PUTİN TƏKLƏNİR... - Rusiya elitası Ukraynada baş verən xaosdan getdikcə daha çox narazıdır

PUTİN TƏKLƏNİR... - Rusiya elitası Ukraynada baş verən xaosdan getdikcə daha çox narazıdır

23 Aprel 2022 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya elitası hazırda Ukrayna ərazisində baş verən xaosla bağlı artan narazılığını getdikcə daha çox nümayiş etdirir. Bəzi yüksək vəzifəli məmurlar hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsi böyük səhv olub.

Oxuməni.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən xəbər verir.

"Hələlik hakimiyyətdə olanlar arasında tənqidçilər o qədər də çox deyil. Amma belələri həm hökumətdə, həm də dövlət şirkətlərində var. Onlar hesab edirlər ki, Ukraynaya hücum böyük səhv olub", - deyə bizneslə məşğul olan on nəfər “Bloomberg” agentliyinə bildirib.

Onlar hazırda Vladimir Putinin kursunda dəyişiklik görmürlər. Eləcə də Putinin Rusiyadakı gücünün təhlükə altında olduğunu da görmürlər. “Bloomberg” xəbər verir ki, bəziləri həmçinin Putinin Ukraynada nüvə silahından istifadə edə biləcəyi ilə bağlı ABŞ kəşfiyyatı rəsmilərinin narahatlıqlarını bölüşdüklərini bildiriblər.

Rusiya elitası rəsmi olaraq Qərblə münaqişənin qaçılmaz olduğu və Rusiya iqtisadiyyatının Moskvaya qarşı tətbiq olunanan sanksiyalara uyğunlaşaması ilə bağlı Kremlin mövqeyini dəstəkləyir. Buna baxmayaraq, Rusiya elitasında bir çoxları ölkənin istər-istəməz ciddi iqtisadi tənəzzülə gətirib çıxaracaq onilliklər ərzində təcrid olacağından narahatdırlar.

"Vacib Kreml rəsmiləri Putinə izah etməyə çalışırlar ki, sanksiyalar Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərəcək. Putin bu xəbərdarlıqlara məhəl qoymur və Qərb ölkələrinin ona başqa seçim yolu qoymadığını iddia edir. Putin ictimaiyyətin onu dəstəklədiyinə əmindir", - deyə məsələ ilə yaxından tanış olanlar bildiriblər.

"Putin öz rejimini əsasən ictimaiyyətin dəstəyi üzərində qurub. Bu, ona elitaya nəzarət etməyə imkan verir. Hər kəs prezidentin göstərişlərinə sözsüz əməl etməlidir", - deyə Rusiya siyasəti üzrə ekspert Tatyana Stanovaya bildirib.

Mənbələrin verdiyi xəbərə görə, Putinin yaxın çevrəsindəki insanların sayı getdikcə azalır. Müharibənin başlaması barədə qərarı Putin və aralarında müdafiə naziri Sergey Şoyqu, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev olmaqla bir neçə yüksək rütbəli məmur vermişdi.

Ukraynada müharibə başlayandan sonra Rusiyanı yalnız bir mühüm məmur tərk edib - Anatoli Çubays. Bəzi aşağı səviyyəli məmurlar isə böyük siyasətlə bağlı olmayan vəzifələrə köçürülmələrini xahiş ediblər.

Rusiya xüsusi xidmət orqanları üzrə ekspert Andrey Soldatovun sözlərinə görə, FTB kəşfiyyatının bir çox zabiti Putindən narazıdır, çünki Rusiya Ukrayna ərazisində böyük itkilər verir. Bəzi rus maqnatları da müharibəyə tənqidi yanaşır, lakin onlar heç vaxt Putinin ünvanına birbaşa tənqidi fikir söyləməyiblər.