Poeziya buketi, nəğmə çələngi

Həsənxan Əsədov
ƏSGƏRİM
Olsa da yaralar nə qədər dərin,
Sildin alınlardan xəcalət tərin.
Göstərdin dünyaya Türkün hünərin,
Yaşa qüdrətinlə, yaşa, əsgərim,
Ali Baş Komandanla qoşa, əsgərim!
***
Yeni hərb tarixi yazdın adınla,
Əritdin mifləri zəfər odunla.
İgidin nə işi uşaq, qadınla,
Ümidlər çıxmadı boşa, əsgərim,
Yaşa, Komandanla qoşa, əsgərim!
***
Tikdin əllərinlə qeyrət qalasın,
Yuxusuz vicdanın hünər əsasın.
Narahat ruhların aldın qisasın,
Gəldin hər zəfərlə cuşa əsgərim,
Ali Baş Komandanla qoşa əsgərim!
***
Pozdu neçə ərən bahar növrağın,
Fəth etdi ölmüylə şəhidlik dağın.
Özündən ucaya sancdı bayrağın,
Əllərdə tac oldun başa, əsgərim,
Ali Baş Komandanla qoşa əsgərim!
***
Yağı Qarabağa həsrətlə baxır,
Sevinc göz yaşları üzümdən axır.
Həsənəm, az qala ürəyim çıxır,
Dəyməsin ayağın daşa, əsgərim,
Ali Baş Komandanla qoşa əsgərim!
***
Qələbən mübarək, sözün mübarək,
Əzmlə qoyduğun izin mübarək.
Verdiyin hər əmrin, yazın mübarək,
Xoş gəldin söyləyir Şuşa, əsgərim,
Ali Baş Komandanla qoşa, əsgərim!
YAŞA KÖNÜLLƏRDƏ
(Əmim nəvəsi şəhid – Rızalı Əli Nuru oğluna həsr edirəm)
***
Vətənçün yandırdın qeyrət ocağın,
Vermədin sevgini boşa, sən, Əli.
Şəhidlik zirvəsi açdı qucağın,
Od saldın qayaya, daşa, sən, Əli.
***
Ananı qoxuna qoymusan möhtac,
Yığıla yüz təbib, olmaz bir əlac.
Atanın arzusun elədin tarac,
Döndərdin ömrünü qışa, sən, Əli.
***
Səni ağuşuna basdı Qarabağ,
Sulandı qanınla müqəddəs torpaq.
Necə ayrılacaq ət ilə dırnaq?
Yaşa könüllərdə, yaşa, sən, Əli.
***
Öpdü igidini cığalı Bilnə,
Qocalı, cavanlı, çağalı Bilnə.
Çəkdi tellərinə sığalı Bilnə,
Tac oldun elində başa, sən, Əli.
***
Həsənəm, məzara gözüm zillənir,
Axır göz yaşlarım misram lillənir.
Üstündə üçrəngli bayraq yellənir,
Durmusan bayraqla qoşa, sən, Əli.
Yaşa könüllərdə, yaşa, sən, Əli.
SƏN, ŞƏHİD ANASISAN
Dünya yaşlı, qocadır,
Gölündə sonasısan.
Məqamın ən uçadır,
Sən, şəhid anasısan!
***
Qeyrətindən say verən,
Vətəninə hay verən.
İgid, ərən pay verən,
Sən, şəhid anasısan!
***
Göz yaşını sil, qızım,
Nə söyləmə dil, qızım.
Dik tut başın, bil, qızım,
Sən, şəhid anasısan!
***
Böyüdüb verdin ağıl,
Qeyrət taclı bir oğul.
Dillərdə oldu nağıl,
Sən, şəhid anasısan!
***
Oğul, üzün ağ olsun,
Məzarın nurla dolsun.
Vətən, başın sağ olsun,
Deyən, Türk sonasısan,
Sən, şəhid anasısan!
Sən, şəhid anasısan!

Tahirə Məğrur
ƏSGƏR NƏĞMƏSİ
Ay ellərim, obalarım,
Döyüşürük rəşadətlə.
Axı vurur ürəyimiz,
Yurdumuza məhəbbətlə.
***
Koroğludur, qoç Nəbidir,
Cəbhələrin önündədir.
Yurdun igid oğulları,
Yağıların önündədir.
***
Qoruyuruq namus ilə,
Azərbaycan torpağını.
Yurdun enməz bayrağını,
Cəsarətlə ucaldırıq,
Şuşamızda, Cəbrayılda.
VƏTƏN
Yurdum yetirmişdir ərənlər, ərlər,
Adınla başladı şanlı zəfərlər.
İndi qələbənlə öyünür ellər,
Sənin şöhrətinə qurbanam, Vətən.
***
Silahın doğradı düşmən bağrını,
Yağı duymamışdı belə ağrını.
Taxdın Murov dağa üç rəng bayrağı,
Şanlı qeyrətinə qurbanam, Vətən.
***
Zəfər andı olub, hünər qədəmi,
Vətənə məhəbbət ömrün hər dəmi.
Vuruşdun düşmənlə qəhrəman kimi,
Uca cürətinə qurbanam, Vətən.
***
Vətən, igidləri döyüşdə sına,
Tülkülər neyləyər qurd balasına.
Gedib məlhəm olum yurd yarasına,
Məğrur niyyətinə qurbanam, Vətən.
AZƏRBAYCAN ƏSGƏRİ
Otuz ilin son çağı,
Əldə vətən bayrağı.
Azad etdi torpağı,
Azərbaycan əsgəri.
***
Gözdə sevinc yaşları,
Çalındı zəfər tarı.
Məhv etdi yağıları,
Azərbaycan əsgəri.
***
Haqq, ədalət qazandı,
Düşmənin bağrı yandı.
Vətən müqəddəs andın,
Azərbaycan əsgəri.
***
Daha azad torpağım,
Sevinir Qarabağım.
Dalğalansın bayrağım,
Azərbaycan əsgəri.
Hazırladı Isa Ravan






























































































