Vüsalə Mahirqızı: “ONA APA-dan da güclü agentlik ola bilər” - VİDEO

Vüsalə Mahirqızı: “ONA APA-dan da güclü agentlik ola bilər” - VİDEO

25 Fevral 2019 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında ONA (Onlayn News Agency) rəhbəri Vüsalə Mahirqızı olub.

Qonağımız yeni yaranan agentlik, onunla bağlı planları, media sektorundakı durum və bu sektorun gələcəyi ilə əlaqədar suallara aydınlıq gətirib.

Müsahibimiz öncə media sektoruna APA yox, ONA kimi qayıtmalarının səbəbi barədə danışıb. Onun sözlərinə görə, APA yaxşı bir tarix idi və bunu bir çox ekspertlər zamanında da, indi də bildiriblər: "APA-nın gəlişi ilə Azərbaycan mediasında onlayn medianın, agentlik fəaliyyətinin yeni mərhələsi başlamışdı. APA-dan sonra çoxlu agentliklər yarandı, Azərbaycanda onlayn media infrastrukturu formalaşdı. Ənənəsi olan media qurumları ilə yanaşı, yeniləri də yarandı. Biz hesab elədik ki, yeni bir mərhələ başlayıb. Təkcə Azərbaycanda yox, bütün onlayn media sektorunda internetə münasibətlə, onlayn mediaya münasibətdə yeni trendlər yaranıb. Buna görə də bir rebrendinq yaxşı olardı deyə düşündük və qərar verdik".

Müsahibimiz bildirdi ki, hazırda bəzi marketoloqlar agentliyin adındakı "onlayn" ifadəsindən istifadə edilməsini tənqid ediblər. Müsahibimiz bu fikri bildirənlərin "onlayn olmayan xəbər agentliyi yoxdur" arqumentindən çıxış etdiyini xatırlatdı: "Bəzi sözlər, ifadələr var ki, öz hərfi mənalarından çıxırlar. Onlayn olmaq artıq brendləşmiş bir ifadədir. Onlaynlıq təkcə hərəkəti ifadə etmir. Bu, həm də bir məzmundur. Biz klassik informasiya agentliyi modelindən imtina edirik. Bu gün dünyanın illərlə mövcud olmuş agentliklərini yeniləri əvəz edirlər. Onlar o klassik strukturdan, hərəkətsizlikdən çıxa bilmirlər. Amma yeni, hərəkətli, sosial media trendləri ilə işləyən agentliklər önə çıxırlar. Tamamilə mənzərə dəyişir. Bəzi ölkələrdə ona portal, agentlik deyirlər. Azərbaycanın bütün bölgələrində ONA-nın müxbirləri olacaq. Dünyanın müəyyən nöqtələrində də ONA-nı təmsil edən əməkdaşlar olacaq".

ONA-nın Bakıda mərkəzi ofisi olduğunu xatırladan V.Mahirqızı bu dəfə daha çox müasir informasiya alətləri ilə işləmək istədiklərini vurğuladı: "APA olan zaman bizim internet televiziyamız vardı. O vaxt tamam fərqli format idİ. Amma indi ONA-da canlı yayınların verilməsi, xəbərlərin canlı, video ilə verilməsi, debatların təşkil olunması, sosial medianın bizə verdiyi çox ciddi piar avantajlarından istifadə etmək planımız var. Sosial şəbəkələr bütün informasiya alıcılarını bir yerə toplayıb. Orda informasiyanın bazarlama üsulları var... Bütün başlanğıclar gözəldir. Arzu edirik ki, tarixdə və media gündəmində APA qədər yeri olan bir media brendi yaradaq. Xobbimdir yeni brend yaratmaq".

"ONA-nı APA-ya çatdırmaq sizin üçün çətin olmayacaqmı", sualına cavabda V.Mahirqızı bildirdi ki, APA artıq bir tarix, Azərbaycan mediasının, tədqiqatçılarının yaxşı xatırladığı bir media orqanıdır. Müsahibimiz ONA-nın APA-dan da güclü trend olacağını istisna etmədi: "Mənim hər zaman iki məsələdə mövqeyim dəyişməz qalır: pis əməkdaş yoxdur, pis rəhbər var. Bir də sözlərin əhəmiyyəti yoxdur, onları brendə çevirməyin əhəmiyyəti var. Çox dəbdəbəli bir sözü götürərsiz və onun bir əhəmiyyəti olmaz. Hər şey həm də kollektivdən asılıdır. Kollektiv istəsə, ütək və ürəkli çalışmalar olsa, APA-dan da güclü agentlik ortaya qoya bilərik".

V.Mahirqızı APA-nın kollektivinin tam tərkibdə ONA-ya qayıtması ilə bağlı sualı cavablandırıb. Deyib ki, heyətin bir qismi geri qayıdıb: "İşlə təmin olunmayanlar da vardı, təmin olunanlar da. Etik olaraq keçmiş əməkdaşlarımızın bir qisminə müraciət etdik. Müraciət etdiklərimizdən əsaslı səbəbləri olanlar da oldu ki, dönə bilmədilər. Amma müraciət etdiklərimizin 90 faizi qayıtdı. Yeni işçilər, əməkdaşlar da var. Tamamilə yeni sahələrdə eksperimentlərimiz də olacaq - ciddi analitik departament qurmaq istəyirik. Gənclər cəlb etmişik. Yeni imzaların yetişdirilməsi ənənəmiz əvvəlcədən də vardı, indi də davam edəcəyik. İnformasiya texnologiyaları sahəsində əvvəlki ilə müqayisə olunacaq qədər daha çox əməkdaşlar cəlb etmişik".

Yeni agentliyin tərkibində TV yaradılması planına gəlincə, müsahibimiz dedi ki, indiki halda TV planı yoxdur, çünki bu iş çox çətindir: "Orda böyük kollektivə ehtiyac var. Açıq deyək ki, bu sahədə mənim üçün ən böyük sual peşəkarların tapılmasıdır. İnternet yayınının reklam qarşılığı o qədər də böyük deyil. Burda çox ciddi resurslardan, avadanlıqlardan gedir söhbət".

Oxucu suallarını cavablandırarkən V.Mahirqızı bu dönəmdə sınaqdan keçməyən dostlar məsələsinə də toxunub. Deyib ki, dostu hesab etdiyi adamlardan cəmi bir nəfər onun üçün ölüb: "Sıfırlanmaq bəzən çox yaxşıdır, stimuldur. Bəzən insanda rahatçılıq yaranır. Belə rahatçılığın olmaması, insanların update olunması yaxşıdır".

Real TV-nin rəhbəri Mirşahin Ağayevlə bağlı yönləndirilən sualın cavabında isə ONA rəhbəri bildirib ki, M.Ağayev Azərbaycan mediasının nəhənglərindən biridir. Bunun danılmaz imza olduğunu deyən müsahibimiz son 7 aylıq müşahidələrində onu həm də yaxşı dost kimi tanıdığını vurğulayıb: "Bu ərəfədə məni ən çox axtaran dostlardan biri də Mirşahindir".

Dinləyicilərdən birinin "Eynulla Fətullaevin APA-nın bağlanmasında hansı rolu vardı", sualını cavablayan müsahibimiz ümumiyyətlə, APA-nın bağlanmasında onun heç bir rolu olmadığını deyib: "Sadəcə fikirlərini yazmışdı. Jurnalistdir, amma o, danılmaz peşəkar jurnalistdir. Kimsə deyə bilməz ki, Eynulla biliksizdir, intellekti azdır. Bu gün Azərbaycanda 5-10 jurnalistin adını çəkirlərsə, o sırada mütləq Eynullanın adı var. Əsas o deyil ki, pisə, ya yaxşıya danışırlar. Əsas məsələ odur ki, laqeyd qalmırlar, səni etiraf edirlər. Eynulla etiraf edilən jurnalistdir. Eynullanın mənə münasibətinə, nəsə yazmağına görə onu peşəkarlığını dana bilmərəm. Məsələ başqadır ki, Eynulla niyə elə yazmışdı, Eynulla hansı məqamda necə aparır. Bunlar artıq şəxsi məsələdir. Xarakter məsələdir. Onunla elə bir münasibətimiz yoxdur. Biz onunla heç vaxt yaxın dost olmamışıq. Sabah üz-üzə gəlsək, yenə salamlaşacağıq. Eynulla ilə aramızda heç bir konflikt yoxdur".

V.Mahirqızı ONA-nın xəbər boşluğunu dolduracağı ilə bağlı hər hansı anons vermədiyini də bildirdi. Müsahibimiz belə bir iddialarının olmadığını dedi: "ONA-nın heç bir əməkdaşı, başda da mən heç vaxt "biz gəlirik, xəbər boşluğunu dolduracağıq" yazmayıb. Bunu yazan onlarla, minlərlə oxuculardır".

Tamaşaçılardan gələn "radikal müxalifətə yer verəcəksizmi?" sualına cavabda isə V.Mahirqızı dedi ki, hər kəsə eyni dərəcədə yer verirlər: "Biz o halda insanlara yer veririk ki, onlar bu tribunadan özlərinin dediklərini yeritmək üçün yox, xəbər mənbəyi kimi istifadə edirlər. Bura kiminsə piar orqanı deyil. Bura Azərbaycan dövlətinin piar orqanıdır. Cənab prezidentin bütün xəbərləri, görüşləri yüksəl səviyyədə ONA-da yayınlanacaq".

Sevinc TELMANQIZI,
"Yeni Müsavat"