Pakistanın baş nazirini kimlər və niyə devirmək istəyir?

Pakistanın baş nazirini kimlər və niyə devirmək istəyir?

4 Aprel 13:23
171
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda bir neçə həftədir davam edən siyasi böhran parlamentin buraxılması ilə nəticələnib. Bazar günü Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı buraxıb.

Bazar günü həmçinin Nazirlər Kabineti buraxılıb, ancaq seçkilərə qədər Baş nazir İmran Xan vəzifəsində qalacaq. Bu isə müxalifətin istəmədiyi ssenari idi. Çünki bir qədər əvvəl müxalifət bildirmişdi ki, seçkilərə İmran Xanın rəhbərliyi ilə getmək istəmirlər.
Bundan sonra isə siyasi proseslər üçün həlledici əhəmiyyəti olan Ordu Baş Qərargahı hadisəlrə münasibət bildirib və siyasi proseslərə qarışmayacağını bəyan edib. Bu isə İmran Xan üçün əhəmiyyətli olan ikinci mühüm amildir. Çünki bir çox Şərq ölkələrində olduğu kimi, Pakistanda da ordu yarımüstəqil qurumdur və ölkədəki siyasi proseslərə ciddi təsiri var.

İndi yerli qanunlara əsasən Pakistanda 90 gün ərzində yeni parlament seçkiləri keçiriləcək. Müxalifət isə İmran Xana qarşı mübarizəni davam etdirəcəyini bildirir

1947-ci ildə müstəqil olan Pakistanda bu günə qədər heç bir hökumət başçısı 5 illik hakimiyyət müddətini tam olaraq başa vura bilməyib. Parlament idarə üsulunun hakim olduğu Pakistanda demokratik seçkilər və ədalətli məhkəmə sistemi olsa da, ölkədə siyasi sabitlik mövcud deyil, seçkilərlə iqtidara gəlmiş hökumətlər müddət tamam olmamış hərbi çevriliş və ya korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırırlır, bəzən isə edam edilir.

Keçmiş kriket çempionu İmran Xan 2018-ci ildə keçirilmiş seçkilərdə qalib gəlib. Onun lideri olduğu Pakistan Ədalət Hərəkatı (Pakistan Tahrike İnsaf, qısa adı PTİ – K.R.) seçkilərdə ən çox səs qazanan partiya olub. 342 yerlik Pakistan parlamentinin aşağı palatasında 272 mandat ümumi səsvermə ilə əldə olunur. 70 mandat isə qadınlara və dini azlıqlara ayrılan kvotadır. Qanuna əsasən hökumət qurmaq üçün partiya və ya koalisiyaya 172 mandat lazımdır. İmran Xanın hərəkatı ümumi seçkilərdə 116 mandat qazanıb və daha sonra müstəqillərin (9) və azlıqların (33) səsi ilə 158 mandat əldə edib. Parlamentdə ikinci ən çox səs alan partiya isə ümumilikdə 64 səs alıb. Beləliklə, koalisiya quraraq 172 lazımı səs alan İmran Xan Pakistanın baş naziri olub.

İmran Xan rəqibləri ilə siyasi duelin birinci raundundan qələbə ilə çıxdı; Pakistanın baş naziri iddia edir ki, ABŞ hakimiyyət çevrilişi etməyə çalışır

İmran Xanın baş nazirliyi dövrü regionda həddən artıq həssas bir mərhələ təsadüf edib. Bir tərəfdən Hindistanla bir neçə dəfə gərginik baş verib, digər tərəfdən Pakistanın ABŞ-la münasibətləri soyuyub və İslamabad Çinlə yaxınlaşmağa çalışıb. Üstəlik 2021-ci ildə Əfqanıstanda Talibanın yenidən hakimiyyətə gəlməsi Pakistan üçün ciddi sınaq olub. Bir tərəfdən də ölkədəki inflyasiyanın dərinləşməsi, yoxsulluğun artması İmran Xana çətin sınaq olub. Lakin bütün bunlarla yanaşı İmran Xan sülhsevər siyasət aparıb, qonşu ölkələrlə, o cümlədən Hindistanla gərginliyin müharibəyə çevrilməsinə imkan verməyib, müsəlman ölkələri ilə isti münasibətləri qoruyub saxlayıb.

Lakin mart ayında müxalifət ölkədəki bahalaşma və korrupsiyanı əsas gətirərək baş nazirə qarşı impiçment təşkil etməyə çalışıb. Daha sonra İmran Xanın rəhbərlik etdiyi hərəkatdan və koalisiyadan 13 deputat ayrılaraq müxalifətə tərəf keçib. Həmçinin bir neçə nazir istefa verib.

Bəzi media orqanları isə hadisələrin arxasında İmran Xanının ABŞ-la münasibətlərinin soyuması və Rusiya ilə yaxınlaşmasını qeyd edirlər. Belə ki, bu il fevralın 23-də İmran Xan Moskvaya səfər edərək Rusiya prezidenti Putinlə görüşüb, əlaqələrin inkişafını müzakirə edib.

Ukraine crisis: Why Imran Khan′s Russia trip will further isolate Pakistan  | Asia | An in-depth look at news from across the continent | DW |  25.02.2022

Pakistan baş naziri İmran Xan və Rusiya prezidenti Vladimir Putin

İmran Xanın Moskva səfərindən az sonra isə parlamentdə baş nazirə qarşı “qiyam” baş verib. İmran Xan isə baş verənlərə görə ABŞ-ı ittiham edib. Eyni zamanda tərəfdarlarını meydanlara səsləyib, milyonluq mitinqlər təşkil edib.

İmran Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi toplantıda ona təhdid məktubu göndərilib. Baş nazirin iddiasına görə, məktubda “İmran Xan gedərsə, Pakistan əfv ediləcək, əks təqdirdə, nəticələri ağır olacaq” yazılıb. Baş nazir bildirib ki, amerikalılar Moskva ziyarətinin onun qərarı olduğunu iddia edir, lakin İmran Xanın sözlərinə görə bu səfər baş nazirlə yanaşı XİN, ordu və dövlət rəhbərliyinin birgə qərarı olub.

Mümkündür ki, Bayden administrasiyası digər dünya ölkələri kimi Pakistan hökumətini də Moskva ilə əlaqələrdən çəkindirməyə çalışıb. Çünki oxşar müzakirə və danışıqlar Çin, Hindistan və digər nisbətən neytral ölkələrlə aparılıb. Lakin amerikalıların İmran Xana bu mesajı bir şəkildə baş nazirin işinə yarayıb.

Nəticə etibarı ilə İmran Xan rəqibləri ilə siyasi duelin birinci raundundan qələbə ilə ayrılıb. Qarşıdakı 90 gün ərzində növbədənkənar parlament seçkiləri keçiriləcək və bu zaman İmran Xanın həqiqi xalq dəstəyi üzə çıxacaq. Hazırkı vəziyyət göstərir ki, İmran Xanın növbədənkənar seçkilərdə uğurlu nəticə göstərib, hakimiyyətini qoruyub saxlaması ehtimalı yüksəkdir. Çünki hazırda həm dövlətin yüksək rəhbərliyində, həm də orduda İmran Xana ciddi dəstək var. Mitindqlərdə də ciddi xalq dəstəyinin olduğu göründü. Bu üç amil isə Pakistanda həlledicidir. Musavat.com