Putinin gəmisi batır: İlk "siçovul" kim olacaq?

Putinin gəmisi batır: İlk "siçovul" kim olacaq?

6 Aprel 2022 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

“Belə bir proqnoz vermək çox mürəkkəb bir məsələdir ki, kim Putinə qarşı çıxış edəcək”.

Oxuməni.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Fikrət Sadıxov Yenisabah.az-a açıqlamasında deyib.

Politoloq Çeçenistan rəhbəri Ramzan Kadırovun “Putinə sadiqlik göstərənlər azdır” ifadəsini, habelə onun Dmitri Peskov ilə çıxdığı söz davasından söz açarkən deyib.

Mütəxəsisin sözlərinə görə, digər bir reallıq da odur ki, yaranmış belə bir vəziyyətdə Putinin ətrafında olan şəxslər görünür ki, müxtəlif mövqedədirlər:

“Lakin buna baxmayaraq, daha sərt mövqedə olanlarla yanaşı mülayim mövqe nümayiş etdirənlər də var. O cümlədən bu müharibənin acı nəticələrinin olması ilə bağlı öz fikirləri olan şəxslər də mövcuddurlar. Ola bilsin ki, Ramzan Kadırov bunu yaxşı bilir və içəridən olan məlumat ona çatıb”.

F. Sadıxov əlavə edib: “Düzdür, Dmitri Peskov öz şərhində bu məsələni malalamağa çalışaraq deyib ki, hər kəsin öz fikri var və bu heç də o demək deyil ki, burada hansısa radikal qüvvələr mövcuddur və s. Amma artıq hiss olunur ki, narazı olanların sayı da az deyil. Ancaq bunlar kimlərdir və narazılıqlarını necə bildirirlər, bu, bizə hələlik bəlli deyil. Bildiyiniz kimi, müharibə uzandıqca, çoxlu qan tökülür və burada Rusiyanın maraqlarına cavab verən nəticələr əldə olunmur. Təbii ki, bu münaqişə davam etdikcə, düşünürəm ki, narazı olan şəxlsərin sayı da çoxalacaq”.

Siyasi şərhçi sanksiyalar mühitində rus ictimai rəyininin bu məsələyə olan baxış bucağından da söz açıb:

“Mən bir daha qeyd edirəm, vəziyyət gərginləşsə və Rusiyaya qarşı olan sanksiyalar daha gərgin şəkil alsa, o cümlədən Rusiyadakı siyasətçilər, oliqarxlar və hərbçilər başa düşsələr ki, artıq Rusiya boğulur və sanksiyalar onların nəinki dövlət, hətta şəxsi maraqlarına zərbə vurur, əlbəttə ki, burada artıq narazılıq edən kütləni kiminsə qaldırması mümkündür. Amma bu kütləni qaldırmaq üçün də təbii ki, maliyyə lazımdır və görünür ki, oliqarxlar maliyyə imkanlarından uzaqlaşdırılıblar. Lakin bunu müəyyən hərbi və siyasi dairələr də dəstəkləyə bilər. Yenə təkrar edirəm, vəziyyətin daha da gərginləşməsi fonunda bu, ola bilər. Çünki bu vəziyyət artıq rus ictimai mühitinin gələcək addımlarına da öz təsirini göstərəcək”, - deyə ekspert yekunlaşdırıb.