Qarabağ savaşında atdıqları addımlardan geri çəkilirlər – Şok qərar

Qarabağ savaşında atdıqları addımlardan geri çəkilirlər – Şok qərar

12 Aprel 2022 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar bir-bir ləğv edilir. ABŞ yeni “F-16”-lar üçün “yaşıl işıq” yandırdığı vaxtda İngiltərə Türkiyəyə ixrac məhdudiyyətini aradan qaldırıb.

Oxuməni.az xəbər verir ki, Kanada da Türkiyəyə dronlar üçün müşahidə avadanlıqlarının satışına icazə verməyə hazırlaşır.

Türkiyənin separatçı terror təşkilatlarına qarşı qətiyyətli əməliyyatlarına Qərb dövlətləri sanksiyalarla cavab vermişdi. Terrorizmlə mübarizədə əsas rol oynayan türk PUA-larının istehsalının qarşısını almaq üçün fəallıq göstərən bəzi ölkələr hissələrin tədarükünə əngəl yaratmaqdan ötrü Türkiyəyə qarşı addımlar atmışdılar.

Həm Rusiya-Ukrayna müharibəsində TB-2-lərdən istifadənin əhəmiyyəti, həm də Türkiyənin tərəflər arasında vasitəçilik səyləri qərblilər tərəfindən təqdir edilərkən, türk dövlətinə sanksiya tətbiq etmək qərarına gələn bütün ölkələr bu addımı gözdən keçirməyə qərar verib.

Türkiyəyə qarşı sanksiyalar bir-bir ləğv edilir. Suriyada PKK/PYD terror təşkilatına qarşı əməliyyatlar, Qarabağ müharibəsində Azərbaycana verilən dəstək, “S-400” prosesi və Liviya məsələsi kimi gəlişmələrdən sonra həyata keçirilən embarqoların əsassız olduğu bir daha təsdiqlənib. Embarqoların aradan qaldırılması istiqamətində ilk addımlar ABŞ, İngiltərə, Kanada, Fransa və İtaliyadan gəlib.

ABŞ-da Türkiyənin yeni tipli “F-16”-ların alınması və mövcud “F-16”-ların modernləşdirilməsi ilə bağlı təklifinin təsdiqlənməsini tövsiyə edən məktub Konqresə təqdim edilib. Digər tərəfdən, Türkiyə Müdafiə Nazirliyi və Pentaqon arasında başladılan “F-35” danışıqlarının qarşıdakı dövrdə daha sıx və nəticə yönümlü olacağı gözlənilir.

Artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ingilis həmkarı Liz Trass və kanadalı həmkarı Melani Coli ilə görüşüb. Görüş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Müttəfiqlər arasında açıq və gizli sanksiyalar həyata keçirilməməli və gündəmə gəlməməlidir” mesajından sonra baş tutub.

Görüşdən sonra Trass İngiltərənin Türkiyəyə tətbiq etdiyi ixrac sanksiyalarının ləğv olunduğunu açıqlayıb. Kanada ilə də sanksiyaların ləğvi razılaşdırılıb. 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarını işğaldan azad edərkən Türkiyədən aldığı dronlardan istifadə etdiyi üçün Türkiyəyə embarqo qoyan Kanada şirkəti isə müflis olub.

Fransa-İtaliya konsorsiumu “EuroSam” və SAMP/T Türkiyə 2019-cu ildə Suriyada “Sülh çeşməsi” antiterror əməliyyatlarına başladıqdan sonra Ankara ilə həyata keçirdiyi hava hücumundan müdafiə sisteminin birgə istehsalı layihəsini dayandırmışdı. Amma Rusiyanın Ukraynaya təcavüzündən sonra təhlükəsizlik anlayışının dəyişməsi bu prosesin yenidən canlandırılmasına ehtiyac olduğunu üzə çıxarıb.

Ərdoğan NATO liderləri sammitində Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Draqi ilə görüşdükdən sonra Fransa nümayəndə heyəti Ankaraya gələrək Müdafiə Nazirliyində görüşlər keçirmişdi.

Eyni zamanda, müdafiə naziri Hulusi Akar İstanbulda italiyalı və ingilis həmkarları Lorenzo Gerini və Ben Uolles ilə də görüşüb.