Ukrayna Rusiyadan dəhşətli qisas aldı: Belqoroddakı neft bazasına zərbələr endirdi-Video

Ukrayna Rusiyadan dəhşətli qisas aldı: Belqoroddakı neft bazasına zərbələr endirdi-Video

1 Aprel 2022 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Belqorod şəhərində, Ukrayna ilə sərhəddən 40 kilometr məsafədə yerləşən neft bazasına bu gün səhərə yaxın vertolyotlardan endirilmiş raket zərbələri nəticəsində başlamış yanğın hələ davam edir. Rusiya KİV-ləri xəbər verir ki, neft bazasında 8 rezervuar yanır. Qonşu Kursk vilayətində də güc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib, yanan neft bazasının yaxınlığında yaşayanlar təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında isə deyilir ki, yanğının söndürülməsi üçün 194 xilasedici cəlb edilib, yanan bazaya alovu söndürmək üçün köpük vurulur.

Bildirilir ki, zərbələr nəticəsində yaxınlıqda yerləşən nəşriyyat binası da dağılıb. “Saat 5.30-da partlayış səsləri eşidildi. Sonra nəşriyyatın sahibi zəng vurdu və binaya aviazərbə endirildiyini bildirdi. Nəşriyyatın ərazisində raket qalıqları var”, - nəşriyyatın direktoru bildirib.

Xatırladaq ki, Rusiya tərəfi neft bazasına Ukrayna vertolyotlarının zərbə endirdiyini bildirir. Ukrayna tərəfi hələlik bunu nə təsdiq, nə təkzib etməyib. Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov isə nəyə görə hava hücumundan müdafiə qüvvələrinin bu hücumun qarşısını ala bilmədiyini əsaslandırmaq üçün deyib ki, Ukrayna vertolyotları çox aşağı hündürlükdən uçublar. Hava hücumundan müdafiə sistemləri isə belə hündürlükdən uçan hava hədəflərini görə bilmir.

***

Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib.

Oxuməni.az xəbər verir ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.

Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.

Qubernator deyib ki, yanacaq bazasına yaxın küçələrdən sakinlər təxliyə olunur və “Belqorod-Arena” stadionunda yerləşdiriləcək. Yanğın söndürüləndən sonra onlar evlərinə qayıda bilərlər. Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib.

“Neft bazasında irimiqyaslı yanğınla bağlı yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişməklə məşğuluq. Situasiya stabildir. Yanacaq qıtlığı olmayacaq”, - o deyib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə bildirir ki, neft bazasında yanacaqla dolu rezervuarlar yanır, yanğınsöndürənlər alovun qonşu rezervuarlara keçməsinin qarşısını almağa çalışır.

Xatırladaq ki, martın 29-da Belqorodda sursat anbarında yanğın və partlayışlar baş vermişdi. Bununla əlaqədar şəhərin bir hissəsindən əhali təxliyə olunmuşdu. Bazaya Ukrayna aviasiyasının zərbə endirdiyi bildirilirdi. Bu isə Rusiya hakimiyyətinin Ukraynanın Hərbi Hava Qüvvələrinin artıq məhv edildiyinə dair hələ müharibənin ilk 3 günündən sonra verdikləri bəyanatların təkzib edilməsidir.virtualaz.org