiya ordusunun itkiləri az-çox obyektivdir - 35 mindən çox ölüb. Amma bu rəqəm ''LDNR'' itkilərini göstərmir. Onların statistikasını heç yerdə görmürük. Ehtimal edə bilərəm ki, orada ən azı 15 min nəfər itki var. (Rusiya tərəfindən 4 aylıq müharibədə həlak olanların ümumi sayı 50 minə yaxındır – red.). Amma rus ordusu sayca çox olduğundan onlar üçün hətta 100 min insan itkisi heç nə deyil. Ancaq Ukrayna üçün 10 min insan böyük potensialdır.

- Ruslar nə qədər hərbi təchizat itirib?

- Onların hələ də çoxlu ehtiyatları var, lakin İttifaq dövrünün bütün silahları istifadəyə hazır deyil. Çox şeyin təmirə ehtiyacı var. Ukrayna isə eyni zamanda müasir və yüksək dəqiqlikli silahlar alır. Gələcəkdə Ukrayna ordusu öz keyfiyyət imkanları ilə Rusiyanın kəmiyyət üstünlüyü arasında paritet yaradacaq.

- Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, avqust-sentyabr aylarından başlayaraq Ukrayna ordusu aqressoru əzməyə başlayacaq. Bu proqnoz hələ qüvvədə qalır?

- Vəziyyət çox dinamikdir. Bu gün Rusiya özünün 150 minlik qoşun qruplaşmasını saxlaya bilir. Sentyabr ayına qədər bu resursları atırmağı bacarar. Ukrayna ordusunun həmin vaxta qədər onları məhv edə biləcəyi sual altındadır. Bunu proqnozlaşdırmaq çətindir.

Payızda Rusiya ordusunun döyüş potensialının aydın qiymətləndirilməsi mümkün olacaq və bu məlumatlar əsasında daha dəqiq proqnozlar vermək olar.

- Putin payızda ölkədə ümumi səfərbərlik edə bilərmi? Və yeni qüvvələri təmin etməyə silah-sürsat ehtiyatları varmı?

— Rusiyada tam səfərbərlik elan etmək mümkün deyil. Səfərbər olan insanlar təkcə əli avtomatlılar deyillər. Onları təmin etməyə tanklar, artilleriya, silahlar, zenit-raket və başqa komplekslər lazımdır. Rusların ordunun sayını 5-10 dəfə artırmaq üçün ehtiyat tapmaq imkanları yoxdur. Bu, vaxtından əvvəl maliyyə və istehsal fəaliyyətləri tələb edir. Bu işi görmək isə sanksiyalar səbəbi ilə problematikdir. Amma buna ehtiyac yoxdur, çünki Rusiya sürünmə müharibəsi formasını seçib.

- Dönüş nöqtəsi nə zaman ola bilər?

- Bu, müharibə üçün istifadə ediləcək düzgün ifadə deyil. Tərəflər təxminən eyni imkanlara malikdir və aktiv döyüş əməliyyatları olmadan bir-birlərini itkilərlə tükəndirməyə çalışacaqlar. Amma rus ordusunun Ukrayna ərazisindən çıxarılması prosesi avqust- sentyabr ayının ortalarından gözlənilir.

- Yəqin, bura ilk növbədə cənub rayonları daxildir?

- Cənubda və Xarkov vilayətində Ukrayna ordusu artıq kiçik hücum əməliyyatları həyata keçirir. Ancaq bu kiçik bir dinamikadır. Xarkov bölgəsində irəliləsəniz də, Severodonetskdə düşmənin hücumu ilə qarşılaşırsız. Cəbhə xətti sabitləşənə qədər hər hansı ciddi davamlı hücumlardan danışmaq tezdir.

-Yaxın zamanlarda Xersonun işğaldan azad ediləcəyi inandırıcıdırmı?

- Bunu iddia etmək böyük səhv olardı. Ukraynanın indi Xarkov vilayətində və digər ərazilərdə düşməni cilovlamaq, hətta Xersonu azad etmək üçün kifayət qədər resursları yoxdur. Bunlar böyük resurslar və sursat tələb edir. Cəbhə xətti 1300 km-dir.

- Bəs Xerson və Mariupolu nə vaxt azad etmək olar

- Sursatın gündəlik istehlakını təmin etmək üçün Avropada ən azı 5-10 fabrikin işləməsi lazımdır. Biz uzun və darıxdırıcı müharibəyə hazırlaşırıq. Böyük əks-hücumlarla həlledici irəliləyişlər gözləmirik.

- Belə fikirlər var ki, ilin sonuna qədər müharibə bitəcək...

- Payıza qədər məlum olacaq, çünki döyüşün nəticəsi çox şeyi müəyyən edəcək. Bu müharibənin başlanğıcı siyasi idi, sonu da belə ola bilər. Amma Rusiyanı buna həvəsləndirmək lazımdır. Hazırda tərəflərdən heç biri hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.

- Ruslar bütün qüvvələrini səfərbər etdiyi Donbassı tam götürə biləcəkmi?

- Rusiya ordusunun Lisiçanskı almaq imkanları aşağıdır. Çünki Slavyansk və Kramatorsk müdafiə mərkəzləridir və onları ələ keçirmək üçün Rusiya ordusu öz imkanlarını ən azı 20% artırmalıdır. İndiki qüvvələrlə onlar bu şəhərləri ala bilməyəcəklər.

- Belarus qoşunları hücuma keçə bilərmi?

- Bunu döyüş meydanındakı vəziyyəti həll edəcək. Əgər Rusiya ordusu böyük uğursuzluqlarla üzləşsə, o zaman məhdud Belarus kontingentinin Ukraynaya qarşı ikinci cəbhə açması mümkündür. Belə bir ssenari var. Amma təkrar edirəm, bu ehtimalı döyüş meydanındakı vəziyyət müəyyən edəcək.

- Rusiya Ukraynanın ərazisinə tez-tez raket zərbələri endirir. Az qala bütün bölgələr risk zonası hesab olunur. Rusiyanın nə qədər raket ehtiyatı qalıb?

- Rusiya Federasiyası özünün ballistik və qanadlı raketlərinin sayını beynəlxalq ictimaiyyətdən gizlədə bilib. İngilislər və amerikalılar təxmini rəqəmləri bilirlər. Amma ehtiyatlar azaldı, bu həqiqətdir. Sovet dövründə istehsal olunmmuş qanadlı X-22-lər də var (1960-1970-ci illərdə istehsal olunub - red.), lakin onların hansı vəziyyətdə olduğu məlum deyil. Raketlər Ukraynanın müharibə boyu yaşayacağı problemdir.