Ermənistan parlamentində şok - Deputat separatçıların “bayrağını”...
Ermənistan parlamentinin tribunasına Qarabağdakı separatçıların qondarma bayrağını asan “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyandan sonra kürsüdən hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyan çıxış edib.
Oxuməni.az xəbər verir ki, o, tribunaya yaxınlaşaraq Ohanyanın kürsüdən asdığı “bayrağı” götürərək, kənara qoyub.
Aleksanyan çıxışında Seyran Ohanyan və Ermənistanın digər keçmiş müdafiə nazirlərini “axmaq” adlandırıb.
Onun sözlərinə görə, axmaqlıq gündəlik işə çevriləndə keçmiş müdafiə nazirləri “Artsaxın bayrağını” Ermənistan parlamentinin tribunasına asırlar:
“Onlar 30 il bu bayrağı lazımi yerlərdə qoymaq və bu və Ermənistan bayrağının möhkəmliyini təmin etmək əvəzinə soyğunçuluqla məşğul olublar. Bura populist çıxışlar etməyə gəlirlər, guya “Artsax”ı qoruyurlar, Ermənistanı qoruyurlar və onların taleyindən narahatdırlar. Amma əslində 30 ildə eyni şeyi qışqıraraq öz ciblərini, öz ailələrinin ciblərini doldurublar. Bu yaxınlarda cinayət işi açılmış sıravi gömrük işçisinin İrəvanın mərkəzində milyonlarla dollarlıq mülkü, 20 mənzili, milyonlarla dollarlıq bir neçə avtomobili aşkar olundu. Əminəm ki, Artur Qazinyan buradan çıxıb, qürurlu əhval-ruhiyyə ilə 300 min dollarlıq maşınına əyləşərək “Artsax”ı “müdafiə” etməyə getdi. Ola bilsin ki, Seyran Ohanyan da, qalanları da eynidir, hələ Serj Sərkisyanı demirəm.
Əminəm ki, Respublikaçı Partiyası burada, məsələn, Baden-Baden şəhərinin simvolunu yerləşdirsəydi, fikrimcə, Serj Sərkisyan bu iclası izləməkdən daha çox məmnun olardı. Çünki “Artsax”dan olan keçmiş məmurlar Ermənistanda populizmlə, boş-boş təbliğatla məşğuldurlar ki, bu da heç nə vermir”.
O, vətəndaşları boş populizmə təslim olmamağa çağırıb.