
Eks prezident: “Mən Zelenski ilə deyil, Ukraynaya Ukrayna üçün savaşmağa qayıdıram"-Video
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko ölkəsinə qayıdıb.
Oxuməni.az yerli mətbuata istinadla xəbər verir ki, o, Kiyev hava limanına toplaşan tərəfdarlarına müraciət edərək "bura Poroşenkonu müdafiə etməyə yox, Ukraynanı müdafiə etməyə gəlmişik" deyib: “Biz Ukraynanın güclü olduğunu, Rusiya Prezidenti Vladimir Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”.
Qeyd edək ki, dekabrdan ölkə xaricində olan Poroşenko yanvarın 16-da Varşavada mətbuat konfransı keçirib. O, özünə qarşı irəli sürülmüş vətənə xəyanət ittihamlarını indiki Prezident Vladimir Zelenskinin müttəfiqlərinin siyasi motivli hücumu hesab edir.
56 yaşlı keçmiş Prezident, hazırda deputat və müxalifətdə olan Avropa Həmrəylik Partiyasının lideri vətənə xəyanətdə ittiham olunur. Onun vəzifədə olduğu 2014-15-ci illərdə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların kömür satmasına kömək etdiyi iddia olunur.
Poroşenko və partiyası isə ittihamları rədd edir, Zelenskini Rusiya aqressiyasına qarşı milli vəhdət gərəkdiyi bir vaxtda siyasi təqiblə məşğul olmaqda suçlayır. “Mən Ukraynaya Ukrayna üçün savaşmağa qayıdıram, Zelenski ilə savaşmağa deyil. Məncə, bu, indiki rəhbərliyin ölkəni parçalamaq və birliyi pozmağa yönəlik çox məsuliyyətsiz addımıdır”, – o vurğulayıb.
Ukraynanın ən varlı biznesmenlərindən olan Poroşenko Kiyevə çatan kimi həbs olunacağına inanmadığını söyləyib.
Yanvarın 6-da Kiyevdə məhkəmə vətəndə xəyanət ittihamı üzrə təhqiqat çərçivəsində Poroşenkonun əmlakının üzərinə həbs qoyub. Ötən ay isə müstəntiqlər məhkəmə qarşısında onun həbsinə dair vəsatət qaldırıblar. Vəsatətdə Poroşenkonun 1 milyard qrivna (37 milyon dollar) müqabilində girovluğa buraxmaq ehtimalı da nəzərdə tutulub.
Poroşenko 2014-cü ilin xalq etirazlarından sonra qərbyönlü hökumətin başçısı seçilib. Bu etirazlar Rusiyanın dəstəklədiyi Prezident Viktor Yanukoviçin devrilməsilə nəticələnib. Rusiya həmin il Krım yarımadasını ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.
Poroşenkoya qarşı iddialar Zelenski və müttəfiqlərinin hesab çürütməsi sarıdan yerli və beynəlxalq miqyasda narahatlığa səbəb olub.
Bu arada Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi Vladimir Putinin bu ölkəyə hücum planlaşdırmasıyla bağlı ehtimallara yol açıb. “İndiki məqamda, mənə elə gəlir ki, Ukraynanın bütün siyasi liderləri birlik nümayiş etdirməli, qütbləşmə yarada biləcək addımlardan çəkinməlidirlər”, – Britaniyanın Ukraynadakı səfiri Melinda Simmonz yanvarın 15-də tvitində yazıb.