Poeziya buketi, nəğmə çələngi

Rəhim Mehnət
AZƏRBAYCAN BAYRAĞIM
Dalğalanır göy üzündə,
Haqq, ədalət var sözündə.
Sən ucasan el gözündə,
Odum-ocağım, çırağım,
Azərbaycan bayrağım.
***
Üstündəki o üç rəngin,
Zənginlərdən daha zəngin.
Ay-ulduzlu şux ahəngin,
Doğmam, yaxınım, uzağım,
Azərbaycan bayrağım.
***
Əzəmətli, xoş görünüş,
Alnında yazılıb döyüş.
Sən yenilik, sən bir dönüş,
Anatək isti qucağım,
Azərbaycan bayrağım.
***
Ətəyində duman, çənin,
Şanım, şöhrətimsən mənim.
Qarşında diz çökür sənin,
Həm böyüyüm, həm uşağım,
Azərbaycan bayrağım.
AZƏRBAYCAN ƏSGƏRİ
Sən ey istiqlalıma, dizin-dizin sürünən,
Sən ey haqq amalına, bayraq kimi bürünən.
Sən ey yağılar üçün, zirvə təki görünən,
Dağlara sanc bayrağı, gətir geri illəri,
Azərbaycan əsgəri, doğrultdun ümidləri.
***
Cıdırında dəmir at, göyündə Simurq quşu,
Harayla Murov dağdan, yer titrətsin uçuşu.
Arxalı qayalara bənzəyir mərd duruşu,
Topla ləçəklərini, səp yollara gülləri,
Azərbaycan əsgəri, doğrultdun ümidləri.
***
Horadizdən en çaya, Araz geriyə axsın,
Zəngilan, Qubadlıya, Təbriz qürurla baxsın.
Yer-göy lərzəyə gəlsin, gurlasın, şimşək çaxsın,
Arxanda xalq dayanıb, sən sevindir elləri,
Azərbaycan əsgəri, doğrultdun ümidləri.
***
Şuşadan ayaq götür, çat Laçına, dayanma,
Kəlbəcər gözü yolda, Xankəndində dur, amma,
Qələbə yuxusundan oyanma e, oyanma.
Doğra tök torpağına, uzanan yad əlləri,
Azərbaycan əsgəri, doğrultdun ümidləri.
***
Qoşa ovuc su götür, Göyçənin göz yaşından,
Əyriqardan yola düş, aş Salvartı daşından.
Qapıçığa qar düşüb, çəkinmə heç qışından,
Durubdu pişvazına, Soyuğun zirvələri,
Azərbaycan əsgəri, doğrultdun ümidləri.
İGİDİM
(Şəhid qardaşımın xatirəsinə)
***
Vətən sənə qucağında yer verdi,
Ellər sənin yollarına gül sərdi.
Yurd-yuvanda qara geydi hər tərəf,
Səndən yana ürəkləri göynədi.
Əl çatmayan yerdə qaldın, igidim,
Lalə gülə alov saldın, igidim.
***
Və, o dağlar yataq oldu sizlərə,
Ehkam qurduz dərələrlə, düzlərə.
Yol çəkdiniz qanınızla bizlərə,
Sonda sizi yollar aldı, apardı,
Əl çatmayan, ün yetməyən zirvəyə,
Liman etdin bu torpağı, igidim.
***
Vaxt dayandı, zaman durdu o andan,
Ehsan oldu baxışların zamandan.
Yoldu saçın əzizlərin beləcə,
Sənli günlər xatirəyə qarışdı.
Əlçim-əlçim gözləri yaş bürüdü,
Lilli gəldi bulaqların, igidim.
***
Vücudunda yağı düşmən gülləsi,
Etibarın uca dağlar zirvəsi.
Yaşananlar şəhidlik salnaməsi,
Səs saldınız el-obaya, cahana.
Əsrlərə tarix yazdı qanınız,
Ləl səpdiniz bu Vətənə, igidim.

Şəhla Ramazanqızı
ANA TORPAQ
Ana torpaq, şəhid balam körpədir,
Analıq et, bağrına bas, donmasın.
Mən üstünü bayrağımla örtürəm,
Çox isitmə, quzu qəlbi yanmasın.
***
O qədər də cəfa verməz, gül balam,
Könül qırmaz mənim şirindil balam.
Ana qıymaz, mən demədim “öl”, balam,
Sən istədin, öldü, qəlbin sınmasın.
***
Üzülərdim, islananda ayağı,
Tək o idi atasının dayağı.
Sənə görə geyindi o dümağı,
Dedi “anam, məni özgə sanmasın”.
***
Üşütmürsən, gül balamın əllərin?
Bu yağışlar isladırmı tellərin?
Rəngi qaçır üstündəki güllərin,
Elə et ki, üzünə toz qonmasın.
MƏN ŞƏHİD OLMUŞAM
Ana, mən şəhid olmuşam,
Alışma, közünə qurban.
Ürəyində yaşat, bəsdir,
Ağlama, gözünə qurban.
***
Ata, mən şəhid olmuşam,
İgid üçün yar vətəndir.
Sən vüqarını itirmə,
Bil ki, oğlun burda şəndir.
***
Qızım, mən şəhid olmuşam,
Gələmmirəm görüşünə.
Həsrət qaldı bütün dünya,
O kişmişi gülüşünə.
***
Oğlum, mən şəhid olmuşam,
Yurd çağırdı, getməliydim.
Vətən mənim anamdırsa,
Mən oğulluq etməliydim.
***
Yarım, mən şəhid olmuşam.
Ürək qandır səndən sarı.
Bundan sonra sənə qaldı,
Mərd böyütmək balaları.
***
Vətən, mən şəhid olmuşam,
Özüm öz dünyamdan qaçdım.
Ana torpaq, qucaqlaşaq,
Qolunu aç, mən də açdım.
MİRAS QALIB HÜNƏR, CƏSARƏT BİZƏ
Bənövşətək kol dibində qalmadıq,
Boynu büküb, baş aşağı salmadıq.
Havamızı gizli-gizli almadıq,
Yaraşmırdı bunca əsarət bizə,
Miras qalıb hünər, cəsarət bizə.
***
Alovlandı nur ələyən şamımız,
Qəlbimizdə çiçəkləndi kamımız.
Qurd oyandı, kükrəyirik hamımız,
Babalardan yurdum əmanət bizə,
Miras qalıb hünər, cəsarət bizə.
***
Qarabağda bişir bayram aşımız,
Gözümüzdən axır sevinc yaşımız.
Daha isti olacaq hər qışımız,
Baş Komandan verdi zəmanət bizə,
Şəhidlərdi böyük fəxarət bizə.
Hazırladı: İsa Rəvan






























































































