Türk generaldan şok açıqlama – “İrandan gələn təhlükəni məhv etməliyik”
İranın PKK terrorunu kozır kimi istifadə etməyə davam etdiyini deyən general vurğulayıb:
“Suriyadan sonra ən böyük təhdid İran sərhədidir. İran-Türkiyə sərhədinə nəzarət həyati əhəmiyyət kəsb edir. Bu, Qəndilin məhv edilməsi qədər vacibdir. Ya Tehranla siyasi-diplomatik əlaqələr, ya da təhlükəsizlik tədbirləri ilə bu təhlükəni aradan qaldırmalıyıq. Bu addım İran faktorunun aradan qaldırılması baxımından çox vacibdir”.
Türkiyə ordusunun Şimali İraqda PKK terror təşkilatına qarşı “Pəncə-Kilid” əməliyyatı bütün sürəti ilə davam edir.
Oxuməni.az xəbər verir ki, Türkiyə ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin təqaüddə olan briqada generalı Abdullah Kılıçarslan antiterror əməliyyatını dəyərləndirib.
Şimali İraqın terror hövzəsi olmaqdan çıxdığını qeyd edən Kılıçarslan bildirib: “Artıq bölgəyə ağır silah belə daşıya bilmirlər. Çünki burada özlərini təhlükəsiz hiss edəcək yerləri yoxdur. Hazırda türk qüvvələri 19 nöqtədə baza qurub. Son əməliyyatla əvvəllər müəyyən olunmuş və kritik əhəmiyyət kəsb edən nöqtələr məhv edilib”.
Abdullah Kılıçarslan türk ordusunun bu əməliyyatla terrorçuların yay dövrü üçün hazırlıqlarını pozduğunu söyləyib:
“Təhlükəsizlik qüvvələrimiz əvvəlcə terrorçuların ölkədəki mövcudluğuna son qoydu. Sonra sərhəd xəttimizdə bufer yaratdıq və İraq daxilindəki nöqtələr məhv edildi. İraqın şimalı artıq terror təşkilatı üçün təhlükəsiz ərazi deyil. Əvvəllər qaçaqmalçılıqdan, xüsusən də narkotik və neftdən böyük gəlir əldə edirdilər. İndi bu fürsəti tamamilə itiriblər.
Onların hərəkət zonaları məhdudlaşdırılıb və İranın himayəsi ilə Qəndilin ətəklərində varlıqlarını davam etdirə bilirlər. Suriyanın şimalında və şərqində yaradılan terror dəhlizi hazırda Türkiyə üçün təhlükədir. Çünki PKK tərəfdarları artıq Qəndilə getmirlər. Onlar açıq şəkildə Qamışlıda silah, pul, texnika, maşın və sursat yardımı etdikləri terror liderləri ilə görüşürlər. Ona görə də qlobal aktorların oyununu pozacağımız addım Suriyanın şimalına üz tutaraq təhlükəni aradan qaldırmaq olacaq”.
General terrorçuların İraqda gizlənməyə yerlərinin qalmadığını bildirib:
“İraqda terrorun belini ciddi şəkildə qırırıq. Suriyada isə vəziyyət əksinədir. Bütün qüvvələrini ora yönəldirlər. Suriya nefti onların əlindədir. Bu səbəbdən əsas strategiyamız Suriya olmalıdır. Onlar əvvəllər ələ keçirdikləri Suriya neftini Aralıq dənizinə çıxarmaq planı qurmuşdular. Kritik əməliyyatlarımızla bu planı pozduq.
İndi biz bütün işğal olunmuş əraziləri, o cümlədən Qamışlı, Ayn əl-Ərəb, Mənbic, Ayn İsa və Raqqanı təmizləyəcək formula diqqət etməliyik. Bu məqamda beynəlxalq legitimlik və əməliyyatın təhlükəsizliyi baxımından Dəməşqlə əməkdaşlıq etməliyik. Ordumuzun Suriyadakı o əraziləri çox qısa müddətdə təmizləmək imkanı var.
Əməliyyatın yeganə çətin tərəfi terrorçularla mülki şəxsləri ayırd etməkdir. Bu baxımdan, dünyanın ən yaxşı ordusuyuq. Əhəmiyyətli olan sahəyə nəzarətdir”.
Abdullah Kılıçarslan İranın terrorçulara verdiyi dəstəyə də diqqət çəkib.
İranın PKK terrorunu kozır kimi istifadə etməyə davam etdiyini deyən general vurğulayıb:
“Suriyadan sonra ən böyük təhdid İran sərhədidir. İran-Türkiyə sərhədinə nəzarət həyati əhəmiyyət kəsb edir. Bu, Qəndilin məhv edilməsi qədər vacibdir. Ya Tehranla siyasi-diplomatik əlaqələr, ya da təhlükəsizlik tədbirləri ilə bu təhlükəni aradan qaldırmalıyıq. Bu addım İran faktorunun aradan qaldırılması baxımından çox vacibdir”.
Kılıçarslan Botan vadisində başlayan PKK hekayəsinin də eyni yerdə bitəcəyini bildirib.