Anqun: “Azərbaycan uğurları ilə inkişaf etmiş ölkələrə meydan oxuyub”

Anqun: “Azərbaycan uğurları ilə inkişaf etmiş ölkələrə meydan oxuyub”

25 May 2012 18:08
Bəyəndim (0) Bəyənmədim (0)
“EMM-2012”-nin Fransa təmsilçisi siyasi suallara tarixi araşdırmalarla cavab verdi

Bu gün saat 14:30-dan etibarən böyük altılığın məşqləri və mətbuat konfransları start götürüb. Eurovision.tv-nin məlumatına görə, Fransanın İndoneziya əsilli təmsilçisi Anqun da məşqqabağı mətbuat konfransı keçirib. Vaxt azlığından sualların sayı məhdud olub. Bununla belə, konfrans maraqlı və təxribatçı suallarla, eyni zamanda gözəl və məntiqli cavablarla yadda qalıb. "Echo - You and İ (Əks səda – Sən və Mən)" mahnısının ifaçısı finala qədər üç dəfə məşqə çıxacağını bildirərək, son altı ay ərzində "Eurovision" arzularının çin olduğunu vurğulayıb. O, özünü olduqca xoşbəxt hiss etdiyini bildirməklə yanaşı, möhtəşəm "Bakı Kristal Zalı"nda ifa etməkdən zövq aldığını etiraf edib. Onu klipdə və çıxışı zamanı müşayiət edəcək kişilərin çılpaq olmaları məsələsinə müğənni maraqlı açıqlama gətirib. O, həmin kişilərin geyinməyi xoşlamadıqlarını, özünün isə onlara qarşı tolerant olduğunu bildirib.

Anqun Bakı haqqında təəssüratlar və Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə suala tarixi həqiqətlərə toxunaraq cavab verib: "Mənim Azərbaycan və Bakı haqda təəssüratlarım yüksəkdir. Bunu dəfələrlə müsahibələrimdə demişəm. Ölkə çox gəncdir. SSRİ-dən 20 ildir ayrılaraq müstəqilliyini bərpa edib. Mən hesab edirəm ki, Azərbaycan qadınlara səsvermə hüququnu verən ilk müsəlman ölkəsidir. Bu, hələ uzaq 1918-ci ildə baş verib. O, vaxt Azərbaycan ideal ölkə olmasa da, sonradan uğurları ilə inkişaf etmiş ölkələrə meydan oxuyub. Çox işlər görmək lazımdır. Bunun üçünsə onlara vaxt verməliyik".

Qısa sual-cavabdan sonra Anqun birbaş məşqə yollanıb.

O.M.