Sərhədyanı ərazidə yerləşən qədim alban abidələrinin kimə məxsus olması dəqiqləşdirilir

Sərhədyanı ərazidə yerləşən qədim alban abidələrinin kimə məxsus olması dəqiqləşdirilir

1 Dekabr 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan və Gürcüstan arasında sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olması müvafiq qurumların xətti ilə dəqiqləşdirilir". Bunu jurnalistlərə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, xüsusilə sərhəd xəttində yerləşən və tərəflər arasında mübahisəli hesab olunan David Qareci məbədi ilə bağlı məsələ üzərində Mədəniyyət və Turizm Nazirliyi və AMEA işləyir: "Sovetlər dövründə albanşünaslığın zəif olmasından, Azərbaycan hökumətinin alban abidələrini zəif mühafizə etməsindən bəhrələnərək bu alban abidələrinə sahib olmağa çalışıblar. Bu abidələrin bəziləri ilə bağlı pravoslav və digər dinlərin, təriqətlərin nümayəndələri tərəfindən özününküləşdirmə cəhdləri olub. Müəyyən anlamda bəzi yerlərdə buna nail olublar". Ə. Həsənovun sözlərinə görə, hazırda Azərbaycan dövləti öz milli mədəniyyətinə, ənənələrinə, tarixinə sahib olduğu kimi, eyni zamanda Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid olan tarixi abidələrə sahiblik istiqamətində də fəaliyyət göstərir, onların öyrənilməsi, tədqiqi, bərpası və təbliği sahəsində işlər aparır: "Bu rakursda biz məsələni Gürcüstanla elmi və tarixi müstəvidə araşdırırıq. Düşünürük ki bu məsələ öz müsbət həllini tapacaq".

O.M.