Xarkovda Ukrayna ordusu əks hücuma keçərək düşməni qaçmağa məcbur edib
Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın bölmələri ərazi özünümüdafiə bölmələri ilə birlikdə Rusiya ordusunun mövqelərinə əks hücuma keçib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, nəticədə ruslar mövqelərini tərk edərək meşəyə qaçıblar. Bu haqda Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov özünün Telegram-kanalında bildirib.
“Bizim hərbçilərimiz Derqaçey istiqamətində düşmənə növbəti zərbə endirib. Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının hissələri Milli Qvardiya və ərazi özünümüdafiə bölmələri ilə birlikdə düşmənin reaktiv yaylım atəşi və artilleriya mövqelərinə əks hücuma keçib. Həmin mövqelərdən Xarkov şəhəri sistemli şəkildə atəşə tutulurdu. Onlar uğursuz müdafiə cəhdindən sonra hərbi texnikanı, sursatı və ağır silahları ataraq meşələrə qaçıblar”,-vilayət rəhbəri məlumat verib.



















































































