Zelenski: “Putin Ukrayna kimi Avropanı da bölmək istəyir"
Ukrayna Prezidenti Zelenski Rusiya lideri Vladimir Putinin Ukrayna kimi Avropanı da parçalamaq istədiyini iddia edib.
Oxuməni.az xəbər verir ki, o, bu barədə Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində danışıb.
“Putin Ukrayna kimi Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Nə qədər ki, Rusiyanın hücum etmək imkanı var, bütün qitə təhlükə altındadır”, - Zelenski bildirib.
O, Rusiyanın ölkəsinə qarşı müharibəsində xalqının yanında olduğunu bildirib:
“Kreml sovet ittifaqının Hitlerə qarşı savaşı kimi, bu müharibənin də bizim üçün Vətən müharibəsi olacağını gözləmirdi. Putinin adamları Ukraynanı tanımır. Amma biz beləyik. Ukraynanın yanındasınızsa, özünüzü təhlükəsiz hiss edirsiniz. Bu, Qərbdə çoxlarının öyrənməli olduğu bir prinsipdir”.
Zelenski Ukraynada və Kiyevdə olduğunu deyib: “Amerikalılar məni yanlış tanıyırlar. Mən xalqımın yanındayam”.
Rusiyanı dayandırmaq üçün sanksiyaların kifayət etmədiyini vurğulayan Zelenski Qərb şirkətlərinin hələ də müxtəlif bəhanələrlə Rusiya bazarında qaldığını bildirib.
O, sanksiyaların daha da sərtləşdirilməsinin lazım olduğunu deyib:
“Bu indi baş verməsə, Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan və Rusiyanın bütün digər qonşularını işğaldan qorumaq üçün daha çox iş görməli olacaqsınız. Sanksiyalar daha da sərtləşdirilməlidir”.


















































































