“Ukrayna şüurlu surətdə üzücü müharibə taktikasını seçib...”

“Ukrayna şüurlu surətdə üzücü müharibə taktikasını seçib...”

20 Aprel 2022 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna müharibəni canlı qüvvə itkisini minimuma endirəcək şəkildə aparmağa çalışır, ona görə də Ukrayna qoşunları daha bir-iki həftə ərzində müdafiə yolunu seçərək Rusiya bölmələrini və onların təchizat yollarını məhv etməyə çalışacaq.

Oxuməni.az xəbər verir ki, bunu təhlükəsizlik üzrə ekspert Rayner Saks Estoniyanın “Vikerraadio” radiostansiyasına bildirib.

"Cəbhədəki Ukrayna qoşunları silahlı qüvvələrin ən qiymətli hissəsidir. Düşünürəm ki, Ukrayna Rusiya bölmələrini məhv edə-edə daha bir-iki həftə müdafiə əməliyyatlarını davam etdirəcək. Bu, böyük ölçüdə indiyədək uğurlu olub. Hətta bəzi ərazilərdə Ukrayna mövqelərini yaxşılaşdırmaq üçün hücum etməyə də çalışır", - deyə o əlavə edib.

Onun fikrincə, Rusiya siyasi rəhbərliyi hazırda cəbhədəki vəziyyəti olduğundan daha əlverişli hesab edir. "Rusların hücumlarının intensivliyini artıra biləcəklərini zaman göstərəcək. Hələlik onlar kütləvi hücuma keçə bilməyiblər, çünki Ukrayna rusiyalıların logistika və təchizat yollarını məhv edərək onların bu cəhdlərini erkən mərhələdə aradan qaldıra bilib. Əgər Rusiya qoşunları kütləvi hücuma keçə bilməsə, o zaman nə vaxtsa Rusiyanın siyasi rəhbərliyi faktiki olaraq vəziyyəti dərk etməyə başlayacaq”, - deyə Saks izah edib.

Onun sözlərinə görə, Ukrayna hərbi əməliyyatları getdikcə daha yaxşı aparır, lakin bu o demək deyil ki, işğal edilmiş əraziləri geri ala biləcək. "Burada çoxlu "əgər"lər var. Ukraynalılar da səhv buraxa bilərlər. Onlar elə səhv edirlər, amma ciddi işlərdə yox. Amma əgər Rusiya hücuma keçə bilməsə və səfərbərlik elan edib-etməməsinə qərar versə, beynəlxalq diplomatiyanın rolu getdikcə artacaq və Ukrayna təkbaşına hərəkət eməyəcək”, - deyə Saks bildirib.

Ekspertin fikrincə, “Moskva” raket kreyserinin məhv edilməsi ukraynalıların böyük qələbəsi oldu. "Bu, həm də Ukraynanın müharibədə öz mövqelərini gücləndirmək qabiliyyətini yaxşılaşdıran cənub cəbhəsindəki dönüşdür. Və bu, ruslar üçün böyük itkidir. Rusiyanın həm hərbi, həm də təbii ki, psixoloji travmatik itkisidir. Yeni rəhbərliyin təyin edildiyi və cəmi bir neçə gündən sonra onun əhəmiyyətli itki ilə barışmalı olduğu vəziyyəti təsəvvür edin. Bu, əməliyyatın idarə olunmasına və koordinasiyaya təsir edəcək”, - deyə Saks bildirib.

O, Mariupolun müdafiəsini hərbi mənada simvolik əhəmiyyətli adlandırıb. "Orada qalan Ukrayna hərbçiləri bunu qəsdən etdilər. Onların bir neçə dəfə oradan getmək imkanları olub. Onlar prinsipial olaraq qalıblar və bu da öz növbəsində oradakı Rusiya bölmələrinin əl-ayağını bağlayır. Mariupol çökərsə, o zaman onu geri almaq çətin olacaq. Ancaq Rusiya tərəfi bunu etməklə, simvolik qələbədən başqa, strateji heç nəyə nail olmayacaq. Onların bu yolla Donbası daha sürətli təchiz edə biləcəkləri iddiası həqiqətə tam uyğun gəlmir", - deyə ekspert izah edib.

O, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “əmək qabiliyyətinin aşağı olmasını”, bir çox rus generalının ölməsi və dəyişdirilməsini Ukrayna üçün müsbət hal adlandırıb. "Müharibə zamanı idarəetmədə olunan bütün düzəlişlər pis qərarlardır, çünki bu, nəyinsə səhv edildiyini göstərir", - deyə Saks qeyd edib.