İsraillə İran arasında kəşfiyyat müharibəsi –silahlı hücumların arxasında kimlər var?

İsraillə İran arasında kəşfiyyat müharibəsi –silahlı hücumların arxasında kimlər var?

9 Aprel 2022 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Srağagün İsraildə növbəti silahlı hücum baş verib. Təl-Əviv şəhərində baş verən silahlı hücum nəticəsində ilkin məlumata görə 2 nəfər ölüb, ən azı 4 nəfər yaralanıb.

İsrail polisinin yaydığı məlumatda terror şübhəsi ehtimal olunan bu hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi qeyd olunur. Həmçinin polis vətəndaşlara ərazidən uzaq durmağa çağırışı edib.

Bu hadisə son həftələrdə İsraildə baş verən silahlı hücumlar silsiləsinin bir hissəsi kimi qiymətləndirilir. Martın 22-29-u arasında İsrail ərazisində 3 fərqli silahlı hücum baş verib. Bu hücumlar nəticəsində ümumilikdə 11 israilli dünyasını dəyişib, çoxlu sayda yaralı var.

Martın 22-də naməlum şəxs Birussəba şəhərində bıçaqla hücum edərək 4 nəfəri qətlə yetirib. Martın 27-də isə Hadera (Hebrev) şəhərində iki nəfər odlu silahdan 5 polis əməkdaşına atəş açıb. Nəticədə iki polis ölüb, 3-ü isə yaralanıb. Hər iki hadisənin İŞİD tərəfindən törədildiyi bildirilib.

Martın 29-da isə Təl-Əvivin şərqində, Beni Barak şəhərində odlu silahla həyata keçirilən hücum nəticəsində 1-i polis olmaqla 5 nəfər qətlə yetirilib.

Maraqlıdır ki, İsrail tərəfi ilk hücumların İŞİD tərəfindən həyata keçirildiyi barədə açıqlama versə də, Fələstin və Livandakı silahlı qruplar bu hadisəni məhz elə İsrailə qarşı mübarizənin bir hissəsi elan ediblər. Sonuncu hücumla bağlı bəyanat yayan Livanın “Hizbullah” qruplaşması isə bu hücumu “şəhadət” əməliyyatı və İsrail təhlükəsizlik orqanlarının “bir mücahid tərəfindən ağır məğlubiyyətə uğradılması” adlandırıb.

Aprelin 5-də İranın şərqində Məşhəd şəhərində yerləşən 8-ci İmam Rzanın (ə) məqbərəsi ərazisində bıçaqla silahlanmış bir nəfər 3 din xadiminə hücum edib. Nəticədə Höccətülislam Məhəmməd Aslani dünyasını dəyişib, daha iki nəfər isə yaralanıb. Yaralılardan daha biri Höccətülislam Dərai isə bir neçə gündən sonra xəstəxanada dünyasını dəyişib.

Qətli törədən şəxs həbs olunub. İran mənbələri qatilin adını açıqlamayıb, yerli media saxlanılan şəxsin əcnəbi, bəziləri isə cənub-şərq vilayəti Sistan-Bəlucistandan olduğunu bildirir. Məşhəd valisi isə qatilin təkfirçi islam cərəyanlarından birinin təsiri altında olduğunu deyib.

İlk baxışdan İran və İsraildəki hücumlar arasında əlaqə və ya bənzərlik görünməsə də, bəzi maraqlı məqamlar diqqət çəkir. Birincisi, İsraildə olduğu kimi, İranda da hücum edənin təkfirçi islam cərəyanına mənsub olması faktı qabardılıb. İsraildəki hücumda əsasən polis əməkdaşları hədəfə alınıb. İranda isə hədəfdə din xadimləri olub. Qətlin məhz İran və ümumilikdə şiələr üçün xüsusi əhəmiyyəti olan 8-ci İmamın (ə) məqbərə kompleksində baş verməsi xüsusi məqamdır. Çünki bu məkan yüksək səviyyədə qorunur, orada cinayətlər nadir hallarda baş verir. Daha bir maraqlı məqam isə İranda baş verən bıçaqlı hücumun araşdırılması ilə bağlıdır. İran prezidenti İbrahim Rəisi Məşhəd şəhərində baş vermiş cinayət hadisəsinin araşdırılmasını Kəşfiyyat Nazirliyinə tapşırıb. Bu barədə prezidentin yaydığı bəyanatda qeyd olunur. Bıçaqlı hücumun araşdırılmasının prezident tərəfindən məhz kəşfiyyat orqanına həvalə edilməsi bu hadisə ilə bağlı şübhələr yaradır. Belə görünür ki, İran rəsmiləri 5 aprel Məşhəd hücumunu İsraildəki silahlı hücumlara cavab addımı hesab edirlər. Buna görə də hadisənin daha dərindən araşdırılması üçün iş kəşfiyyat orqanına həvalə olunub. Yeri gəlmişkən, qatillə yanaşı daha bir neçə nəfər də artıq saxlanılıb.

Maraqlıdır ki, İsraildəki hücumla bağlı “müqavimətin qələbəsi” ifadəsindən geniş istifadə edən İran mediası Məşhəddə baş verən hücumu düşmənlərin qəsdi kimi qiymətləndirir. Ölkənin rəsmi orqanları ölən din xadimləri üçün izdihamlı dəfn mərasimi təşkil edib, onları “cihadçı və şəhid” adlandırıblar. Son hadisələrin uzun illərdir davam edən İran-İsrail sui-qəsd müharibələrinin növbəti səhifəsi olması ilə bağlı şübhələr var. Belə görünür ki, İsrail tərəfi son həftələrdə davam edən hücumların İran tərəfindən təşkil olunmasından şübhələnir. Eyni şəkildə, indi rəsmi Tehran da Məşhəddə din xadimlərini hədəfə alan sui-qəsdin İsrail və müttəfiqlərinin təşkil etməsindən şübhə edir. Bu məqsədlə də cinayət işinin araşdırılmasını kəşfiyyat orqanına həvalə edib. “Hizbullah”ın İsraildəki hücumları “mücahidlərin İsrail təhlükəsizlik orqanlarına qarşı qələbəsi” adlandırıb. Bu isə şübhələr yaradır ki, baş verənlər bir-biri ilə əlaqəsi olan sifarişli qəsdlərdir.