İFŞA ARDINCA İFŞA – Solovyovu kim öldürmək istəyirdi və Putin “FSB”-si bunun qarşısını necə aldı?...
Hazırda Rusiyada baş verənlər belə təəssürat yaradır ki, Ukraynanı işğal planının uğursuzluğa düçar olması səbəbindən təkcə Kreml və ordu rəhbərliyi deyil, bütün dövlət strukturları, o cümlədən də rəsmi təbliğatın gecə-gündüz tərifini göylərə qaldırdığı və Putinin “doğma yuvası” sayılan “FSB”(Federal Təhlükəsizlik Xidməti) də başını itirib. Bunu son olaraq, “FSB”-nin Kremlin təbliğatçısı sayılan və öz həyasızlığı, eyni zamanda da primitivliyi ilə ad çıxarmış Vladimir Solovyova qarşı guya sui-qəsd planını ifşa etmə əməliyyatı da sübut edir.
Ötən gün Putin rəsmən elan etdi ki, onun xüsusi xidmət orqanları hansısa “tanınmış jurnalist”ə qarşı sui-qəsdin qarşısını alıblar və Kremlin sahibi bu cinayətin təşkilində təbii ki, Ukraynanı ittiham etdi. Dərhal Federal Təhlükəsizlik Xidməti açıqladı ki, söhbət Solovyovdan gedir. Ardınca, “əməliyat”ın görüntüləri və detalları yayımlandı. Məlum oldu ki, Solovyovu Kiyevin tapşırığı ilə öldürmək istəyən hansısa “National Socialism/White Power” adlı neonosist təşkilatının “killeri”dir. Putin hətta əllərində “təkzibolunmaz faktlar”ın olduğunu da bildirdi. Lakin qısa müddət sonra bəlli oldu ki, həmin “təkzibolunmaz faktlar” növbəti primitiv saxtakarlıq nümunəsindən başqa bir şey deyil. Bir neçə il əvvəl Sergey Skripalın İngiltərədə zəhərlənməsi əməliyyatında olduğu kimi, bu əməliyyatda da çoxlu sayda biabırçı səhvlərə yol verilib.
Xatırladaq ki, həmin uğursuz əməliyyatın ifşa edilən icraçıları - Başirov və Petrov kod adlı FSB agentlərinin pasportlarındakı (təbii ki, saxta pasportlardan söhbət gedir-red.) yaşayış ünvanları belə eyni göstərilmişdi. Hansı ki, onlar İngiltərə tərəfinə ayrı-ayrı yerlərdən gəlmiş rus turistləri kimi təqdim olunmuşdular. Yəni, FTX-da heç olmasa bu agentlərin ünvanlarını fərqli yazacaq qədər ağıla malik adam tapılmamışdı. Bu da azmış kimi, özlərini və rus xüsusi xidmət orqanlarını biabır edən bu agentlərə hətta sonradan “Rusiya qəhrəmanı” adı verilmişdi...
Belə görünür ki, “Solovyov əməliyyatı”nı təşkil edənlər də xüsusi istedadları ilə seçilməyiblər. “Əməliyyat”la bağlı rəsmi məlumatda deyilir ki, jurnalistə qarşı sui-qəsd hazırlayanlardan partlayıcılar, tapançalar, tüfənglər, 1000 ədəd(!) güllə, narkotik maddələr, neonosist ədəbiyyatı, saxta Ukrayna pasportu və hətta “Molotov kokteyli” tapılıb. Təbii ki, bunun qurama iş olduğu Rusiyaya və onun xüsusi xidmət orqanlarına bələd olanlara gün kimi aydındır. Lakin göründüyü kimi, bu qurama işi də normal quraşdıra bilməyiblər.
Belə ki, məsələn, “terrorçu”nun əlilə neonosist kitabın küncündə dostuna yazdığı balaca ismarıcda deyilir: “Ən çətin zamanlardakı əvəzsiz dəstəyə görə çox sağol. Öldür ki, yaşayasan. Yaşa ki, öldürəsən... İmza anlaşılmaz olmalıdır”. Bu balaca mətndəki biabırçı səhv dərhal mətbuatın diqqətini cəlb edib. Mətni hansısa “FSB” əməkdaşının “terrorçu”ya diqtə etdiyi açıq-aydın görünür. Belə ki, sondakı “imza anlaşılmaz olmalıdır” ifadəsini “terrorçu” necə eşidibsə, elə də yazıb. Söhbət ondan gedir ki, burada “terrorçu”ya mətn diqtə olunarkən, sonda “anlaşılmaz, oxunmaz şəkildə imza atması” tapşırılır. O isə bunu mətnin davamı kimi anlayaraq, “imza anlaşılmaz olmalıdır” cümləsini sonda yazıya əlavə edib.
Əməliyyatın biabırçı formada saxtalaşdırıldığını təsdiqləyən digər çoxsaylı məqamlar da var. Məsələn, bir nəfərə qarşı sui-qəsd hazırlayan adamın 1000 ədəd gülləyə nə ehtiyacı var? Üstəgəl, belə çıxır ki, Solovyovu öldürmək üçün partlayıcı ilə bərabər tapanca, tüfəng, hətta “Molotov kokteyli” də lazım imiş. Sanki bu adama bir nəfəri öldürmək yox, hansısa qəsəbəni ələ keçirmək tapşırığı verilib. Ya da “FSB” demək istəyir ki, Solovyovun canı “it canı”dır və onu bomba ilə partladandan, “Molotov kokteyli” ilə yandırandan sonra hələ 1000 ədəd güllə ilə də güllələmək lazımmış ki, bəlkə, nəhayət, gəbərdə bilsinlər...
Ən qəribəsi isə “Molotov kokteyli”dir ki, tarixdə ondan heç bir “killer” istifadə etməyib, çünki bu “silah”dan adətən tanklara, hərbi avtomobillərə qarşı istifadə olunur. Yaxud olsun neonosist ədəbiyyatı. Belə çıxır ki, sui-qəsdə hazırlaşan “killer” əvvəl neonasist ədəbiyyat oxuyur, “maariflənir” və sonra həmin kitabdan “ruhlanaraq”, əməliyyata başlayır...
Saxta Ukrayna pasportuna gəlincə, bu da müəmmalıdır. Rusiya ərazisində, xüsusilə də güclü mühafizə olunan Moskvada hansısa terror aktı planlaşdıran şəxsin saxta Ukrayna pasportuna nə ehtiyacı var? Axı, o, Ukrayna yox, Rusiya ərazisindədir. Yenə saxta Rusiya pasportu olsaydı, anlamaq olardı. Rusiyada saxta Ukrayna pasportu gəzdirmək nəyə yarayır, onu hansı rus polisinə göstərmək olar?...
Qısası, “Solovyov əməliyyatı” rus “FSB”-sinin növbəti biabırçılığından, iflasından başqa bir şey olmadı. Onun şəxsən Putin tərəfindən bir uğur kimi elan və təqdim olunması isə həmin iflasın miqyasını daha da artırmış olur. Ümumiyyətlə, bəzən elə təsəvvür yaranır ki, Rusiyada ordudan tutmuş xüsusi xidmət orqanlarına qədər bütün güc strukturlarını qəsdən gözdən salan, biabır və ifşa edən hansısa qaranlıq əl var. Ya da bu strukturların elə “qabında olanı” budur. Ancaq tanınmış mütəxəssislərin və bu orqanlarda çalışmış şəxslərin əksəriyyəti ikinci variantı daha doğru hesab edirlər...
Kreml təbliğatının növbəti şouya çevirdiyi “Solovyov əməliyyatı” barədə danışan Ukrayna Prezident Ofisi rəhbərinin sözçüsü, hərbi ekspert Aleksey Arestoviç isə deyib: “Əgər bizim Moskvada hədəf seçmək imkanımız olsaydı, bu hədəf yəqin ki, Solovyov olmayacaqdı. Çünki Solovyova onsuz da hamı gülür və heç kim inanmır. Əksinə, o, Rusiyanı, onun təbliğatını o qədər gözdən salır ki, bizə onu öldürmək yox, qorumaq lazımdır...”
Xatırladaq ki, Putinin özü də bugünkü biabırçı “əməliyyatlar”ı hazırlayan “çekist məktəbi”nin yetirməsidir. Elə onun hazırda siyasi və hərbi səhnədə törətdikləri də həmin bu məktəbin səviyyəsizliyini, çürüklüyünü, amansız olduğu qədər də kobud, primitiv, saxta və yaramaz mahiyyətə malik olduğunu təsdiqləyir...AzPolitika.info