Qazaxıstandan gözlənilməz zərbə - Kreml Lavrovu hərəkətə gətirdi

Qazaxıstandan gözlənilməz zərbə - Kreml Lavrovu hərəkətə gətirdi

25 Aprel 2022 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya Xarici işlər naziri Sergey Lavrov Çin və Hindistan səfərlərində istədiyi nəticəni əldə etmədikdən sonra Mərkəzi Asiyadakı həmkarlarını Moskvaya çağırmağa başlayıb. Moskva hesab edir ki, Pekin və Dehli Rusiyanın mövqelərini bölüşməlidir. Halbuki Çin və Hindistan Ukraynada işğalçı müharibədən məsafə saxlamağa çalışırlar. Artıq Qazaxıstan Xarici İşlər naziri Muxtar Tluberdi bir neçə gün əvvəl Moskvada rusiyalı həmkarı Lavrovla görüşüb”.

Oxuməni.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə vurğulanıb ki, Qazaxıstan da Çin və Hindistan kimi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləmir, hətta qazaxıstanlı rəsmilər Qərbin sanksiyaları ilə hesablaşdıqlarına dair fikirlər səsləndiriblər:

“Bu, Moskvanı narahat etməyə bilməz. Kreml hesab edir ki, Qazaxıstan Rusiyanın müttəfiqidirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvü kimi Moskvanın planlarını dəstəkləməlidir. Digər tərəfdən Kremlə görə, Qazaxıstanın Rusiyaya borcu var. Qazaxıstanda yanvarın əvvəllərində qiymət artımına qarşı etirazlar olmuşdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində vəziyyəti sabitləşdirmək üçün KTMT-dən dəstək istəmişdi. Rusiya və təşkilatın digər üzvləri hərbçilərini Qazaxıstana göndərdilər. Həmin qüvvələrin vəziyyətin sabitləşdirilməsində xüsusi rolu olmasa da, Kreml Astanaya dəstəyin həlledici olduğunu düşünür. Buna görə Kreml hesab edir ki, Rusiyanın Ukraynada apardığı işğalçı müharibədə Qazaxıstan ona dəstək verməlidir. Halbuki Astanada fərqli düşünürlər.

Buna baxmayaraq, iki ölkənin xarici işlər nazirlərinin Moskva görüşündə strateji tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstanla tərəfdaşlığa mane olmamalıdır. Bu, Moskvanın Astanaya mesajıdır ki, Astana Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə strateji tərəfdaşlıqdan uzaqlaşmamalıdır. Nursultan bunun əvəzində Rusiya ilə Qərb arasında vasitəçi ola biləcəyini təklif edib. Kremlin isə belə vasitəçiyə ehtiyacı yoxdur.

Tokayev iyun ayında Rusiyaya səfər etməlidir. O, Sankt-Peterburqda ənənəvi beynəlxalq iqtisadi forumda iştirak edəcək. Halbuki forumu artıq “beynəlxalq” adlandırmaq çətindir. Qərbin Rusiyaya qarşı sərt sanksiyaları fonunda Qərbin iri şirkətlərinin iqtisadi forumda iştirakı gözlənilmir. Bütün hallarda Kreml Qazaxıstan yanında saxlamağa çalışır”.

Məqalədə bildirilib ki, Nursultan Moskvanın istəyi ilə ABŞ və Avropa ilə münasibətlərini zəiflətməyəcək:

“Qazaxıstan prezident administrasiyası rəhbərinin müavini Timur Süleymanov aprelin 1-də verdiyi müsahibədə bunları demişdi: “Biz Qərbin sanksiyalarını nəzərə alacağıq. Qazaxıstan Rusiya və Belarusla eyni iqtisadi məkanda olsa da, beynəlxalq birliyin tərkib hissəsidir. ABŞ və Avropa İttifaqının Qazaxıstana qarşı sanksiya tətbiq etməsini istəmirik”.

Şübhəsiz bu yalnız Timur Süleymanovun fikri deyil. O, Qazaxıstan hakimiyyətin ümumi fikrini ifadə edib. Təsadüfi deyil ki, Xarici işlər naziri Muxtar Tluberdi də açıqlamalarının birində ölkəsinin Luqansk və Donetsk separatçılarını tanımayacağını vurğulamışdı.

Qazaxıstan Çin və Hindistanla eyni mövqedən çıxış edir. Pekin və Dehli beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs verməsələr də, Qərbin sanksiyaları fonunda Rusiya ilə iqtisadi münasibətlərdə ehtiyatlı mövqe tutmağa başlayıblar, Moskva ilə yeni müqavilələr imzalamırlar.

ABŞ Rusiyanın Mərkəzi Asiyada fəallığına seyirçi qalmayıb. ABŞ dövlət katibinin köməkçisi Qzra Zeya aprelin ortalarında Qırğızıstan və Qazaxıstana səfər edib. O, Qazaxıstanda olarkən iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Amerikalı diplomat Qazaxıstanda həyata keçirilən islahatlarla tanış olub. Bundan başqa, amerikalı diplomat Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə Qazaxıstan hakimiyyətini məlumatlandırıb. Vaşinqton bununla Qazaxıstan hakimiyyətinə başa salmaq istəyib ki, Nursultan bu sanksiyaları nəzərə almasa, Qazaxıstan iqtisadiyyatı və şirkətləri üçün ciddi problemlər yaranacaq.

Vaşinqton Mərkəzi Asiyada mövqelərinin gücləndirilməsi baxımından Qazaxıstanla əlaqələrə və dialoqa üstünlük verir. Vaşinqton Tokayev hakimiyyətini legitim hesab edir. Halbuki Vaşinqton yanvarın əvvəllərində Qazaxıstanda baş verən hadisələrdə bir qədər seyrçi mövqedən çıxış edirdi. Ancaq Vaşinqtonda anladılar ki, Tokayevin legitimliyini tanımasalar Qazaxıstan Rusiyadan asılı vəziyyətə düşəcək”.

Məqalədə qeyd edilib ki, Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Kremlin istəyi ilə Vaşinqtonla sıx əməkdaşlıqdan imtina etməyəcək:

“Qazaxıstan xarici işlər nazirinin müavini Akan Rəhmətullin amerikalı diplomatla görüşdə bildirib ki, Qazaxıstanın Rusiya ilə minlərlə kilometr sərhədi olsa da, sanksiyaları nəzərə almaya bilməz. Rusiyada olduğu kimi Qazaxıstanda da məhsulların qiymətləri qalxıb.

Qazaxıstanlı diplomat amerikalı rəsmi ilə görüşdə sanksiyalarla bağlı bütün suallara cavab aldıqlarını bildirib: “ABŞ anlayır ki, Qazaxıstan sanksiyalarla hesablaşır və iqtisadiyyatımız zərər görməməlidir. Bu istiqamətdə Vaşinqtonla gələcəkdə də əməkdaşlığı davam etdirəcəyik”.

Beləliklə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə Qazaxıstan üçün də çətinliklər yaradıb. Qazaxıstan hakimiyyəti balanslaşdırılmış xarici siyasət aparmağa çalışsa da, hər tərəfdən təzyiq altındadır. ABŞ və Avropada hesab edirlər ki, Kreml Rusiyaya qarşı sanksiyaların təsirini azaltmaq üçün Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın imkanlarından istifadə edəcək, bank əməliyyatlarını bu ölkələr vasitəsilə həyata keçirməyə çalışacaq. ABŞ və Avropa İttifaqı bu barədə Mərkəzi Asiya hakimiyyətlərini xəbərdar ediblər.

Eyni xəbərdarlıq Qırğızıstana da edilib. Bu ölkənin Prezident Sadır Japarov da qazaxıstanlı həmkarı kimi Rusiyanın işğalçı müharibəsindən məsafə saxlayır. Qırğızıstan aprelin 11-də Ukrayanaya humanitar yardım da göndərib. Qırğızıstan Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə saziş imzalamağa hazırlaşır. Bu səbəbdən Qırğızıstan da Qazaxıstan kimi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını nəzərə almaq məcburiyyətindədir”