Bu müharibənin külündə  cinayətkar Putin rejimindən nələr QALACAQ...

Bu müharibənin külündə cinayətkar Putin rejimindən nələr QALACAQ...

7 Aprel 2022 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynaya təcavüzünün vəhşiliklərindən şoka düşüb. Avropada sülh yalnız Rusiyadan olan hərbi cinayətkarların Ukraynadakı məğlubiyyətindən sonra bərqərar olacaq.

Oxuməni.az Almaniyanın “Deutsche Welle” (DW) nəşrinin Ukrayna redaksiyasının müxbiri Yevgeni Teyzenin məqaləsini oxucularına təqdim edir.

Buça, İrpen, Qostomel, Mariupol, Trostyanets - bütün dünyanın gözündə Rusiyanın işğalçılıq müharibəsinin dəhşətləri ilə bağlı olan Ukrayna şəhərlərinin siyahısı getdikcə uzanır. Əlləri bağlı halda başının arxasından güllələnən kişilər, şahidlərin dediyinə görə sırf zirzəmidən çıxmağa cəsarət etdikləri üçün güllələnən qadınlar, bombalanmış məktəblər və uşaq bağçaları, dinc əhalinin qərəzsiz öldürülməsi görünür, rus ordusunun ukraynalılara qarşı apardığı müharibənin xarakterik xüsusiyyətinə çevrilir. Sosial şəbəkələr işğaldan azad edilmiş şəhərlərin foto və video materialları, habelə cinayətlərin şahidi olan ukraynalıların hekayələri ilə doludur.

Birvaxtlar almanlar, indi isə ruslar

Rusiya hərbçilərinin vəhşi cinayətlərinin baş verdiyi yerlərdən biri beynəlxalq ictimaiyyətə Buça və ya Mariupoldan daha az məlum olan Peremoqa kəndidir. Bir aylıq işğaldan sonra Kiyevdən 50 kilometr şərqdə yerləşən bu yaşayış məntəqəsi də dağıdılıb və talan edilib. Peremoqanın iztirablarının xüsusi tarixi var. 1945-ci ilə qədər bu kənd Yadlivka adlanırdı. İkinci dünya müharibəsi zamanı almanlar partizan hücumlarının qisasını vəhşicəsinə alaraq kəndi yandırıb-yaxdılar. Müharibədən sonra kənd nasist cinayətlərinin simvoluna çevrildi, yenidən quruldu və simvolik bir ad aldı - Peremoqa. Ukrayna dilindən tərcümədə "Qələbə" deməkdir.

Altmış ildən sonra tələbə olaraq digər alman və ukraynalı gənclərlə birlikdə yay tətili ərzində bir neçə il Peremoqadakı məktəbin təmirində iştirak etdim. Bu səmimi barışıq jesti ömürlük dünyagörüşümün bir hissəsinə çevrildi. Yaxşı işlər görmək, əvvəlki nəsillərin cinayətlərini birlikdə dərk etmək əsl dostluğun, gələcəyə ümumi baxışın əsasını təşkil edir. Bu, keçmişin dəhşətlərinin təkrarlanmayacağına ən yaxşı zəmanətdir.

Almaniya ilə barışıqdan sonra dostluq

Mən xoşbəxtəm ki, bu gün Almaniya və Ukraynanı demokratiya və azadlıq kimi ümumi dəyərlərə əsaslanan dostluq bağlayır. Hərçənd ki, Ukrayna tərəfindən Almaniyanın Rusiya ilə qaz sövdələşmələrinə və Moskva diktatorunu razı salmağa yönəlmiş uzunmüddətli siyasətinə qarşı kifayət qədər haqlı tənqidlər səslənsə də, Almaniya ən çətin anda həm qaçqınları qəbul etməklə, həm də özünümüdafiə üçün silah verməklə Ukraynaya kömək edir.

Alman müharibəsindən səksən il sonra ruslar Ukraynanı məhv etmək üçün gəliblər. Ötən əsrin 40-cı illərində nasistlərin etdiyi kimi, indiki işğalçılar da dinc əhaliyə rəğbət bəsləmirlər. Almanlar üçün o zaman ukraynalılar "insan deyildi". Bu gün isə rusiyalılar üçün ukraynalılar məhv edilməli olan ölümcül düşmənlərdir, çünki onların azadlıq və öz müqəddəratını təyin etmək istəyi Rusiyanın post-imperiya şüurunda ekzistensial təhlükə kimi qəbul edilir.

"Ukrayna satqınlara" nifrət

Rusiyalıların əksəriyyəti itirdikləri imperiya xəyallarını heç vaxt unutmurlar. Ukraynanın Qərblə yaxınlaşması isə bu sarsıdıcı arxaik düşüncəyə ən dəhşətli xəyanətidir. Müstəqil “Levada” institutunun keçirdiyi ictimai rəy sorğusunun son nəticələrinə görə, rusiyalıların 81 faizi Ukraynaya qarşı başlanmış müharibəni dəstəkləyir.

Vladimir Putinin dövründə yenidən dirçəlmiş stalinçi cəmiyyətdə “xalq düşmənlərinə” ancaq ölüm nəzərdə tutulur. Ukraynalılar bunu müharibədən əvvəl də bilirdilər, o cümlədən Peremoqa sakinləri. İkinci dünya müharibəsi ərəfəsində, cəmi 30 kilometr aralıda, Kiyev yaxınlığındakı Bıkovnada, meşənin düz ortasında, məhkəmə və istintaq olmadan minlərlə insan güllələnərək basdırılıb. Yalnız ona görə ki, İosif Stalinin başçılıq etdiyi rejim onları “xalq düşməni” elan etmişdi. Bu gün isə "satqınlar" və "düşmənlər" adlandırılanlar işğalçıları duz-çörəklə qarşılamayan bütün ukraynalılardır.

Ukraynalılara yalnız qələbə lazımdır

Rusiya hərbçilərinin qətlləri və talanları nə qədər iyrənc olsa da, Kiyevin və digər şəhərlərin uğurla müdafiə olunması ruhlandırıcıdır. Qərb Moskvanın eskalasiyanı daha da artıracağı təqdirdə Ukraynanı bütün mümkün vasitələrlə dəstəkləməkdən çəkinməməlidir. Axı ukraynalıların qələbəsi Rusiya despotizminə qarşı mübarizədə Ukraynanın yanında olan və dəyərlər birliyi anlamında özünü yenidən kəşf edən bütün Avropa üçün şans olardı.

Avropanın dinc gələcəyi təhlükə altındadır. Yalnız Ukraynaya qarşı bu biabırçı hücum uğursuzluqla nəticələnərsə, Rusiyada onilliklər boyu dəstəklənən müharibə kultunda çatlar əmələ gələcək. Moskvadakı aqressiv diktator və onun əlaltıları uzun illərdir ki, öz ölkələrinin əhalisini döyüşkən ruhda saxlayırlar. Cinayətkar rejim öz legitimliyini paradoksal olaraq Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsi mifindən alır. Nə qədər ki, rusiyalılar özlərini yenilməz hiss edəcəklər, Avropada davamlı sülh olmayacaq. Axı biz Avropada İkinci dünya müharibəsinin dəhşətlərindən ibrət dərsi alarkən başa düşmüşdük ki, ən vacibi bir daha belə halların baş verməməsidir. Rusiyada isə əksinə, “biz təkrar edə bilərik” şüarı məşhurdur. Bu, şüar təkcə Berlinin ələ keçirilməsi ilə bağlı deyil.

Peremoqa kəndi simvoldur. Rusiya işğalçıları üzərində qələbədən sonra dağıdılan kənd yenidən qurulacaq. Rusiyalıların ən azı bir neçə nəsli sonralar bu dinc kəndlə və Ukrayna ilə nə etdiklərini düşünüb-düşünməyəcəyi bu müharibənin külündə cinayətkar Putin rejimindən nələrin qalmasından asılıdır. tərcümə: moderator.az