"Eurovision-2012" müsabiqəsinin milli seçim turuna sənəd qəbulu yekunlaşıb

"Eurovision-2012" müsabiqəsinin milli seçim turuna sənəd qəbulu yekunlaşıb

26 Oktyabr 2011 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
119 namizəd qeydə alınıb

İctimai Televiziyada Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsi üçün milli seçim turuna sənəd qəbulu oktyabrın 25-də başa çatıb. Bakıda keçiriləcək müsabiqədə Azərbaycanı təmsil etmək istəyənlərin sayı 119 nəfərdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun verdiyi məlumata görə, yaxın günlərdə iddialıların ilk ələnmə prosesi başlayacaq. Professional münsiflər heyətinin seçdiyi şəxslər seçim turunun əsas mərhələsinə qatılacaqlar və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Məlum olduğu kimi, milli seçimin qaydaları ötən il olduğu kimidir. Ölkə təmsilçimiz münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.

Qeyd edək ki, ötən il Azərbaycana uğur gətirən bu şəffaf seçim üsulu "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi qaydası ilə eynidir və Avropa Yayımları Birliyi tərəfindən müsbət qiymətləndirilib. Bir neçə mərhələdən ibarət olan milli seçim turuna sənəd verənlər arasında ötən illərin yarışmalarında iştirak edənlər və tanınmış gənc müğənnilər, eləcə də digər ölkələrdə yaşayanlar var.

Layıq olan qazansın...

Hafiz Əhmədov

O.M.