«Eurovision-2012»də iştirakdan imtina edən Ermənistanın cəzası rəsmiləşdi

«Eurovision-2012»də iştirakdan imtina edən Ermənistanın cəzası rəsmiləşdi

3 May 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının məlumatına görə, Avropa Yayımlar Birliyinin (EBU) qərarına əsasən, Ermənistan müsabiqədə iştiraka görə tələb olunan haqqı ödəməli, üstəlik cərimə olaraq bu məbləğin 50%-ni də əlavə verməlidir. Bundan əlavə Ermənistan İctimai televiziyası "Eurovision" mahnı müsabiqəsinin finalını canlı yayımla göstərməlidir. Ermənistan sözügedən qərara əməl etməsə, 2013-cü ildə keçiriləcək "Eurovision" müsabiqəsindən kənarlaşdırıla bilər. EBU nümayəndələri vurğulayıblar ki, cərimə barədə qərar müsabiqənin keçirilmə qaydalarına əsasən, Ermənistanın "Eurovision-2012"-də iştirakdan imtina etmə səbəbləri nəzərə alınmadan qəbul olunub.
Ermənistan rəsmi olaraq martın 7-də "Eurovision-2012"-də iştirakdan imtina edib. Bir qrup erməni müğənnisi ölkənin İctimai televiziyasına müraciət edərək müsabiqəni boykot etməyə çağırıb. Səbəb kimi onlar cəbhə xəttində erməni əsgərinin guya azərbaycanlı snayper tərəfindən vurulmasını göstəriblər. Lakin daha sonra həmin əsgərin öz hərbçi yoldaşı tərəfindən vurulduğu aşkar edilib.
Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsi mayın 22-26-sı tarixlərində Bakı şəhərində keçiriləcək.

O.M.