Poeziya buketi, nəğmə çələngi

Rəsul Murovdağlı
ŞÜBHƏN OLMASIN
Sirri dosta versən, dostdan incimə,
Sonu çox açıqdır, şübhən olmasın.
İlləri ha topla ömrün üstünə,
Yenə çıxhaçıxdır, şübhən olmasın.
***
Əgər həsrətinin odu dərinsə,
Eşqdir misra-misra sözü yeritsə.
Şeir ürəyinin yağın əritsə,
Üzə çıxacaqdır, şübhən olmasın.
***
Könül arzuları yesir köz daşı,
Yazım vərəqlərə közdən söz daşı.
Göylərdə buludlar udur göz yaşın,
Dolub yağacaqdır, şübhən olmasın.
***
Sudan çıxarmadı çulun zəmanə,
Lüt qalıb sevgisi yalan zəmanə.
Bəşərdən hamilə qalan zəmanə,
Şeytan doğacaqdır, şübhən olmasın.
GEDİR
Xəyalım ayırdı özümü məndən,
Yazdığım hər misra nidamdan gedir.
Geriyə dönmədi qaçaq sevincim,
Təbim qucaqlaşıb butamdan gedir.
***
Göydə günah varsa, axı yerə nə?!
Günahın içində düşür yer ünə.
Nadanı qoyanda adam yerinə,
Adamlıq inciyib adamdan gedir.
***
Yaxşı ki, qalıbdı yaxşılar, dedim,
Rəsul, yerdən göyə yaxşı ol, dedim.
Dünən gedənlərə “yaxşı yol” dedim,
Bu gün gedənlərim “qadamdan” gedir.
YOL
Baxışımın nidasında yoruldu,
Bir zamanlar canı candan edən yol.
Mənim kimi sızım-sızım sızlayır,
Ağrılara, acılara bədən yol.
***
Sevən könlüm dünya boyda sirr məzar,
Xəyallarım sığışmayan dar məzar.
Bu cismimə göy baş daşı, yer məzar,
Öləziyən ümidlərə didəm yol.
***
Saf eşqimin dərddir ömür məbədi,
Dağ arzular yonulubdu, təpədi.
Qorxuram ki, düyün düşə əbədi,
İt ilindən it gününə gedən yol.

Gülər Natiq İsaq
KİMİ
Sən dünyama gələndən,
Hər yeri doğma bildim.
Nəfəsin havam oldu,
Özün nəfəsim kimi.
***
Yurdunu yurdum bildim,
Ocağım, odum bildim.
Qulağımda ney oldun,
Ən doğma səsim kimi.
***
Bəs sən nə idin onda,
Nəyə səy göstərirdin?!
Üzdə doğma görünən,
Yad olan kəsim kimi.
***
Mənə necə yol aldın?
Sən necə bəxtim oldun?
Özü mövcud olmayan,
Mücərrəd isim kimi...
SƏNSİZ
Mən çox darıxanam sənsiz,
Gecə yuxum ərşə dirək.
Sənin darıxmağın necə?
Bircə sözlə rəsmini çək,
Yanına da qoy bir ürək.
***
Yazma daş, qaya üstünə,
Gözləmə gəlsin güllü yaz.
Bir meyvə seç, üzərinə,
Adımın baş hərifini yaz.
***
Xəyallarım görüş yeri,
Həsrətin yeri gül-çiçək.
Yenə hiss gəldi ötəri,
İndi burdan yar keçəcək,
İgid, aslan parçasıtək.
GƏLDİM
Qoru, məni öz şərimdən,
Zənnə uymamağa gəldim.
Allah, qəflət yuxusundan,
İndi oyanmağa gəldim.
***
Qoy, girsin min cürə dona,
Elə bilsin dostam ona.
Cənnətindən qovduğuna,
“Şeytana uymağa” gəldim.
***
Necə sərsəmləmədisə,
Nə işdi, nə nəsnədisə.
Hansı gün mənə güldüsə,
Onu haylamağa gəldim.
***
Demədim, ahu-zar yetir,
Azar yetir, bezar yetir.
Nolar, xoş güzar yetir,
Çiləyə doymağa gəldim.
***
Görsən mən adlı qulunu,
Çək duaya əl-qolunu.
Göstər ən doğru yolunu,
Eşqini yaymağa gəldim.
Hazırladı İsa Rəvan






























































































