Bu dünyanı nağıl bilək...
Tanınmış bəstəkar, musiqişünas, Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadənin yaradıcılığına həsr olunmuş "Bu dünyanı nağıl bilək" adlı musiqili ədəbi-bədii gecə keçirilib. ANS PRESS-in məlumatına görə, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası tərəfindən təşkil edilib.
Gimnaziyanın rəhbərliyinin, müəllim və tələbə
heyətinin təşəbbüsü və səyi nəticəsində ərsəyə gələn yaradıcılıq gecəsində
tamaşaçılara olduqca maraqlı zəngin proqram təqdim edildi. Müəllimlər və tələbələrin
sevgi ilə hazırladıqları səhnəciklər bəstəkarın yaradıcılığına verilən yüksək
qiymətdən xəbər verirdi. Xalq artisti Flora Kərimovanın ifasında səslənən
"Ruhumuz qovuşacaq" mahnısı ilə hazırlanmış səhnəcik zalda əyləşənlərin
göz yaşlarına səbəb oldu. "Bu dünyanı nağıl bilək", "Tut
ağacı", "Məktəb illəri" və digər mahnılar üzərində qurulmuş səhnələr
də tamaşaçıların rəğbətini qazandı.
Gördüklərindən təsirlənən Aygün Səmədzadə gecənin
bu dərəcədə zəngin olacağını gözləmədiyini gizlətmədi və İncəsənət
Gimnaziyasının müəllim və tələbə heyətinə öz təşəkkürünü bu kəlmələrlə
çatdırdı: "İndiyədək çox konsertlərim, tədbirlərim olub. Amma heç biri bu
gecə kimi məni təsirləndirməyib. Mən bu gecədən həzz aldım... Düşünürəm ki,
buranın bir sənət ocağı olmasının tədbirin belə möhtəşəm alınmasında az rolu
olmayıb. Mən bu gecədə həm səhnədə, həm zalda musiqiyə olan böyük sevgini və ən
əsası səmimiyyət gördüm. Hər nömrənin böyük sevgi ilə hazırlandığını hiss
etdim. Gördüklərim və eşitdiklərimdən sonra özümü sizə borclu bilirəm. Bilmirəm
nə edim ki, sizin borcunuzdan çıxım".
Gecənin qonaqlarından olan bəstəkarın atası
Ziyad Səmədzadə də təəccübünü gizlətmədi: "Heydər Əliyev Sarayında Aygünün
iki dəfə böyük konserti təşkil olunub. Amma bugünkü gecə öz möhtəşəmliyi ilə
onları kölgədə qoydu!"
Gimnaziyanın direktoru Maya xanım mikrofonu əlinə
alıb bəstəkarın sözlərinə cavab olaraq: "Aygün xanım, siz bizi ancaq və
ancaq yeni-yeni bəstələrinizlə sevindirə bilərsiniz".
"Bu dünyanı nağıl bilək" musiqili ədəbi-bədii
gecəyə 100-ə yaxın mahnının müəllifi olan Aygün Səmədzadənin bəstələrini ifa edən
sənətçilər də - əməkdar artistlər Aygün Bəylər, Eyyub Yaqubov, Lalə Məmmədova,
müğənnilər Rəşad İlyasov, Ayaz Qasımov, Vüsal Hacıyev, Fidan Süleymanova və bəstəkarın
tələbəsi, skripka ustası Səlim qatılmışdılar.
Rəşad Haşımov Aygün Səmədzadənin "Ad
günü", Lalə Məmmədova "Məktəb illəri" və "Dəli eşq",
Eyyub Yaqubov "Yağış yağır bu şəhərə" və "Bakı haqqında
nağıl", Aygün Bəylər "Tut ağacı", Ayaz Qasımov "Ad günün
mübarək" və "Neyləyək, bu şəhər ikimizindir", Fidan Süleymanova
"Sevgi mahnısı, Vüsal Hacıyev "Gecikmiş etiraf" və "Azərbaycan"
mahnılarını ifa etdilər. Səhnəyə çıxan hər bir müğənni ifa etdikləri bəstələrə
görə bəstəkara öz xoş sözlərini bildirdilər.
Qeyd edək ki, İncəsənət Gimnaziyasında tanınmış
ziyalıların yaradıcılıq gecələrinin təşkil edilməsi artıq ənənə şəklini alıb.
İndiyədək gimnaziyada görkəmli bəstəkar, xalq artisti Arif Məlikov, xalq şairi
Nəriman Həsənzadənin, əməkdar incəsənət xadimi şair Baba Vəziroğlunun gecələri
keçirilib.
O.M.