Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə edildi

Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə edildi

14 Fevral 2019 21:36
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə "İmamzadə" dini kompleksini ziyarət ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında "Göy günbəz", "Göy məscid", yaxud "Göy İmam" kimi tanınan "İmamzadə" dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirdi. Qeyd edildi ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.

Mehriban Əliyevaya və Leyla Əliyevaya Qurani-Kərim hədiyyə edildi.

"İmamzadə" əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşdü.

Qeyd edək ki, fevralın 14-də "İmamzadə" kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.

***

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar.

Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyac olduğunu bildirdi. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verildi ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək.

Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verdi.

***

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar.

Ev-muzeyinin direktoru İradə İbayeva muzey və onun nəzdində elmi-ədəbi tədqiqat şöbəsinin Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradıldığını bildirdi. 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.

Mir Cəlal Paşayevin ev muzeyinin Gəncə şəhərində fəaliyyət göstərməsi təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir.

Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.(axar.az)