Həmyerlimiz Türkiyədə “İlin ən yaxşı aktrisası” seçildi

Həmyerlimiz Türkiyədə “İlin ən yaxşı aktrisası” seçildi

7 Dekabr 2011 04:51
Bəyəndim (0) Bəyənmədim (0)
11 yaşına qədər Bakıda böyümüş Nəsrin Cavadzadə vaxtın su kimi axıb keçdiyindən şikayətlənir

"Güzel Günler Göreceğiz" filmi ilə Türkiyədə "Altın Portakal" mükafatını alan Nəsrin Cavadzadə "İlin ən yaxşı yardımçı aktrisası" adına layiq görüldü. İndi isə o, "InStyle" jurnalı üçün 40-cı illərin qadını libasında foto-sessiya çəkdirir.

Türkiyə mətbuatının məlumatına görə, 11 yaşına qədər Bakıda yaşamış 29 yaşlı aktrisa o dövrləri belə xatırlayır: "Sovet cəmiyyətində həyat evdə daha maraqlı keçdiyi üçün ailəmə, qohumlarıma bağlı olmuşam. Balet dərsləri almaqla yanaşı, boş vaxtlarımda hekayələr yazmışam. Aktrisalığa da uşaq yaşlarımdan marağım böyük olub."

Həmyerlimiz daha sonra bildirib: "Bu sənəti seçdim, müəyyən yerlərə gəldim. İndi görürəm ki, 20 ildə ancaq balaca Nəsrinin xəyallarını həyata keçirməklə məşğul olmuşam. İndi də dayanmadan arzularım artır və mən o arzuları həyata keçirmək üçün yaşayıram. Vaxt isə su kimi axıb keçir."

Tanışlarının ifadələrinə görə, Nəsrin xəyalpərəst deyil. Hərdən bədbin də olur. Bununla belə, özünü tez bir zamanda vəziyyətdən çıxara bilir, çünki əzmli və işinə bağlıdır. Boş vaxtlarını aktiv istirahətə, əsasən də idmana, daha sonra isə saunada çimməyə həsr etməyi çox sevir.

"Al yazmalım" serialında Ayça, bu ay nümayiş olunacaq "Yanğın var" filmində Asya, fevralda ekranlara çıxacaq "Güzel Günler Göreceğiz" filmində Anna xarakterini canlandıran aktrisa A hərfi ilə başlayan hər 3 obrazın onun həyatının bəzi məqamlarını əks etdirdiyini bildirir.

Tanınmaqda olan həmyerlimiz son foto-sessiya layihəsi ilə bağlı jurnalistlərə açıqlama verərək deyib: "Geyimim çox xoşuma gəlir, rahatdır. Qadınlığa xələl gətirməyən paltarları sevirəm. 40-cı illər qadınının paltarına baxdıqca istər-istəməz fikirləşirəm: "Belə geyinən bir qadının həyatda nə edəcəyini kimsə deyə bilməz." Gündəlik qarderobumda bu cür paltarların olmasını çox istərdim, ancaq təəssüf ki, qaçaqaç həyat tərzində bu mümkün deyil".

Həyat teatrdır. Teatr isə qarderobdan başlayır...

Sərvər Aslanov

O.M.