Pakistanda Baş nazir seçkiləri ölkədə vəziyyəti gərginləşdirib

Pakistanda Baş nazir seçkiləri ölkədə vəziyyəti gərginləşdirib

11 Aprel 09:39
152
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Pakistanın yeni baş nazirinin seçilməsi xarici dövlətlərin ölkə siyasətinə müdaxiləsi iddiaları, baş nazir İmran Xana etimadsızlıq səsverməsi, Xan və onun Təhrik-e-İnsaf partiyasına dəstək üçün keçirilən kütləvi nümayişlər fonunda baş tutacaq.

Oxuməni.az xəbər verir ki, əvvəlcə Pakistan parlamenti baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlıq üçün səsvermə keçirib. İki səs fərqi onu vəzifədən kənarlaşdırmağa kifayət edib.

İddiaların mahiyyəti

Konstitusiyaya görə, səsvermə təklifi daxil olduğu andan 14 gün ərzində keçirilməli idi, lakin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ilə əlaqədar təxirə salınmışdı. Martın 28-nə təyin edilmiş növbəti iclasın vaxtı deputatlardan birinin vəfatı ilə əlaqədar ləğv edilib. Pakistan Parlamentinin nizamnaməsində deyilir ki, Milli Assambleya üzvünün ölümündən sonra ilk iclasda mərhumun ruhu üçün dualar oxunmalı və həmkarlarının onunla bağlı fikirləri səslənməlidir.

İki gün sonra baş tutan iclas, iclasa protokol sualları ilə deyil, etimadsızlıq səsi ilə başlamağı tələb edən müxalifətçi deputatların etirazına görə yarımçıq qalıb. Parlamentin aprelin 3-də keçirilən növbəti iclasında Milli Assambleyanın vitse-spikeri qəfildən baş nazir İmran Xana etimadsızlıq votumunu rədd edərək bunu konstitusiyanın 5-ci maddəsinə zidd adlandırıb.

Bir neçə dəqiqə sonra xalqa müraciət edən Baş nazir Xan prezident Arif Alviyə parlamenti buraxmağı tövsiyə edib. Bir saatdan az müddətdə prezident Milli Məclisi buraxaraq baş nazirin tövsiyələrinə əməl etdiyini bildirib.

Müxalifət partiyaları da öz növbəsində bu qərarla razılaşmadıqlarını bildiriblər və Pakistan Ali Məhkəməsinə etimadsızlıq səsverməsinin ləğvi və ölkə parlamentinin buraxılmasının qanuniliyi ilə bağlı iddia qaldırıblar. İşi 5 gün müzakirə edən məhkəmə parlamentin bərpası və baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Xan, həmçinin Pakistanın ABŞ-dakı səfiri vasitəsilə təhdid məktubu aldığını bildirib və ABŞ dövlət katibinin köməkçisi Donald Liu Pakistan səfiri ilə görüşdə Xanın partiyasının etimadsızlıq səsverməsini dəf edə bilsə, bunun mümkün nəticələri barədə xəbərdarlıq edib.

Baş nazir olmaq istəyənlər

Bu gün Pakistan parlamenti baş nazir vəzifəsinə namizədlərə baxacaq. Namizədlik sənədləri müxalifətdəki Pakistan Müsəlman Liqasının prezidenti Şəhbaz Şərif və namizədliyini Xanın Təhrik-e-İnsaf partiyası tərəfindən dəstəklənən keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi təqdim edib. Yeni baş nazirin namizədliyi ilə bağlı səsvermə aprelin 11-də saat 14.00-da (Bakı vaxtı ilə 13:00) keçirilməlidir. Əgər Qureşinin XİN rəhbəri kimi kimliyi Pakistandan kənarda yaxşı məlumdursa, 70 yaşlı Şəhbaz Şərif haqqında az məlumatları mövcuddur.

Şəhbaz üç dəfə Pakistanın baş naziri olmuş Navaz Şərifin kiçik qardaşıdır. Medianın məlumatına görə, Pakistanın ən sıx məskunlaşdığı əyaləti olan Pəncabın baş naziri kimi Şəhbaz Şərif bir sıra iddialı infrastruktur layihələrini, o cümlədən Pakistanın ilk müasir ictimai nəqliyyat sistemini doğma şəhəri Lahorda işə salıb.

O, həmçinin Pəncab əyalətinin baş naziri kimi Pekinin maliyyələşdirdiyi layihələrdə Çinlə sıx əməkdaşlıq edib. ABŞ-ı daxili siyasətə qarışmaqda günahlandıran Xandan fərqli olaraq, Şəhbaz Şərif bildirib ki, ABŞ-la yaxşı münasibətlər Pakistan üçün çox vacibdir.

Eyni zamanda media qeyd edir ki, Şəhbaz Pakistanın xarici və müdafiə siyasətinə ənənəvi olaraq nəzarət edən Pakistan hərbçiləri ilə dostluq münasibətləri saxlayır. Mətbuat onu da qeyd edib ki, Şərif baş nazir kimi tam müstəqil fəaliyyət göstərməyəcək, çünki o, digər müxalifət partiyaları ilə kollektiv gündəm üzərində işləməli olacaq.

Mümkün problemlər

Eyni zamanda, Pakistanın baş nazirinin namizədliyi ilə bağlı səsvermə bir sıra çətinliklərlə üzləşə bilər. Xüsusilə, Təhrik-e-İnsafın sədr müavini olan Şah Mahmud Qureşinin dediyi kimi, bazar ertəsi onun partiyası Milli Assambleyadan çıxa bilər. Onun sözlərinə görə, bu məsələ Təhrik-i-İnsafın komitəsində parlamentdə baş nazirin namizədliyi ilə bağlı səsvermənin başlamasına cəmi iki saat qalmış müzakirə olunacaq.

Həmçinin baş nazirin namizədliyi ilə bağlı səsvermə Federal Təhqiqat Agentliyinin xüsusi məhkəməsinin iclası ilə eyni gündə baş tutacaq. Məhkəmə Şəhbaz Şərif və oğlu Həmzəyə çirkli pulların (14 milyard rupi ) yuyulması ilə bağlı ittiham irəli sürə bilər. Qeyd edək ki, Şahbaz Şərif 2018-ci ildə korrpusiyaya görə saxlanılmışdı.

Pakistanın ən böyük şəhərlərində, həm də bir çox Qərb ölkələrinin paytaxtlarında Xan və onun Təhrik-e-İnsaf partiyasına dəstək məqsədilə keçirilən minlərlə aksiya da səsvermə prosesinə təsir göstərə bilər. Xanın özünün də qeyd etdiyi kimi, “tariximizdə heç vaxt bu qədər, yaramazların rəhbərlik etdiyi xaricdən gətirilən hökuməti rədd edən izdiham olmayıb”.