Natiq necə ölə bilərdi, axı!..

Natiq necə ölə bilərdi, axı!..

25 Fevral 2019 06:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi insanlar var ki, adamın yaddaşına ilk gördüyü şəkildə köçür, sonradan o şəkli "redaktə" etmək çox çətin olur.

Natiq Qocayev də yaddaşımda 26-27 yaşlı gənc kimi qaldı – sonrakı "şəkilləri" ilk təəssüratımı heç dəyişmədi.

"Xalq qəzeti"ndə ustad Rauf Ağayevin tövsiyəsi ilə mətbuat haqda bir yazı hazırlayırdım. Həmin vaxt Hacı Eminin "7 gün"ünün əlavəsi ilə bağlı o nəşrə məsul Məşədi Əzizlə görüşüb müsahibə aldım. Məşədi ilə görüşümüz ayrı bir ovqatdır.

"Oxu məni"ni də axtardım və Natiq Qocayevlə onda tanış oldum. "Müxalifət"in çayxanasında görüşdük. Təxminən eyni yaşda idik.

- Xahiş edirəm, komplekssiz olaq, səmimi danışaq, - dedim.

- Niyə kompleksli olmalıyıq ki? – soruşdu.

- Rəsmi qəzetdənəm, bəzən ütülü danışırlar, ya "qalstukları evdə qalanda" bizə müsahibə vermirlər, ya da bəhanə edirlər - iqtidar qəzetidir deyə (O vaxt rəsmi qəzetin bu dərdi də vardı).

- Qələt edirlər. Sən narahat olma, mən YAP-çıyam...

- Baho, zibili çıxdı.

- Niyə?

- Ən bərk gedən medianın rəhbəri YAP-çıdır.

O qədər güldü ki!

Beləcə, səmimi bir ortam yarandı. Xeyli danışdıq, mövqeyini bölüşməsəm də, mətbuatın zamanın tələbi olduğunu, nələri qoruduğunu, nələri vermədiyini dedi. Həm də dedi ki, onun kimi düşünənlərin mediada olması yaxşıdır, yoxsa bu meydan boş qalar, bura elə adamlar gələr və elə şeylər verərlər ki...

Savadlı, medianı yaşından daha çox bilən (1998-ci ildə onun 26 yaşı vardı), həm də səmimi, mehriban bir gənc kimi yaddaşıma köçdü.

Xalid Kazımlının heç unutmadığım bir sözü var, deyir, biz bir-birimizin ya keçmiş, ya indi, ya da gələcək iş yoldaşlarıyıq. Çox haqlıdır. Ancaq nadir istisnalar var – üslubumuz Natiqlə bir yerdə işləmək şansı tanımırdı.

21 ildə ara-sıra, çox nadir hallarda "salam-sağol"umuz oldu, ancaq bu görüşmələr onun gənc, enerjili "şəklini" yaddaşımdan silmədi. İndi də fotosuna baxanda 47 yaşını yox, 26 yaşını görürəm.

Bu gün dünyasını dəyişməsi xəbərinə çox pis oldum. Həm də təsəvvür edə bilmirdim – o Natiq necə insult keçirə, dünyasını dəyişə bilər? O ki cavan, enerjili, sağlam bir adamdır?!

Axşamüstü mürgüləyəndə də yuxumda o idi – Nəşriyyatla üzbəüz, "Müxalifət"in çayxanasında idik. Eləcə gülürdü... Üzündən-gözündən məmnunluq yağırdı.

Allah sənə rəhmət eləsin, Natiq!

Anar