Fransa seçkiləri: Paşinyanın Makronu satdığı Pekress məğlub olur

Fransa seçkiləri: Paşinyanın Makronu satdığı Pekress məğlub olur

6 Aprel 2022 11:51
Bəyəndim (1) Bəyənmədim (0)

Fransada bu həftənin bazar günü prezident seçkiləri keçiriləcək: seçki öncəsi son rəy sorğuları hazırkı prezident Emmanuel Makronun lider olduğunu göstərir; Makronu ultra-sağçı Le Pen ikinci yerdə izləyir; seçki ikinci tura qalarsa, yenə bu iki namizədin – Makron və Le Penin mübarizə aparacağı proqnozlaşdırılır;

Bu seçkilər Azərbaycan cəmiyyəti üçün həm də namizədlərdən Valeri Pekressin bu ilin yanvarında Qarabağa qanunsuz səfər etməsi baxımından maraqlıdır. Fransanın prezidenti olmaq istəyən Pekress öz ölkəsinin xalqını və problemlərini bir kənara ataraq, ermənilərin arxasınca düşmüş, bununla seçki marafonunda önə çıxacağını hesablamışdı.

Pekressin beynəlxalq hüququ tapdaması ona seçkidə kömək edəcəkmi?

Rəy sorğuları göstərir ki, 4 gün sonra seçki məntəqəsinə gedəcəcək Fransa seçiciləri Pekressi dəstəkləmək niyyətində deyil: Valeri 9,5 faiz səslə beşinci sıralamada yer alır, hətta seçkidə səs qazanmaq üçün erməni kartını onunla birlikdə istifadə edən digər namizəd Erik Zemmurdan belə geridədir, halbuki xanım namizəd Zemmurdan fərqli olaraq, təkcə Ermənistana yox, həm də Azərbaycan torpaqlarına qanunsuz səfər etmişdi. Hazırkı göstəricilər təsdiq edir ki, Pekressi nə erməni kartı, nə erməni icması, nə də Paşinyan xilas edə biləcək.

Səbəb ortadadır: Pekress Fransa seçicilərinin yox, ermənilərin “namizədi” kimi seçkiyə qatılıb;

Fransa hazırda Avropanın sosial-iqtisadi çətinliklər yaşayan əsas ölkələrindən biridir. Son illər inflyasiya ciddi həddə çatıb, xüsusilə pandemiya iqtisadiyyata ağır zərbə vurmaqla yanaşı, sosial rifahın da kəskin enişinə səbəb oldu. Bunun fonunda səhiyyə problemləri də həllolunmaz vəziyyətə çatıb. Son dövrlər kütləvi etirazlar da mövcud vəziyyəti izah edir.

Bu mənzərə fonunda Fransada prezidentliyə namizədlərin ölkə əhalisinin problemləri üzərindən seçki kampaniyası aparması, seçki vədləri verməsi və problemlərin həlli yollarını göstərməklə seçkidə səs qazanması normal məntiqdən qaynaqlanır. Lakin bu seçkilərdə erməni kartı Fransa seçkilərinin heç olmadığı qədər mərkəzində dayandı və namizədlər arasında bu kartdan ən çox istifadə etməyə çalışan da Valeri Pekress oldu. Erməni məsələsinin Fransa xalqının maraqlarından bu qədər önə çıxmasının birdən çox səbəbi var:

- Fransanın erməni icması: bu ölkədə 700 minə yaxın erməni yaşayır, onlardan 400 mini səsvermə hüququna malikdir;

- Erməni diasporu/lobbisi: Fransanın daxili və xarici siyasətində bu şəbəkənin təsir imkanları var;

- “Şərqdə xristianların müdafiəsi” tezisi: Fransada Ermənistan xristianlığın “şərq cinahı” hesab edilir və siyasətçilər bu amildən yararlanmaq istəyirlər;

Bu 3 faktor bir-birinə bağlıdır. Prezidentliyə namizəd Pekress də seçkilərin Fransada olduğunu unudaraq, maksimum erməni kartına oynamağa çalışdı. Ermənistana səfər etdi və burada ermənilərin maraqlarını müdafiə edən bəyanatlarla çıxış etdi. Bu səfər çərçivəsində gizli şəkildə Qarabağa qanunsuz səfər etdi. Səfərdən sonra Azərbaycana qarşı qeyri-etik, siyasi əxlaqdan uzaq ittihamlar irəli sürdü. Pekress hesab edirdi ki, Paşinyandan çox ermənilik etməsi onun seçkidə önə çıxması ilə nəticələnəcək. Lakin seçkiyə sayılı günlər qalmış rəy sorğularının nəticələri təsdiq edir ki, xanım namizədin arzusu çin olmayıb.

Və bu, Valeri Pekressin “marionet” siyasətçi olduğunu sübut edir. Çünki erməni diasporunun/lobbisinin ona dəstək sözü verdiyi istisna deyildi və o, Fransa xalqının maraqlarını, sosial problemlərini kənara atıb, “uzaq şərqdəki” ermənilərin maraqlarından çıxış etdi. Bunun nəticəsidir ki, sıralamada beşinci yerdə qərarlaşıb və seçkidə qalib gəlməyəcəyi artıq aksiomadır. Hətta seçkilər ikinci tura qalarsa, Pekress ümumiyyətlə mübarizədən kənarlaşmalı olacaq. Pekress seçki kampaniyasını Ermənistanda və Qarabağda qurmaqla Fransa xalqını satdı.

Lakin bu prosesdə yeganə satqın Pekress deyil, həm də Makronun dostu Nikol Paşinyandır. Pekressin Ermənistana və Qarabağa səfərini təşkil edən, ona erməni kartından maksimum yararlanmaq imkanı yaradan əsas şəxs Paşinyan idi və erməni baş nazir bununla Fransa seçkilərinə süni şəkildə müdaxilə edir, Makronun rəqibinin önə çıxmasına şərait yaradırdı. Hərçənd, Paşinyanın hakimiyyətə gəlişindən sonra Avropada ona dəstək verən, hətta əsas dayağı deyə biləcəyimiz lider Makron idi. Bu qədər dəstəyə rəğmən, Paşinyan arxa planda öz oyununu oynayır, Makrona yox, Makronu iqtidardan salmaq istəyən Pekressə “yatırım etdi”.

Bu, Nikol Paşinyanın xislətinə sadiq qalaraq, Makronu rəqiblərinə satmasının bariz nümunəsidir. Pekressin rəy sorğularında beşinci sırada qərarlaşması isə Paşinyanın uzaqgörən olmadığını, siyasətdə diletanlığını təsdiq edir. Eməni baş nazir hesab edirdi ki, Fransadakı problemlər Makronun ikinci dəfə seçilməsini mümkünsüz edəcək və öncədən Pekressə gizli dəstəyi ilə gələcəyi sığortalamağa çalışdı. Seçkiyə günlər qalmış Makron birinci sırada yer alır və proqnozlara görə, seçki ikinci tura qalsa da, onun seçilmək imkanı böyükdür. Paşinyanın dəstəklədiyi Pekressin nəticə əldə etməyəcəyi indidən bəllidir. Maraqlıdır:

- Makron seçiləcəyi təqdirdə Paşinyan satqınlığını necə izah edəcək, yaxud onun U dönüşü necə olacaq?

- Makron Paşinyanın xəyanətini, erməni baş nazirin ölkəsinin seçki prosesinə qədər müdaxiləsini cəzalandıracaqmı?publika.az