Tarixlərdə yaşayacaq məşhur tarzən - Qurban Pirimov

Tarixlərdə yaşayacaq məşhur tarzən - Qurban Pirimov

30 Avqust 2020 08:31
Bəyəndim (3) Bəyənmədim (0)

Bu gün əfsanəvi tarzən, respublikamızın ilk xalq artisti Qurban Pirimovun anım günüdür.

Oxuməni.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib. O bildirib ki, bu il xalq artistinin anadan olmasının 140-cı, vəfatının 55-ci ildönümüdür:

"Bütün bu əlamətdar səbəblərlə və əfsanəvi tarzənin ruhuna ehtiram əlaməti olaraq Fəxri Xiyabana getdik, qəbrini ziyarət edib, ruhuna dualar oxuduq. Eyni zamanda, böyük ustadın nəticəsi və adını daşıyan Qurban Pirimovla geniş fikir mübadiləsi apardıq.

Qurban Baxşəli oğlu Pirimov XVIII əsrdə Qarabağda məşhur olmuş Aşıq Valehin nəticəsidir. O, XIX yüzilin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm trio, həm də orkestrin tərkibində mahir ifalar nümayiş etdirib. Hələ 15 yaşında olanda müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov Qarabağ el şənliklərində seçilən görkəmli xanəndələri müşayiət edib. Toyların birində xanəndə İslam Abdullayev ona bir yerdə işləməyi təklif edib. 1905-ci ildə Qurban Pirimovun taleyində uğurlu dönəm olub, çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.

Tarzən 1905-ci ildən ustad müğənni Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib. Q.Pirimov həmin fəaliyyəti dövründə ad qazanıb, Qafqaz, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.

O, Üzeyir Hacıbəylinin 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib.

Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda, 1934-cü ildə Tiflisdə keçirilən “Zaqafqaziya xalqlarının Olimpiadası”nda birinci yeri tutub, habelə 1939-cu ildə Moskvada keçirilmiş “Musiqiçilərin Ümumittifaq Baxışı”nın qalibi olub.

Ü.Hacıbəyli ilə, M.Maqomayevlə, Z.Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q.Pirimovun Azərbaycan peşəkar musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q.Qarayev, T.Quliyev, F.Əmirov, S.İbrahimova kimi bəstəkarlar tarzən Pirimovun iştirakı ilə bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.

Ustad tarzənimizə bir daha ulu Tanrıdan rəhmət diləyir, sənət yolunu davam və inkişaf etdirən, onun ruhunu şad edən sənətkarlarımıza uğurlar arzulayıram!”

Oxuməni.az