"Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri ilə bağlı kredit ayrıldı

"Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri ilə bağlı kredit ayrıldı

15 Dekabr 2011 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar elan etdiyi investisiya layihələrinin qəbulunu davam etdirir. Bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib. Onun sözlərinə görə, artıq kiçik və orta ölçülü xalçaların istehsalı ilə bağlı 3 investisiya layihəsinin maliyyələşdirilməsinə başlanıb. Bundan başqa, 130-dan artıq investisiya layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır: "Öz növbəsində fond tərəfindən bu mövzuda sahibkarlarla görüşlər keçirilir".

Xatırladaq ki, SKMF son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçiriləcəyini nəzərə alaraq, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksessuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib.
İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili daxildir. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

O.M.