Vaşinqtonda 907-ci düzəlişin aqibəti həll olunur

Vaşinqtonda 907-ci düzəlişin aqibəti həll olunur

27 Aprel 2022 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Çərşənbə axşamı Senatda Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aqibəti məsələsi qaldırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Turan-ın yaydığı məlumatda deyilir.

Məlum olduğu kimi, Konqresin 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul etdiyi bu məhdudlaşdırıcı düzəliş Amerikanın Azərbaycana dövlət yardımı göstərməsini qadağan edir. Amma 2002-ci ildən ABŞ onun tətbiqini dondurub və hər il bu qərarın müddətini uzadırdı.

“Bildiyiniz kimi, 907 illik qərardır. Biz idarələrarası yoxlama aparırıq. Bu yoxlama davam edir”, deyə dövlət katibi Entoni Blinken xarici əlaqələr komitəsinin sədri senator Bob Menendesin suallarına cavabda bildirib.

Bayden administrasiyası 907-ci düzəlişin tətbiqindən 29 aprel 2021-ci il tarixində imtina edib. Növbəti qərarın qəbul edilməsi ərəfəsində bu məsələ yenidən qaldırılıb.

Administrasiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı göstərdiyi səylərdən danışan Blinken deyib ki, o, “həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əməkdaşlıq edib”.

“Bir həftə əvvəl baş nazir Paşinyan və prezident Əliyevlə, eyni zamanda onların xarici işlər nazirləri ilə telefon söhbətim olub. Biz Dağlıq Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanmanı irəlilətməyə çalışırıq və etimadın möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər hazırlayır və irəli sürürük”, deyə Blinken bildirib.

“Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq. Bizim sülh perspektivlərini irəlilətməyə kömək etmək üçün bir sıra proqramlarımız var”, deyə Blinken əlavə edib.