
SEPAH generalı hədələdi – “Qisasımızı alacağıq, bunu Xameneyi də deyib”
İran ABŞ-ın Tehrana bəzi güzəştlər müqabilində sanksiyaları ləğv etməyi və İraqda öldürülən Qasım Süleymaninin qisasını almaq istəyindən imtina etməyi təklif etdiyini açıqlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlarından biri, general Əli Rza Təngsirinin çıxışında bildirilib.
General “Qüds” qüvvələrinin komandanı Süleymaninin ABŞ-ın hücumunda öldürülməsi və İranın buna görə qisas hədəsini xatırladıb:
“İndi də onlar Qasımın qisasından əl çəksək, bəzi sanksiyaları ləğv edəcəklərinə və bəzi güzəştlərə gedəcəkləri mesajları verirlər, amma bunlar sadəcə boş xəyallardır”.
General İranın dini lideri Əli Xameneyinin qisasla bağlı açıqlamasına da diqqət çəkib:
“Həm rəhbər (Xameneyi) qisasın alınacağını vurğulayır, həm də İnqilab Keşikçiləri Korpusunun komandanı (Hüseyn Səlami) qisasın alınmasının qaçılmaz olduğunu, amma bunun yerini bizim müəyyənləşdirəcəyimizi bildirir”.
Qasım Süleymanı 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ hərbçilərinin xüsusi əməliyyatı ilə öldürülüb.