
Yeni il şənliyi ilə bağlı Bakı Bulvarı işləri 90 faiz yekunlaşdırıb
Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verir ki, "Bakı Bulvar İdarəsinin "Qaynar xətt"i fəaliyyətini davam etdirir. "Qaynar xətt" nömrələrinə çoxlu zənglər gəlir. Müraciətlərin çoxu pulsuz attraksion aksiyaları ilə bağlı olur. Biz artıq 6 belə aksiya keçirmişik. Qış mövsümündə xidmətlərlə, qiymətlərlə bağlı müraciətlər azlıq təşkil edir". O bildirib ki, əgər "Qaynar xətt"ə edilən müraciət təsdiqini tapırsa, müvafiq şəxs tənbeh edilir, hətta işdən azad edilmə halları da olur: "Amma bəzi hallarda müraciətin hansısa adamın şıltaqlıqlarından qaynaqlandığı müəyyənləşir. Bəzən isə şikayətçi şəxs özü xahiş edib deyir ki, mənim məqsədim bu adamı işdən çıxarmaq deyil, sadəcə tənbeh etməkdir. Bəzən də xidmət yerlərində məsələn, ofisiant gəlib deyir ki, burda oturursunuzsa, stolun üstünə filan şirniyyatlar gəlməlidir. Belə şeylər qəti qadağandır və bunu edənlər cəzalandırılır. Şəhər sakinlərinə müraciət edirəm ki, belə hallar olanda bizim "qaynar xətt"ə müraciət etsinlər".
N. Məcidov bu il ərzində bulvar ərazisində fəaliyyət göstərən 15 nəfərin işdən
uzaqlaşdırıldığını bildirib: "Bunlar arasında köşklərdə satıcı, kafedə
ofisiant, attraksionlarda işləyən insan da olub. İşdən çıxarılanlar əsasən yay
mövsümündə cəzalandırılanlardır".
Yeni il şənliyi ilə bağlı Bakı Bulvarının ərazisində 8 yerdə şam ağacının quraşdırılması
planlaşdırılır. N. Məcidov deyib ki, ən böyük şam ağacı Kukla Teatrının
arxasındakı ərazisində olacaq: "Artıq buz meydançasındakı işlərin 90 faizi
yekunlaşıb. Sadəcə olaraq bayırda havanın hərarəti 10 dərəcədən aşağı olmalıdır
ki, buz meydançası fəaliyyət göstərsin. Bir sözlə, hava soyuyan kimi buz
meydançası işləyəcək. Qiymətlərə gəldikdə, buz meydançasına giriş haqları
qalxmayacaq".
O.M.