
Azərbaycanda küçə reklamlarının cəmi 6 %-i Azərbaycan dilindədir
Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Küçə reklamlarında dövlət dilinin qorunması: real vəziyyət, problemlər və həlli yolları" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə qeyd olunub ki, SAMF-ın 2011-ci ilin noyabr ayında küçə reklamlarında Azərbaycan dilinin qorunması ilə bağlı keçirdiyi monitorinqin əsas məqsədi 30 sentyabr 2002-ci il tarixli "Dövlət dili haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətini öyrənmək və bu sahədəki mövcud problemləri üzə çıxarmaq olub. SAMF-ın icraçı direktoru Vüqar Tofiqli qeyd edib ki, fond 2010-cu ildən başlayaraq Azərbaycan dilinin dövlət səviyyəsində qorunması ilə bağlı monitorinqlər aparır. 2011-ci il noyabrda aparılan monitorinq Bakı şəhərinin mərkəzi hissəsinin əhatə edən 25 mərkəzi küçə və prospektlərdə mövcud olan 875 xidmət obyektini əhatə edib. Bu xidmət obyektləri paytaxtın dörd - Binəqədi, Nərimanov, Nəsimi və Səbail rayonlarında fəaliyyət göstərir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 %-i ingilis, 14 %-i rus, 12 %-i türk, 6 %-i Azərbaycan dilində, 3 %-i digər dillərdə olub. Bunların 47 %-i geyim, 16 %-i gözəllik salonu, 32 %-i iaşə obyektləri, 5 %-i digər obyektlərin payına düşür.
Daha sonra millət vəkili Sabir Rüstəmxanlı dilin ölməz olduğunu, ona xəyanətin yolverilməzliyini vurğulayıb: "Bu məsələ ümumi müzakirəyə çıxarılmalıdır. Bakının mərkəzində reklam adlarının Azərbaycan dilindən başqa dillərdə olmasını istəyən qüvvələr var. Buna bizim tərəfimizdən də biganəlik mövcuddur. Respublikamızda müəyyən etnik qruplar var ki, onlar Azərbaycan dilindən başqa bütün dillərdə reklam lövhələrinin olmasına çalışır".
O.M.