Çindən “qırmızı xətt” xəbərdarlığı – “Dünya üçün çox təhlükəli siqnal..."

Çindən “qırmızı xətt” xəbərdarlığı – “Dünya üçün çox təhlükəli siqnal..."

9 Aprel 2022 08:25
Bəyəndim (2) Bəyənmədim (0)

Çin Xarici işlər naziri Van Yi ABŞ Nümayəndələr Palatası sədri Nensi Pelosinin Tayvana səfərinin rəsmi Pekinin müəyyən etdiyi “qırmızı xətt”in keçilməsi anlamına gələcəyini deyib.

Oxuməni.az xəbər verir ki, nazir Fransa prezidentinin müşaviri Emmanuel Bonnla telefon danışığında Pelosunun Tayvana gözlənilən səfəri barədə danışıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğuladığı halda, Tayvan məsələsində Çinin müəyyən etdiyi “qırmızı xətt”i pozmaqdan çəkinmir.

Van Yi ABŞ-ın bu yanaşmasının ikili standart və cinayət olduğunu bildirib.

Pelosinin mümkün səfərinin dünyaya çox təhlükəli siqnal olacağını vurğulayan Van Yi qeyd edib:

“ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfər edərsə, bu, pis niyyətli təhrik olacaq. Bu, Çinin suverenliyinə və onun daxili işlərinə açıq müdaxilə demək olacaq”.

Nazir xəbərdarlıq edib ki, ABŞ tərəfi öz mövqeyində israr edərsə, Çin buna qəti şəkildə cavab verəcək və bunun bədəlini Vaşinqton ödəyəcək.

Nensi Pelosi həftə sonu planlaşdırdığı Asiya səyahətini COVID-19-a yoluxduğu üçün ləğv edib. Pelosinin gözlənilən Yaponiya səfərindən sonra Tayvana gedəcəyi iddia olunub.