
Rusiya Azərbaycana sürpriz hazırlayır - Paşinyan TƏSLİM OLUR
Brüssel görüşü Ermənistanla Azərbaycan arasında sülh sazişinə aparan yolda lokomotiv rolunu oynadı desək yanılmarıq. Məhz bu şəhərə Ermənistan və Azərbaycan liderlərinin ikinci səfərinin ardından regionda il yarımdan çoxdur faktiki olaraq icrası dondurulan üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yetirilməsi istiqamətində artıq praktiki işlərin görülməsi üçün son günlər qarşı cəbhədə nəzərə çarpacaq dərəcədə bir hərəkətliliyin şahidiyik.
Avropa İttifaqının münaqişənin sülhlə nəticələnməsi məqsədilə faktiki olaraq prosesə son müdaxilələri Minsk Qrupunu tarixin yaddaşına köçürmək məqsədilə bu istiqamətdə missiyanı üzərinə götürmək üçün önəmli həmlə iddilarını artırdı. Görünür, nəhayət Qərb anladı ki, indən belə rəsmi Bakını Minsk Qrupu nağılına inandırmaq qeyri-mümkündür. Aİ-nin bu fəallığı heç şübhəsiz ki, Rusiyanı da daha aktiv şəkildə proseslərə qoşularaq arxa planda qalmaması məqsədilə "mən də varam" deməsi üçün praktiki addım atmasına, nəhayət bir daşı daş üstə qoymasına zəmin yaratdı.
Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında sülh yolunda əldə edilən razılaşmalardan dərhal sonra rəsmi Moskvanın vaxt itirmədən öncə erməni XİN rəhbəri Ararat Mirzoyanı Moskvaya dəvət etməsi, nəhayət bu gün isə Nikol Paşinyanın Vladimir Putinlə baş tutacaq görüşünü regionda yaxın günlərdə yeni dönəmin başlayacağına bir eyham da hesab etmək olar.
Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da Moskvaya gözlənilən səfəri çərçivəsində bəzi sənədlər imzalanacağı kəsin görünür. Necə ki, günlər öncə bunu Lavrov Mirzoyanla etdi. Bu sənəd çox güman ki, Ermənistan-Rusiya münasibətlərini əhatə edəcək.
Çox güman ki, Rusiya Qərbin fəallığı fonunda arxa planda qalmamaq üçün Ermənistana üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən, bu zamana kimi Moskvanın vasitəçiliyi ilə keçirilən görüşlər zamanı aktual olan məsələlərdən birinin həlli istiqamətində önəmli razılığa nail olmağı qarşısına məqsəd kimi qoya bilər. Bununla Rusiya Avropa İttifaqının Moskvanın iki dövlət arasında münasibətlərin tənzimlənməsi istiqamətindəki fəaliyyətinə adekvat cavab verərək, problemin həlli yolunda həm öz gücünü göstərməyə çalışacaq, həm də bununla Bakı və İrəvanda siyasi dividentini artırmaq haqda düşünəcək.
Hərçənd ki, Artur Vanesyan, Aşot Safaryan, İşhan Saqatelyan artıq iki gündür fasiləsiz mitinqə başlayıblar. Onlar çıxışlarında Şuşanı, Naxçıvanı yenidən işğal edəcəklərini bildirirlər. Şübhəsiz ki, adı çəkilən bu müxalif qütb nümayəndələri bəzi xarici dairələr tərəfindən təlimatlandırılaraq sülh proseslərinə ciddi əngəl olmaq məqsədilə təxribat törətmək üçün bu cür sərsəm revanşist ideyalarını yenidən ortaya atıblar.
Əslində, Bakı ilə İrəvan arasında son görüşlər və əldə olunan razılaşmalar fonunda sülhə nail olmaq istiqamətində aparılan işlərdən narahat olan qüvvələrin də adı məlumdur. Hazırda orada baş verənlərin necə bitməsindən asılı olmayaraq rəsmi Bakı hədəflərinə çatacaq. Bunu məcburiyyət qarşısında da olsa Moskva da, Tehran da belə qəbul edəcək. Çünki onlar da yaxşı bilirlər ki, Ermənistan sülhdən yayınarsa, bu destruktiv addım Qafqazda yeni sərhədlərin ortaya çıxması ilə nəticələnə bilər.
Moskvada da artıq anlayırlar ki, Ermənistan sülh sazişinə getmədiyi və kommunikasiya xəttlərinin bərpasını iqnor etdiyi təqdirdə Azərbaycan Ordusu bu missiyanı öz üzərinə götürməsi an məsələsi ola bilər. Necə ki, biz buna son Fərrux kəndi, yüksəkliyi məsələsində şahid olduq. Belə olacağı təqdirdə isə Rusiya da Azərbaycanın hər hansı bir hərbi müdaxiləsini, hər hansı bir kəndi işğalçı qüvvələrdən təmizləyərək öz bayrağını ucaltması ilə bağlı proseslərə hərbi müdaxilə etməyi gözə almayacaq.
Düzü, Kremlin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına - Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək. Amma indiki məqamda hazırki prosesləri nəzərdən keçirdikdə birinci variantın Moskva üçün daha məqbul seçim olduğunu deyə bilərik.
İlk öncə ona görə ki, Azərbaycanla Rusiya arasında iki ay öncə imzalanan müttəfiqlik haqqında saziş var. İkincisi isə Moskva yaxşı başa düşür ki, Azərbaycan Ordusunun mövqelərini müəyyənləşdirmək üçün gördüyü tədbirə müdaxilə bu iki ölkə arasında ciddi gərginliyə səbəb ola bilər ki, bu da Ukrayna ilə müharibə fonunda Rusiyanın ən son arzuladığı gedişatdır. Çünki qarşıda Qərbin hər fürsətdə etimadını qazanmaq istədiyi bir Azərbaycan var. Moskva Bakını itiməyin regionda əl-qolunun bağlanması ilə nəticələnmək ehtimalının yüksək olduğunu yaxşı bilir.
Bu məqamda xüsusilə nəzərə alsaq ki, ABŞ da Minsk qrupunun de-fakto "dəfn edildiyini" qəbul edir. Belə ki, Dövlət Departamentinin son məlumatı göstərir ki, Minsk qrupunda amerikalı həmsədri Endryu Şofer artıq həmsədr yox, "Qafqazda danışıqlar üzrə baş müşavir"i təyin edilib. Moskvanın günlər öncə eyni addımı (Rusiya bir neçə gün əvvəl Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdiyini açıqladı. Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayevin bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcəyi bəyan edilib - red.) atmasından sonra ABŞ-dan belə bir həmlə deməyə əsas verir ki, həmsədr dövlətlər üçün artıq Ermənistanın maraqları açıq-aşkar arxa plana atıldı və sözügedən dövlətlər bu gün fərdi şəkildə fəaliyyət göstərməklə özlərinə Cənubi Qafqazda divident qazanmaq məqsədilə postkonlifkt dövründən öncəki mərhələdən fərqli olaraq indi Bakının istəyinə daha uyğun addımlar atmağı məqsədə uyğun hesab etməyə başlayıblar.
Dövlət katibinin köməkçisi Donfridin Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərməsi isə Rusiyanı qabaqlamaq, onun Cənubi Qafqazdakı fəaliyyətini deaktivləşdirmək, bir əhəmiyyətinin qalmaması üçün adekvat addım kimi qiymətləndirilə bilər.
Baxmayaraq ki, Ermənistan tərəfi Paşinyanla görüşdə Şoferi "Minsk qrupunun amerikalı" həmsədri kimi təqdim etdi ki, bu da İrəvanın Minsk Qrupu ilə bağlı istəklərinin puç olmasını heç cürə qəbul etmək istəmədiyinin göstəricisidir. Son addımlardan belə aydın olur ki, Vaşinqton da artıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsi ilə razılaşıb.
Təxmin etmək olar ki, Kreml də ümumi fonda orkestrdən kənar qalmamaq üçün bu gün Paşinyana Azərbaycanla münasibətlərin normallaşdırılması, sülhə aparan yolda üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərdən hansısa birini (bu, kommunikasiya yollarının açılması da ola bilər - red) qısa zamanda icra etmək üçün razılaşdırsın. Çox güman ki, Rusiya bununla Cənubi Qafqazda onsuz bir məsələnin həll olunmaq imkanının yox dərəcəsində olduğunu göstərməklə, Bakı və İrəvana əhəmiyyətini göstərmək istəyəcək. Milli.az