
"Eurovision-2012" mahnı müsabiqəsi üçün Bakıya gələcək əcnəbilər üçün viza rejimi sadələşdirildi
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Fərmanda viza verilməsi üçün əsas hesab edilə biləcək
sənədlərin siyahısı verilib. Bu sərəncama əsasən, "Eurovision-2012" mahnı
müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa
Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni
təsdiq edən sənəd, yaxud "Eurovision-2012" mahnı müsabiqəsinin konsertlərinə
bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd viza verilməsi üçün əsas
hesab edilə bilər.
Fərmanda qeyd olunur bu fərmanın 1-ci hissəsində
göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
- "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi
tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa
Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş
iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən
iyunun 1-dək;
- Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun
olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə
"Eurovision-2012" mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər -
2012-ci il mayın 10-dan iyunun 1-dək.
Fərmanın 4-cü bəndinə əsasən, Nazirlər Kabineti
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslərə
ölkənin beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı
maddi-texniki təminat məsələləri və bu Fərmandan irəli gələn digər məsələləri
həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Eurovision-2012" mahnı
müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq
orqanlarına məlumat verməli, bu məlumatın Nazirliyin, habelə Azərbaycanın
xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya
ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Fərmanda Dövlət Miqrasiya Xidmətinə "Eurovision-2012"
mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza
prosedurlarının sadələşdirilməsi barədə Azərbaycana uçuşlar həyata keçirən
aviasiya şirkətlərinə məlumat vermək tapşırılıb.
O.M.