Ukraynada məğlub, Rusiyada qalib... – Putin nəyə hazırlaşır, “rus dünyası”nın aqibəti necə olacaq?

Ukraynada məğlub, Rusiyada qalib... – Putin nəyə hazırlaşır, “rus dünyası”nın aqibəti necə olacaq?

7 Aprel 10:56
224
Bəyəndim (1) Bəyənmədim (0)

Vaxtilə Rusiyanın Ukraynadakı ən varlı, nüfuzlu və təbii ki, korrupsiyalaşmış əlaltılarından bir olmuş milyarder Dmitri Firtaş Putinin Ukraynaya qarşı müharibəsinin “misilsiz dərəcədə böyük səhv” olduğunu etiraf edərək, deyib: “Ukraynanın müstəqillik qazandığı gündən bəri heç bir ukraynalı siyasətçi bu ölkəni Putin qədər birləşdirə bilməyib”.

Artıq Rusiyanın əlaltılarından, dostlarından tutmuş rəqiblərinə, düşmənlərinə qədər hər kəs anlayır ki, bundan sonra döyüş meydanında nələrin baş verəcəyindən asılı olmayaraq, Putin Rusiyası Ukraynada acı məğlubiyyətə uğrayıb.

Rusiya siyasi və iqtisadi elitası ilə yanaşı, hətta Kremlin ən qatı təbliğat və əhalini zombiləşdirmə alətləri olan solovyovlar, skabeyevalar və digərləri də hər nə qədər büruzə vermək istəməsələr belə, bunu anlayırlar – başa düşürlər ki, xalqa qalib gəlmək mümkün deyil. Ukrayna Ordusunun arxasında ukraynalıların iradəsi durmasaydı, heç bir “Javelin”, “Stinger”, yaxud milyardlarla dollarlıq xarici dəstək bu dirənişi göstərməyə yetməzdi.

Hazırda böyük qurbanlar, itkilər verən, yurd-yuvalarından didərgin salınan, 21-ci əsrin ən dəhşətli qətliamlarından birini yaşayan ukraynalılar hər şeyə rəğmən, artıq mənəvi qələbə qazanıblar və göstərirlər ki, bu xalq onun vətənini işğala qalxan qonşusundan daha üstün, daha mədəni, daha sivil, daha azadlıqsevər və ən əsası, GƏLƏCƏYƏ ümidi və potensialı olan xalqdır!

Məşhur rusiyalı rejissor, çəkdiyi filmlərlə yanaşı, Putinlə apardığı açıq mübahisələrilə tanınan Aleksandr Sokurov müharibə başlayandan sonra verdiyi müsahibələrin birində deyir: “Dəfələrlə Kiyevdə olmuşam. Hələ institutda ukraynalı həmyaşıdlarımla birgə təhsil alanda görürdüm ki, biz iki fərqli xalqlarıq. İki fərqli təbiətlər, iki fərqli mədəniyyətlər, iki fərqli temperamentlər, iki fərqli motivasiya dünyasına malik xalqlarıq!”

Ukraynalılardan fərqli olaraq, rusların böyük əksəriyyətində “itirilmiş imperiya” kompleksi var. Bəşəriyyətin inkişaf etmiş kəsimi digər planetlərdə həyatın mümkünlüyü, süni intelekt, uçan avtomobillər, xərçəng xəstəliyinin müalicəsi və s. müasir qlobal mövzular üzərində baş sındırarkən, Rusiyada əzici üstünlük təşkil edən məlum zehniyyət hələ də imperiya davası aparır, “itirilmiş rus imperiyası”nın əzabını və həsrətini çəkir. Baxmayaraq ki, zatən dünyanın ən böyük ərazisinə malik Rusiyanın tərkibində onlarla vilayət, yüzlərlə xalq var və bu dövlət elə indiki formasında da böyük imperiya ərazisinə, imperiya mahiyyətinə və imperiya idarəetmə fəlsəfəsinə malikdir. Ancaq imperiya acgözlüyü, görməmişliyi sərhəd tanımırmış...

Təəssüf ki, bu gün və bu günə qədər rusların əhəmiyyətli hissəsinin ən böyük dərdi “bizdən qorxmurlar”, ən böyük həzzi isə “bizdən qorxurlar”, “bütün dünya bizdən qorxur” fikri və təsəvvürüdür. Bu toplum hələ 2008-ci ildə bir ovuc içi boyda ərazisi və əhalisi olan Gürcüstanı əzmək, torpaqlarını işğal etməklə öyünəcək, bunu “böyük qələbə” kimi bayram edəcək qədər “cılız qəlbli” bir toplum olduğunu göstərdi.

Bir müddət əvvəl Dumanın “rus imperiya virusu” daşıyıcılarından olan deputatı Sergey Delyagin Azərbaycana dil uzatdığına görə “üzr istəyərkən” azərbaycanlıların onun “neft infrastrukturunun vurulması təklifindən” qorxduğunu bildirdi. Həm də bunu deyərkən çəp gözlərindəki “bizdən qorxurlar” duyğusundan qaynaqlanan xüsusi sevinc, zövq, həzz işartıları açıq-aydın görünürdü. Yəni ki, müasir, sivil, mədəni, humanist dünyagörüşü ilə bütün əlaqələrini itirmiş xəstə bir zehniyyət!

Rusiyanın imperiya illərində də belə olub, sovet Rusiyası dövründə də, ondan sonra da. Bu gün hətta dədə-baba torpaqları imperiya tərəfindən işğal olunduğu üçün rəsmən Rusiya pasportu daşımalı olan və Rusiya konstitusiyasına görə ruslarla eyni hüquqlara malik dağıstanlıya, tatara, başqırda və digər “ne russki”lərə yekəxana, aşağılayıcı münasibət də həmin bu toplumun xəstə zehniyyətinin məhsuludur və bu toplumu nə yazıq Tolstoy, nə Bulqakov, nə Brodski, nə də digər aydınlar düzəldə bildi...

Bu gün Rusiyadakı bir çox müxalif düşüncəli fəallar könülsüz şəkildə “Rusiyada Sovetdən qalma nəsil təbii yolla həyatını başa vurmayınca” ciddi şüur, dünyagörüşü, zehniyyət, idarəetmə və sistem dəyişikliyini gözləməyin mənasız olduğunu deyirlər.

Elə Putinin də ən qatı və aktiv elektoratı məhz həmin nəsildir(Təəssüf ki, həmin nəslin öz ömrünü başa vurmasından sonra da böyük vektor dəyişikliyinin baş verəcəyi inandırıcı görünmür...) Putin də bu nəslin təfəkkürü üzərində hakimiyyətə gəlib, hakimiyyətdə qalır və onun mümkün gələcək planları bunun üzərində qurulub. Elə Ukraynadakı işğala da nəticənin nə olacağından asılı olmayaraq, həmin nəslin onu “satmayacağına” inanaraq başladı. Başladı və uduzdu...

Bu gün bir çox mütəxəssislərin proqnozlarından belə qənaət yaranır ki, “Putin Ukraynada uduzacaq, amma Rusiyada qalib gələcək”.

Yəni deyəcək ki, guya əvvəldən qarşıya qoyulan bütün hədəflərə çatılıb, “qələbə” qazanılıb, lakin müharibədə satqın və oğru generallar olub (Qurbanlıq keçilərin kimlər olacağı isə başqa söhbətin mövzusudur) və biz onların sonuna çıxacağıq və s.

Lakin “Ukraynada uduzub, Rusiyada qalib gələn” təkcə Putin deyil, həm də rus xalqı, rusiyalılar olacaq. Bu “qələbə” isə dünya tarixinə “rus dünyası” adına utanc, hərbi cinayət və biyabırçı məğlubiyyətdən başqa bir iz qoymayacaq...AzPolitika.info