Amerikanın “lənətli” gəmisi – Bir həftədə üç hərbçisi intihar etdi

Amerikanın “lənətli” gəmisi – Bir həftədə üç hərbçisi intihar etdi

22 Aprel 2022 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ donanmasının “Corc Vaşinqton” (USS George Washington) təyyarədaşıyan gəmisinin ekipajı son 12 ayda burada ölənlərin şokunu yaşayır.

Oxuməni.az xəbər verir ki, bir həftə ərzində 3 dənizçinin intiharı ilə sarsılan gəmidə bundan əvvəl də 4 nəfərin həyatını itirdiyi açıqlanıb.

Açıqlamada son 12 ayda gəmidə 7 ekipaj üzvünün öldüyü bildirilib.

Hərbi Dəniz Qüvvələri ölümlərin intiharlarla əlaqəli olub olmadığını araşdırmağa başlayıb. Araşdırma ilə Dəniz Cinayətlərinin İstintaqı Departamenti məşğuldur.

ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığının sözçüsü, kapitan Sara Self-Kayler deyib ki, bu ay gəmidə qeydə alınan son dörd ölüm hadisəsinin üçü intihar nəticəsində baş verib. Açıqlamada aprelin 9-u və 10-da baş verən intiharların bazadan kənarda, aprelin 15-də isə gəmidə baş verdiyi bildirilib.

İstintaqçılar ötən ilin dekabrında vəfat edən dənizçinin də intihar nəticəsində öldüyünü açıqlayıblar. İstintaq həmçinin üç dənizçinin intiharı ilə əvvəlki ölümlər arasında əlaqənin olub-olmamasına da baxacaq.

Digər tərəfdən, psixoloji araşdırmalar aparmaq üçün gəmiyə xüsusi qrup göndərilib.

Son bir ildə isə “Corc Vaşinqton”dakı olaylar da daxil olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrində 18 intihar hadisəsi baş verib. Hərbçilərin intihar nisbətlərinin çox yüksək olduğunu bildirən ABŞ müdafiə naziri Lloyd Ostin ötən ay intiharların qarşısının alınması və operativ reaksiya üçün Müstəqil Nəzarət Komitəsi yaradıb.

Son 5 ildə orduda özünəqəsd hallarının artdığını açıqlayan Pentaqon 2020-ci ildə 580 hərbçinin intihar etdiyini bildirib.

Dünyanın ən böyük döyüş gəmilərindən biri olan “Corc Vaşinqton” 2017-ci ildən Virciniya ştatında “Newsport News” gəmiqayırma zavodunda dayanır. Gəmiqayırma zavodunda nüvə yanacaq doldurma, texniki xidmət və yeniləmə işləri aparılır.