ETSN-nin Milli Hidrometeorologiya Departamentində beynəlxalq təcrübə öyrənilir

ETSN-nin Milli Hidrometeorologiya Departamentində beynəlxalq təcrübə öyrənilir

24 Aprel 2019 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin (MHD) mütəxəssislərinə meteorologiya sahəsində dünyanın qabaqcıl xidmətlərindən biri olan və rəqəmsal modellərin, innovativ texnologiyaların geniş tətbiqi sahəsində fəaliyyət göstərən Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilmişdir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, treninqin məqsədi departamentin fəaliyyətinin təkmilləşdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin optimallaşdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsidir.

Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila öz təqdimatında Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, istifadəçilərə xidmət növləri və vasitələri, erkən xəbərdarlıq sisteminin iş prinsipləri, müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı məlumat vermişdir. Görüş zamanı MHD ilə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılmış, yerli mütəxəssislər üçün maraq doğuran çoxsaylı suallar cavablandırılmışdır.

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssislərinin dəstəyi ilə Milli Hidrometeorologiya Departamentində kadr hazırlığı üzrə fəaliyyətin gələcəkdə davam etdirilməsi planlaşdırılır.