"Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir!" - Ankaradan Bucadakı qətliama reaksiya

"Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir!" - Ankaradan Bucadakı qətliama reaksiya

7 Aprel 2022 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi ilə bağlı İngiltərənin “Financial Times” qəzetinə müsahibə verib.

Oxuməni.az xəbər verir ki, Kalın Buça və Borodyanka şəhərlərində mülki vətəndaşların öldürülməsinin üzə çıxmasının danışıqlara mənfi təsir etdiyini bildirib.

“Mülkilərin öldürülməsi Ukraynanın danışıqları davam etdirmək istəyinə də təsir edib. Bu insan haqları pozuntuları və mümkün müharibə cinayətlərinin fotoşəkillərini görəndə hamımız qəzəbləndik. Bu hadisə xüsusən də Ukrayna tərəfindən danışıqların davam etdirilməsini risk altında qoyur”, - prezidentin sözçüsü deyib.

Onun sözlərinə görə, baş verənlər dəhşətlidir, tamamilə qəbuledilməzdir, qeyri-insanidir və bunu edənlər məsuliyyətə cəlb edilməlidir.

Kalın yaxın bir neçə gündə dialoq prosesində heç bir dəqiq nəticənin olmayacağını bildirib: “Bəlkə bir-iki həftə içində yenidən hərəkətlənmə görə bilərik”.

Ukraynanın Türkiyəni qarant ölkələr sırasında görmək istəyinə də toxunan Kalın hələ dəqiq bir qərarın verilmədiyini və məsələ ilə bağlı bir nəticəyə gəlməyin hələ tez olduğunu qeyd edib:

“Prinsipcə, buna isti baxırıq, çünki Ukraynanı dəstəkləmək və bu müharibəni dayandırmaq istəyirik. Ukraynalılar və ruslarla görüşmüşük. Amerikalılar və fransızlarla da danışdıq, imzalamadan əvvəl həll edilməli olan bir çox hərbi detallar var”.

Krım və Donbas bölgələrinin masadakı ən böyük fikir ayrılıqları olduğunu qeyd edən Kalın Türkiyənin bu iki regionun statusunu tanımadığını xatırladaraq, Moskvanın Krım məsələsində heç bir geri addım atmadığını bildirib: “Bununla bağlı masada fərqli variantlar var”.