Separatçılar “qaşınır” - komando qüvvələri hər an hərəkətə keçə bilər!

Separatçılar “qaşınır” - komando qüvvələri hər an hərəkətə keçə bilər!

15 Aprel 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rus hərbçilərinin arxasında gizlənən Araik yenə Bakıya həqarət etdi; “artsax”ı Abxaziya və Cənubi Osetiya ilə, Donbasla səhv salanları növbəti darmadağın və daha ağır bədəl gözləyir...

Ermənistan baş naziri Nikol Paşinyan parlamentin srağagünkü iclasında maraqlı bir etirafda bulundu. Paşinyan dedi ki, beynəlxalq ictimaiyyət İrəvana Qarabağın statusu məsələsində “blankı” bir az aşağı salmağı təklif edir, əks halda, onun köməyinə heç bir ümid bəslənməməlidir. Həmçinin qeyd elədi ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə kimi Ermənistanın bununla həm özünə, həm də Qarabağa böyük təhlükə yaradığı barədə xəbərdarlıq edib.

Yəni söhbət yeni müharibə xəbərdarlığından gedir. Çünki Azərbaycanın konkret “qırmızı xətləri” var və onları tapdamağa Bakı heç kimə imkan verməyəcək. Qərbdə də, Rusiyada da bunu bilirlər. Ən əvvəl isə kapitulyant ölkə həmin “cizgiləri” nəzərə almalı və yeni status-kvonun diktəsi ilə, Bakının irəli sürdüyü 5 məlun baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması prosesində, nəhayət, realist və konstruktiv mövqe tutmalıdır. Özü də bacardıqca tez. Ona görə ki, zaman limitsiz deyil və İrəvan onsuz da boşuna çox vaxt itirib.

İlk baxışda Ermənistan rəhbərliyi artıq bu yöndə kövrək addımlar atmağa başlayıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa telefon danışığı buna misal ola bilər. Ancaq bu, əlbəttə ki, yetərincə uzun bir yolun yalnız başlanğıcıdır. Çünki İrəvan ölkəmizə qarşı ərazi iddiasında olmadığını bəyan eləsə də, praktikada yenə “artsax erməniləri” üçün hansısa “status”, “təhlükəsizlik” şərti irəli sürür, zəmanət tələb edir. Belə görünür ki, qarşı tərəf Azərbaycan daxilində müəyyən bir siyasi statusa ümid edir. Rəsmi Bakının mövqeyi isə çoxdan ortada.

*****

Bu arada Paşinyanın status məsələsində “blankı aşağı salmaq” söhbəti Qarabağ anklavındakı separatçı-kiriminal ünsürləri ciddi şəkildə təlaşlandırıb. Növbəti dəfə, harada, kimin ərazisində olduğunu və kimin hesabına salamat qaldığını unudan separatçıbaşı Araik Arutyunyan öz aləmində Ermənistan baş nazirinə etirazını bildirməklə yanaşı, Azərbaycan dövlətinə həqarət edib.

Arayik Harutyunyan calls Armenian people 'traitors'

Belə ki, Arutyunyan “parlament” qüvvələrinin iştirakı ilə aprelin 13-də keçirdiyi təcili iclasda deyib. Sitat: “Biz de-yure ”artsax"ın tanınmasına can atmaqla de-fakto müstəqilliyimizə davam eləməliyik. Seçimlərimiz arasında müstəqil qalmaq, Ermənistanla birləşmə, - hansı ki, az ehtimallıdır, - var. Bu, Rusiya ilə birbaşa şaquli formatda münasibətlər də ola bilər".

Göründüyü kimi, separatçı anklavda bəd ayaqda Rusiyaya birləşməyi də mümkün sayırlar. Bəs nə oldu? 30 il “öz müqəddəratını təyinetmə haqqı”dan dəm vurub dünyanın baş-beynini aparan, görəsən, kim idi?

Diqqət edildi yəqin, bütün hallarda anklavın Azərbaycanın tərkibində mövcudluğu istisna olunur. Təsadüfi deyil ki, Araik Arutyunyan Rusiya “sülhməramlı” qüvvələrinin Qarabağa həmişəlik gəldiyini də iddia edib.

“Artsax hakimiyyəti xalqların öz müqəddəratını təyinetmə hüququ çərçivəsində mübarizəni davam etdirəcək. Həmçinin Rusiya sülhməramlılarının iştirakına paralel olaraq, hökumət öz təhlükəsizlik mexanizmlərinin effektivliyini artırmaq üçün fəaliyyətini davam etdirəcək”, - deyə Araik sarsaqlayıb. Yəni ki, üstəlik, “orduları” da olacaqmış...

*****

Əlbəttə ki, bunların hamısı xam xəyallar, bioloji ölümün son simptomlarıdır. Birinci ona görə ki, Qarabağdakı əl boyda erməni anklavı Rusiya ilə həmsərhəd Osetiya, Abxaziya və ya Donbas-zad deyil. Özbaşına-zad heç deyil. Separatçı anklavın xarici aləmə çıxışı da Azərbaycan ərazisindən, bizim torpaqlardandır. Heç nə yox, “oksigen kranı”nı müvəqqəti bağlamağımız yetər ki, anındaca boğulsunlar.

İkincisi, Ərdoğanın və Putinin imza atdıqları Şuşa və Moskva bəyannamələri var. Bu sənədlər Rusiyanın erməni separatizminə Azərbaycan Konstitusiyası əleyhinə hər hansı dəstək vermək məsələsində əl-qolunu bağlayır. Bu haqda kifayət qədər, konkret bəndlərə kimi, ətraflı yazmışıq. Ayrı sözlə, Bakının separatçılarla bağlı “qırmızı xətti” Kremlə də dəqiqliyi ilə bəlli.

Əks halda, Azərbaycan heç kimdən soruşmadan, dərhal antiterror əməliyyatına başlayacaq və Qarabağın yerdə qalan hissəsini də silahlı cinayətkarlardan təmizləyəcək. Araiklər ya məhv ediləcək, ya da qandallanıb Bakıya gətiriləcək. Hələliksə qoy “evcik-evcik” oyunu oynasınlar...

*****

Xankəndidə susuz qalan ermənilər şəhəri TƏRK EDİR - Günün Səsi

Qeyd edək ki, uzağı iki ilə (2025-ci ilə bir il qalmış) Araik Arutyunyanın özünün saxta prezident “səlahiyyətləri” bitəcək. Söz yox ki, Azərbaycan bir daha öz ərazisində separatçıların “seçki tamaşası”na imkan verməyəcək. Buna cəhd edilməsi isə yenə antiterror əməliyyatı üçün ciddi əsas yaratmış olacaq.

Separatçılar unutmasınlar: onlar bütünlüklə Azərbaycan Ordusunun, o sırada sayı sürətlə artan, istənilən hərbi tapşırığı yerinə yetirməyə qadir komando qüvvələrinin tam nəzarətində və əhatəsindədirlər! Erməni quldurları heç kim, o cümlədən arxasında gizləndikləri Rusiya hərbçiləri belə xilas edə bilməyəcək. Odur ki, onlar əsəblərimizlə oynamaq əvəzinə, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə xəbərdarlıq elədiyi kimi, nə qədər tez ağıla gəlib Azərbaycanın bayrağı altına keçsələr, bir o qədər özləri üçün yaxşı olar.

O ki qaldı Rusiya “sülhməramlılarının” guya bölgəyə əbədi gəlməsinə, bunu əlbəttə ki, nə it yerinə qoyulmayan Araik, nə də onun bandası həll edir. Heç Ermənistan və onun rəhbərliyi də belə məsələlərdə söz sahibliyinə malik deyil. Yalnız Bakı icazə verərsə və rus hərbçiləri özlərini yaxşı apararsa, 2025-ci ildən sonra Qarabağda daha bir-iki qala bilərlər. Çünki Qarabağ Azərbaycandır və qoşa nida işarəsi!! Yeni Müsavat