Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

5 Yanvar 2021 10:49
Bəyəndim (2) Bəyənmədim (0)

Kirman Rüstəmli

ZƏFƏRLƏ QAYIDAN ƏSGƏR

Bir azdan bitəcək gedəcəyin yol,

Evinə çatdınsa, qapı döyəssən.

Çəməndən yığdığın sarmaşıqlı kol,

Əlində hədiyyə, öyünəcəksən.

***

Rəbbim açıq etmiş sənin yolunu,

Ulduzu yolunda mayak eyləmiş.

Dolayar boynuna anan qolunu,

Səni gözləməkdən acılar yemiş.

***

Arxandakı çantan zəfərlə dolu,

Paylaş hədiyyəni, ay qoçum bizlə.

Gül-çiçəyə bürüdük gəldiyin yolu,

Yollar da sevindi qələbəmizlə.

***

Bilməzdik heç zaman torpaq sormağı,

Bir ovuc torpaq da Vətənmiş bizə.

Qana bulaşmışsa Vətən torpağı,

Demək, o güllələr dəyirmiş bizə.

ŞUŞA

Səni görüb necə biz gəldik coşa,

Aç qucağın, bizi qarşıla, Şuşa!

Ayrılıq həsrəti bitirdi bizi,

Əl əldə, dil dildə, verək baş-başa.

***

Bu gün sənin günün, büsat mübarək,

Partlayan mərmilər, sursat mübarək!

Azadlıq mübarək, qat-qat mübarək,

Qurbanam gözündə bir damcı yaşa,

Mən səni vermərəm özgəyə, Şuşa!

ZƏFƏR MARŞI

Gözlədim bu günün saatın, anın,

Qanla çalxalanmış belə dünyanın.

Qalibiyyət adlı zəfər dastanın,

Başlayıb ilk notun yazmalıyam mən,

Səni uğurlayıb, Vətən, ay Vətən!

***

Sənə verilməli borcum da çoxdur,

Mənə verdiklərin heç yerdə yoxdur.

Mən balan olaraq gözlərim toxdur,

Bu qüdrət, təzahür sənin əlindən,

Alıb qüvvətləndim, Vətən, ay Vətən!

***

Vətən evimdirsə, qürbət nədir ki?

Düşməni əzməyə cürət nədir ki?

Zəfər əlimizdə, sürət nədir ki?

Şuşa beşiyimdir, ta ki, əzəldən,

Qoy dönüm başına, Vətən, ay Vətən!

***

Bir ucun Bakıdır, bir ucun Təbriz,

Səsləsən köməyə aşıb gələriz.

Əlində gül-çiçək, neçə gülərüz,

Bizi qarşılayar, Vətən , ay Vətən,

Zəfərin yayılar cahana Vətən!

Vüsalə Vətənxan Mehri

ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!

(Şəhid Cəbrayıl Dövlətzadəyə)

Anacan, ad günün mübarək olsun!

Başını uca tut, göz yaşı tökmə.

Fəxr elə, şəhidlik zirvəsindəyəm,

Ağlama, heç zaman dərd-qəmi çəkmə.

***

Haqqını halal et, gələ bilmədim,

Bu il yanağından öpə bilmədim.

Öpmüşəm vətənin torpağını mən,

Vətəni tək qoyub, dönə bilmədim.

***

Fəxr elə, anacan, qürur duy hər vaxt,

Düşmənə bircə an boyun əymədim.

Halal torpağımda döyüşdüm, ancaq

Özgə torpağına zərrə dəymədim.

***

Anacan, andımız var idi bizim,

Vətənçün yaşayıb, ölməyi seçdim.

Uşaqlıq arzumu gerçək etmişəm,

Mən şəhid olmuşam,

Əbədi həyatın şərabın içdim.

***

Anacan, ad günün mübarək olsun,

Qoyma gözlərində kədər-qəm olsun.

Vətənin bayrağın ucaltmışam mən,

Şəhidlik məzarım hədiyyəm olsun.

ŞƏHİD RUHU

Bu gün göyərçinin qanadlarında,

Yüksələn ruhuma baxır vətənim.

Üç rəngli bayrağın ayparasında,

Şəhidlik rəmzini taxır vətənim.

***

Anam nalə çəkib, diz çökən anda,

Tutun qollarından, qaldırın onu.

Mənsiz bükülməyə izn verməyin,

Oğul kölgəsitək qoruyun onu.

***

Vətənə qanımı halal etmişəm,

Bu haqq belə asan verilməz ələ.

Qalmasın düşməndə bu pak torpağım,

Yoxsa yaralarım ağrıyar hələ.

***

Allaha əmanət qoyub sizləri,

Əbədi cənnətə yol alıram mən.

Azadlıq uğrunda savaşan varsa,

“Şəhidlər ruhutək” yaşayar vətən.

UCA BAYRAĞIM

Uca bayraq, dalğalan,

Vətənin hər yerində.

Hər qarış torpağında,

Hər yazı, şeirində!

***

Qoy yazılsın tarixə,

Səndə olan qeyrətim.

Sən mərdliyin zirvəsi,

Ən ali məhəbbətim.

***

Dalğalan, çünki səni,

İgidlərim ucaltdı.

Düşməndən azad edib,

Canımıza can qatdı.

***

Ucal göylərə qədər,

Yüksəl, vətən bayrağım.

Düşməndə qalmayacaq

Bircə qarış torpağım.

***

Sən vətənin gözüsən,

Şərəfimsən, şanımsan!

Fəda olsun bu canım,

Damarımda qanımsan!

***

Dalğalan, hər fəsildə,

Keçsə də milyon il də.

Azərbaycan desinlər,

İz qoy hər bir nəsildə!