
Eldar Qasımov və Nigar Camal "2011-ci ilin adamı" elan olundular
"Çingiz Mustafayev Fondu" və ANS Şirkətlər Qrupu tərəfindən "Eurovision" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala "2011-ci ilin adamı" mükafatı təqdim edilib. Tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezident Seyfulla Mustafayev bu mükafatın 11-ci dəfədir verildiyini deyib. O bildirib ki, mükafat ilk dəfədir eyni anda iki şəxsə verilir: "Avropada Azərbaycan bayrağını qaldıran Eldar və Nigar bir rəmzə çevrildilər. Qalib gələn təkcə iki gəncin səsi deyildi, bu, hər birimizin birgə ucaltdığımız səs idi. Azərbaycan təbii ki, buna qədər də tanınırdı, amma etiraf edək ki, bu qələbə Azərbaycanı daha da məşhurlaşdırdı. Bütün Avropa Azərbaycan mədəniyyətini alqışlayırdı və bu qələbə məhz Azərbaycanın ayağına yazıldı, tarixə həkk olundu".
Daha sonra Eldar Qasımov və Nigar Camalın Düsseldorf səhnəsindəki
qələbəsini əks etdirən video-çarx nümayiş etdirilib. E.Qasımov mükafata layiq görülmələrindən
qürurlandıqlarını söyləyib. O bəyan edib ki, Azərbaycan növbəti illərdə də belə
qələbələr qazanacaq. N.Camal da öz növbəsində təşəkkürünü bildirib və bu
mükafatın çox dəyərli olduğunu vurğulayıb. "Çingiz Mustafayev Fondu" və ANS
Şirkətlər Qrupu tərəfindən onların hərəsinə 2 min manat pul mükafatı verilib və
saat hədiyyə olunub.
Məsul şəxslərin, diplomatik korpus nümayəndələrinin,
tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin sonunda Eldar və Nigar
onlara qələbə qazandıran "Running Scared"i ifa ediblər.
O.M.